Dövlət başçısının Naxçıvana Prezident kimi 17-ci səfəri bir daha göstərdi ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir. Son illərdə həyata keçirilən genişmiqyaslı layihələrlə yanaşı, yeni Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, sənayenin, turizmin və sosial sahələrin inkişafı nəzərdə tutulur.
Naxçıvan Sənaye Parkının yaradılması və onun tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası bölgənin iqtisadi və enerji potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, günəş və digər bərpaolunan enerji mənbələrinin inkişafı Naxçıvanın gələcəkdə mühüm enerji ixracatçısına çevrilməsi üçün yeni imkanlar açır.
Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkir. Bu layihə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, regionda yeni iqtisadi və tranzit imkanlarının formalaşmasına xidmət edəcək. Horadiz–Ağbənd avtomobil və dəmir yollarının tikintisi, Naxçıvan dəmir yolunun yenidən qurulması gələcək beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissəsi olacaq.
Dövlət başçısı Naxçıvanın tarixi-mədəni irsinin qorunması, sosial infrastrukturun yenilənməsi, yol və nəqliyyat problemlərinin həlli, turizm imkanlarının genişləndirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlərə də toxundu.
Bütün bunlar göstərir ki, Naxçıvan üçün qarşıdakı dövr sürətli inkişaf, yeni investisiyalar və regional inteqrasiya mərhələsi olacaq. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt Naxçıvanın iqtisadi, nəqliyyat və enerji imkanlarını daha da genişləndirərək onu regionun mühüm mərkəzlərindən birinə çevirməyə hesablanıb.
Mircəlil Qasımlı
Milli Məclisin deputatı
