Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
O bildirib ki, bu strategiyanın şəhərsalma baxımından əsas dayağı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plandır. Planın qarşıdakı illər üçün şəhərin inkişafını müəyyənləşdirməsi Naxçıvanın təsadüfi və pərakəndə deyil, uzunmüddətli və sistemli şəkildə inkişaf etdiriləcəyini göstərir. Əhalinin artaraq 130 min nəfər proqnozlaşdırılması, yaşayış fondunun genişləndirilməsi, yaşıllıq sahələrinin artırılması və velosiped infrastrukturunun yaradılması şəhərin daha müasir və rahat yaşayış məkanına çevrilməsini hədəfləyir. Baş Planın digər mühüm tərəfi Naxçıvanın tarixi kimliyinin müasir şəhərsalma ilə uzlaşdırılmasıdır. Şəhər mərkəzinin yenilənməsi, Naxçıvançay ətrafında yeni ictimai və rekreasiya məkanlarının yaradılması, yaşıllıqların artırılması şəhərin həm sakinlər, həm də turistlər üçün cəlbediciliyini yüksəldə bilər. Burada əsas məsələ müasir tikinti ilə tarixi şəhər mühitinin balansının qorunmasıdır. 518 mənzillik sosial ev kompleksinin təməlinin qoyulması da mühüm addımdır. Layihənin yalnız yaşayış binalarından ibarət olmaması, burada uşaq bağçası, xidmət obyektləri, yollar, yaşıllıqlar və mühəndis infrastrukturunun nəzərdə tutulması sosial mənzil siyasətinə kompleks yanaşmadan xəbər verir. Bu, yeni yaşayış məhəllələrinin insanların gündəlik ehtiyaclarını nəzərə alan formada qurulmasına imkan verəcək. Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması isə sosial xidmətlərin vətəndaşlara daha əlçatan olması baxımından əhəmiyyətlidir. 164 xidmətin “bir pəncərə” prinsipi ilə təqdim olunması xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün vaxt və resurs itkisinin qarşısını almağa imkan verəcək.
Deputat qeyd edib ki, Naxçıvanın gələcək inkişafında iqtisadi amil də xüsusi yer tutur. 310 hektarlıq Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi strukturunda sənayenin rolunun artırılması məqsədi daşıyır. Parkın fəaliyyəti yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu baxımdan sənaye parkı Naxçıvanın yalnız inzibati və istehlak mərkəzi deyil, həm də istehsal məkanı kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək.
Bu iqtisadi strategiyanın ən böyük potensiallarından biri isə nəqliyyat imkanlarıdır. Zəngəzur dəhlizinin reallaşması Naxçıvan üçün tamamilə yeni iqtisadi perspektivlər aça bilər. Energetika sahəsində həyata keçirilən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları Naxçıvanın bərpaolunan enerji potensialının reallaşdırılması baxımından diqqət çəkir. Günəş enerjisinin payının artırılması enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, təbii qaz istehlakının və karbon emissiyalarının azalmasına imkan yaradacaq. Naxçıvanın günəşli iqlimi nəzərə alınarsa, bu sahədə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün də potensial mövcuddur.
“Səfər çərçivəsində təqdim olunan layihələrə ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan proses kimi yanaşmaq lazımdır. Baş Plan şəhərsalma çərçivəsini, sosial layihələr insanların yaşayış şəraitini, sənaye parkı iqtisadi bazanı, dəmir yolu və Zəngəzur dəhlizi logistika imkanlarını, Günəş stansiyaları enerji təminatını, tarixi abidələrin bərpası isə mədəni-turizm potensialını formalaşdırır. Bu mənada Prezidentin Naxçıvana səfərinin əsas mesajı Naxçıvanın yeni inkişaf modelinin kompleks xarakter daşımasıdır. Qarşıdakı illərdə muxtar respublikanın həm daha rahat yaşayış məkanına, həm istehsal və investisiya mərkəzinə, həm də mühüm nəqliyyat və turizm qovşağına çevrilməsi üçün əsaslar yaradılır”, - deyə N.Aslanov nəzərə çatdırıb.
