"Həkim peşəsi yalnız elm deyil, həm də vicdan, mərhəmət və insan ömrünə verilən ən müqəddəs dəyərdir."
Hər gün minlərlə insan müxtəlif xəstəliklərlə üz-üzə qalır. Kimi sağalacağına ümid edir, kimi isə son çarəni həkimdə görür. Elə həkimlər var ki, onların qəbul otağından insanlar təkcə müalicə alaraq deyil, həm də həyata yenidən bağlanaraq ayrılırlar. Çünki onlar yalnız xəstəliyi deyil, insanın ağrısını, ümidsizliyini və nigarançılığını da müalicə etməyi bacarırlar.
Belə nəcib insanlardan biri də tibb elmləri üzrə fəlsəfə doktoru, fleboloq-cərrah İsmayıl Mübariz oğlu Əsgərovdur.
İsmayıl Əsgərov 1 mart 1990-cı ildə Azərbaycan Respublikasının Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşdur. Hələ məktəb illərindən yüksək zəkası və çalışqanlığı ilə müəllimlərinin rəğbətini qazanmışdır. 1999-cu ildə sinifdən-sinifə keçid imtahanını uğurla verərək ikinci sinifdən birbaşa dördüncü sinfə keçməsi onun xüsusi istedadının və biliyinin göstəricisi idi.
2006-cı ildə Boradigah qəsəbə 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunmuşdur.
Tələbəlik illərində də yalnız dərslərdə deyil, praktik fəaliyyətində də fərqlənmişdir. 2009–2012-ci illərdə Kliniki Tibbi Mərkəzdə tibb qardaşı kimi çalışaraq gələcək cərrah kimi zəngin təcrübə toplamışdır.
2012-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək cərrahlıq ixtisası üzrə rezidenturaya qəbul olunmuş, 2017-ci ildə Respublika Klinik Xəstəxanasında rezidentura təhsilini uğurla başa vurmuşdur.
İsmayıl həkim daim öyrənməyi, bilik və bacarığını artırmağı özünün peşə borcu hesab etmişdir. Hələ 2009-cu ildə dövlət proqramı çərçivəsində Türkiyənin Ankara şəhərində yerləşən "İbni Sina Xəstəxanası"nın endokrinologiya şöbəsində ixtisasartırma kursu keçmişdir.
2015–2016-cı illərdə isə Ankara "Nümune Eğitim ve Araştırma Hastanesi"nin "Kronik yara polikliniği" şöbəsində təkmilləşdirmə kursunda iştirak etmiş, müasir damar və yara müalicəsi sahəsində dərin biliklər əldə etmişdir.
Peşə fəaliyyəti dövründə Türkiyə, Almaniya, İsveç, İtaliya, Latviya, Xorvatiya, Qazaxıstan və digər ölkələrdə keçirilən beynəlxalq elmi konqreslərdə iştirak etmiş, dünyanın aparıcı mütəxəssislərinin təcrübəsini öyrənərək Azərbaycan səhiyyəsində tətbiq etmişdir.
2018-ci ildən müxtəlif özəl tibb müəssisələrində çalışan İsmayıl Əsgərov hazırda Bakı şəhərində yerləşən "Olimp Hospital"da fleboloq-cərrah kimi fəaliyyət göstərir.
Elm yolunda da uğurla irəliləyən həkim 2019-cu ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun doktoranturasına qəbul olunmuş, 2024-cü ildə "Şəkərli diabeti olan xəstələrdə aşağı ətraf venalarının varikoz xəstəliyinin müalicəsində endovenoz lazer ablasiya nəticələrinin optimallaşdırılması" mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 27 noyabr 2025-ci il tarixli qərarı ilə ona tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
İsmayıl Əsgərov Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin, Baltik Fleboloqlar Cəmiyyətinin və Yaraların Menecmenti üzrə Avropa Assosiasiyasının üzvüdür.
