Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri bildirib ki, son illərdə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasətdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də bu strateji xəttin davamı olmaqla yanaşı, region dövlətləri arasında qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Arzu Nağıyev qeyd edib ki, Azərbaycan və Qırğızıstanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Bu amillər siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini daha da əlaqələndirəcək, regional və qlobal məsələlərdə qarşılıqlı dəstəyi gücləndirəcək.
“Azərbaycanın Mərkəzi Asiya siyasəti yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Ölkəmiz Xəzər hövzəsini Mərkəzi Asiya ilə Avropa arasında etibarlı nəqliyyat, logistika və enerji körpüsünə çevirən əsas dövlətlərdən biridir. Orta Dəhlizin inkişafı, nəqliyyat marşrutlarının şaxələndirilməsi və enerji əməkdaşlığının genişləndirilməsi baxımından Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, – deyə komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, mövcud geosiyasi şəraitdə Mərkəzi Asiya regionunun beynəlxalq əhəmiyyəti sürətlə artır və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində ölkəmiz həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də digər beynəlxalq platformalarda inteqrasiyanın güclənməsinə mühüm töhfələr verir.
Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu səfər siyasi dialoqun dərinləşməsinə, iqtisadi və investisiya əməkdaşlığının genişlənməsinə, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin güclənməsinə, eləcə də Türk dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
/atributinfo.az/