Lakin bütün bu titulların fövqündə dayanan daha bir adı var – İNSAN HƏKİM.
Onu tanıyanlar deyirlər ki, İsmayıl həkim üçün xəstə sadəcə tibbi kart və ya növbəti əməliyyat deyil. Hər xəstə onun üçün bir ailənin ümidi, bir ananın övladı, bir övladın valideyni, bir insan taleyidir.
Məhz buna görə də onun qəbulundan çıxan insanların çoxu əvvəlcə həkimə deyil, insanlığına təşəkkür edir.
Belə həkimlər ağ xalat geyinsələr də, əslində insanların qəlbində ümid işığı yandıran müqəddəs insanlardır...
Ümidin yenidən doğulduğu gün
Bəzən bir insanın peşəkarlığını diplomları deyil, xilas etdiyi insan taleləri təsdiq edir. Mən bu həqiqəti öz həyatımda yaşadım.
Mən – Seymur İsmayılov, qədim Ağdam şəhərində anadan olmuşam. Qarabağ müharibəsi başlayanda Vətənin müdafiəsini özümə ən müqəddəs borc bildim və Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərliyi altında fəaliyyət göstərən Eldar Bağırov adına 845 saylı hərbi hissənin döyüşçüsü kimi döyüşlərə qatıldım.
Döyüş yolumuz ağır və şərəfli oldu. Bir çox uğurlu hərbi əməliyyatlarda iştirak etdim. Döyüşlərin birində yaralansam da, silahımı yerə qoymadım, döyüş yoldaşlarımı tərk etmədim və xidmətimi davam etdirdim. Çünki bizim üçün Vətənin taleyi hər şeydən üstün idi.
1993-cü ildə doğma Ağdam şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Minlərlə həmvətənimiz kimi biz də doğma yurdumuzdan didərgin düşərək Bakıda məskunlaşdıq. Müharibənin ağır nəticələri, köçkünlük həyatı və uzun illər yaşadığımız çətinliklər ailəmizin sağlamlığına da öz mənfi təsirini göstərdi.
Həyat yoldaşım Lalə İsmayılova uzun illər şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Sonralar yüksək arterial təzyiq də yarandı. 2020-ci ildə isə ayaqlarında ciddi problemlər başladı, hərəkəti məhdudlaşdı. Zaman keçdikcə qan dövranı daha da pisləşdi, ayaqlarında sağalmayan yaralar əmələ gəldi və qanqrena təhlükəsi yarandı.
Ümidimizi itirmədən müxtəlif xəstəxanalara, tanınmış həkimlərə müraciət etdik. Təəssüf ki, apardığımız müalicələr gözlədiyimiz nəticəni vermirdi. Hər keçən gün vəziyyət daha da ağırlaşırdı.
Həmin günlərdə
İsmayıl həkimin qəbulunda olduq .O, bizi böyük diqqət və mehribanlıqla qarşıladı. İsmayıl həkim həyat yoldaşımın vəziyyətini diqqətlə müayinə etdikdən sonra açıq şəkildə bildirdi ki, ayaqda qan dövranı ciddi pozulub və təcili müdaxilə olunmasa, amputasiya qaçılmaz olacaq.
Lakin bununla yanaşı bizə ümid də verdi. İlk növbədə damarların açılması üçün bizi Kəpəz Hospitalına göndərdi. Orada üç damar açıldıqdan sonra yenidən İsmayıl həkimin nəzarətinə qayıtdıq.
19 mart 2026-cı il tarixində İsmayıl həkim həyat yoldaşımı əməliyyat etdi. Ayağın xilas olunması üçün iki ayaq barmağının amputasiyası qaçılmaz idi.
Əməliyyata başlamazdan əvvəl dediyi sözlər bu gün də yaddaşımdadır:
"Göydə Allahdır, yerdə isə mənim biliyim, təcrübəm və məsuliyyətim. İnşallah, əlimizdən gələni edəcəyik."
Bu sözlər bizə böyük mənəvi dayaq oldu.
Əməliyyat uğurla başa çatdı. Həyat yoldaşımın ayağının xilas olunması üçün mübarizə davam edirdi. İsmayıl həkim hər müayinədə vəziyyəti diqqətlə izləyir, bizi ruhlandırır, ümidimizi daha da artırırdı.
Müalicə aylarla davam etdi. Bu çətin günlərdə ailəli olmasına baxmayaraq, sevimli qızımız gəlib anasının yanında qaldı, gecə-gündüz ona qulluq etdi, bütün ağırlığı öz üzərinə götürdü. O, əsl övladlıq borcunu ləyaqətlə yerinə yetirdi.
Beş ay sonra növbəti müayinəyə getdik. İsmayıl həkim yaraya baxdı, üzündə təbəssüm yarandı və dedi:
"Yaranız çox yaxşı sağalır. Siz xəstəyə çox düzgün qulluq etmisiniz."
Bu sözləri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Həyat yoldaşımın sağalmasını görmək mənim üçün dünyalara dəyər idi. O an qəlbimdə yalnız bir hiss vardı – sonsuz minnətdarlıq.
İsmayıl həkim təkcə yüksək peşəkarlığı ilə deyil, həm də insanpərvərliyi ilə seçilən həkimdir. O, ehtiyacı olan xəstələrə maddi dəstək göstərir, bəzən müalicə xərclərinin bir hissəsini öz üzərinə götürür, hər kəsə hörmət və qayğı ilə yanaşır.
Belə həkimlər cəmiyyətimizin qürurudur. Onların savadı, vicdanı və mərhəməti sayəsində minlərlə insan yenidən həyata qovuşur.
Bu gün ailəmiz adından İsmayıl Mübariz oğlu Əsgərova dərin minnətdarlığımızı bildirir, ona möhkəm cansağlığı, uzun ömür, yeni elmi uğurlar və müqəddəs peşəsində daha böyük nailiyyətlər arzulayırıq.
Dərin ehtiram və sonsuz təşəkkürlə,
Seymur İsmayılov
Ağdam şəhər sakini,
Eldar Bağırov adına 845 saylı hərbi hissənin veteran döyüşçüsü, qazi.
Mərhəmət də müalicənin bir hissəsidir
Həkimin peşəkarlığı uğurlu əməliyyatla başa çatmır. Xəstənin sağalmasında əməliyyatdan sonrakı qulluq, qayğı, diqqət və mənəvi dəstək də mühüm rol oynayır. Mən və ailəm bu həqiqəti öz həyatımızda yaşadıq.
İsmayıl həkimin rəhbərliyi altında çalışan tibb bacıları Hacıyeva Sara Sadıq qızı və Bədəlbəyli Lamiyə Yaşar qızı həyat yoldaşım Lalə İsmayılovanın müalicəsi dövründə gecə-gündüz böyük fədakarlıq göstərdilər. Onlar öz peşələrinə sevgi ilə yanaşır, hər bir xəstəyə doğmaları kimi qayğı göstərirdilər.
Sara xanımın təmkinli davranışı, mehriban münasibəti və yüksək peşəkarlığı, Lamiyə xanımın gülər üzü, qayğıkeşliyi və məsuliyyət hissi ailəmizin yaddaşında ən gözəl xatirələrdən biri kimi qalacaq.
Mən inanıram ki, xəstəyə vaxtında verilən bir təsəlli, səmimi bir təbəssüm, xoş bir söz bəzən ən təsirli dərman qədər qiymətlidir. Biz bu münasibəti İsmayıl həkimin rəhbərlik etdiyi kollektivdə gördük.
İsmayıl həkimin daha bir nəcib xüsusiyyəti isə onun xeyirxahlığıdır. O, maddi imkanı zəif olan xəstələrə həmişə anlayışla yanaşır, imkan daxilində müalicə xərclərinin bir hissəsini öz üzərinə götürür, heç kəsi ümidsiz və köməksiz qoymamağa çalışır. Bu, təkcə peşəkarlığın deyil, yüksək insanlıq keyfiyyətinin göstəricisidir.
Onu da xüsusilə qeyd edim ki, İsmail həkim 44 günlük müharibə dövründə Gəncədı Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında yaralı döyüşçülərin müalicəsi,həyatlarının xilas edilməsi və mürəkkəb cərrahi əməliyyatların uğurla həyata keçirilməsində böyük fədakarlıq və peşəkarlıq göstərmişdir.
Vətən qarşısında bu şərəfli xidmətlərində görə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən Fəxri Diplomla təltif olunmuşdur.
Bu gün ailəmiz adından tibb elmləri üzrə fəlsəfə doktoru İsmayıl Mübariz oğlu Əsgərova, eləcə də onun peşəkar komandasına – Sara xanıma və Lamiyə xanıma sonsuz minnətdarlığımızı bildiririk.
Allah bütün şəfa verən əlləri qorusun!
Allah İsmayıl həkimə möhkəm cansağlığı, uzun ömür, yeni elmi nailiyyətlər və minlərlə insana sağlamlıq bəxş etmək gücü nəsib etsin.
Belə həkimlər xalqın ən böyük sərvətidir. Çünki onlar yalnız xəstələri deyil, ailələri, ümidləri və insan talelərini də xilas edirlər.
Dərin hörmət və ehtiramla,
Seymur İsmayılov
Ağdam şəhər sakini,
Eldar Bağırov adına 845 saylı hərbi hissənin veteran döyüşçüsü, qazi.
P.S.
Seymur İsmayılovu uşaqlıq illərindən, doğma Ağdam şəhərindən tanıyıram. Ailələrimiz uzun illər bir-biri ilə dostluq edib. Böyük qardaşım Vaqif Allahverdiyev də Eldar Bağırov adına 845 saylı hərbi hissədə Seymurla çiyin-çiyinə xidmət etmiş, Vətən uğrunda ağır döyüş yollarını birlikdə keçmişdir.
Seymur qardaşımız dostluğa sədaqəti, Vətən sevgisi və yüksək insani keyfiyyətləri ilə seçilən mərd bir Azərbaycan oğludur. Müharibənin bütün çətinliklərini yaşamış, yaralansa da döyüş meydanını tərk etməmiş, bu gün də həmin mərdliyi və səmimiyyəti ilə hörmət qazanan qazilərimizdəndir.
Bir neçə gün əvvəl Seymur qardaşımız döyüş yoldaşı Rizvan ilə birlikdə mənə müraciət etdi. Onların yeganə arzusu ailələrinə yenidən sevinc bəxş edən, həyat yoldaşı Lalə xanımın ayağının amputasiya olunmasının qarşısını alan, onlara ümid və inam qaytaran İsmayıl həkim haqqında minnətdarlıq yazısının qələmə alınması idi.
Mən bu xahişi böyük məmnuniyyətlə qəbul etdim.
Bir fincan çay süfrəsi arxasında Seymur qardaşımızın danışdığı hər söz, hər xatirə, sevinc göz yaşları və minnətdarlıq hissi məni də kövrəltdi. Bu yazını qələmə alarkən bir daha əmin oldum ki, xeyirxahlıq heç vaxt unudulmur. İnsan ömrünü xilas edənlərə deyilən "çox sağ olun" bəzən ən böyük mükafat olur.
Bu gün cəmiyyətimizin belə savadlı, vicdanlı və mərhəmətli həkimlərə böyük ehtiyacı var. İsmayıl Əsgərov kimi həkimlər təkcə peşələrinin deyil, həm də insanlığın şərəfini ucaldırlar.
Belə insanların əməyini işıqlandırmaq isə jurnalist üçün həm mənəvi borc, həm də qürur mənbəyidir.
Rauf İLYASOĞLU
Jurnalist-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
