Elə insanlar var ki, onların ömür yolu təkcə ailəsinin deyil, bütöv bir cəmiyyətin yaddaşına çevrilir. Belə insanlar ömürlərini rahat yaşamaq üçün deyil, Vətənə, dövlətə, xalqa və qanunun aliliyinə xidmət etmək üçün yaşayırlar. Polis mayoru, I Qarabağ müharibəsi veteranı Rizvan Nizami oğlu Səfərov da məhz belə şəxsiyyətlərdən idi.
Rizvan Nizami oğlu Səfərov 5 fevral 1971-ci ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənd məktəbində başa vurduqdan sonra Bakı İnşaat Texnikumuna daxil olmuşdur. Təhsilinin ilk ilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və Almaniyada xidmətini ləyaqətlə yerinə yetirmişdir.
Vətənə qayıdanda artıq Azərbaycanın başı üzərini müharibə buludları almışdı. Ermənistanın torpaq iddiaları və silahlı təcavüzü getdikcə genişlənirdi. Belə bir ağır dövrdə Rizvan Səfərov tərəddüd etmədən doğma Qubadlının müdafiəsinə qalxdı. Rayonun yerli polis dəstələrinin tərkibində düşmənə qarşı döyüşlərdə mərdliklə vuruşdu, 1988-ci ildən etibarən sərhəd kəndlərinin müdafiəsində fəal iştirak etdi. Onun cəsarəti, qətiyyəti və Vətən sevgisi döyüş yoldaşlarının yaddaşında silinməz iz qoydu.
Müharibənin ən ağır günlərində göstərdiyi xidmətlər sonrakı həyat yolunda da davam etdi. 1992–1996-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ali hüquq təhsili aldı və ömrünü hüquq-mühafizə orqanlarında xidmətə həsr etdi.
Rizvan Səfərov Zaqatala, Balakən və Qax rayon polis şöbələrinin cinayət axtarışı xidmətində məsul vəzifələrdə çalışaraq peşəkarlığı, prinsipiallığı, dürüstlüyü və insanlara münasibətdə yüksək mədəniyyəti ilə seçildi. O, cinayətkarlığa qarşı mübarizədə qətiyyətli, vətəndaşlarla ünsiyyətdə isə mərhəmətli və ədalətli polis zabiti idi. Bu xüsusiyyətlər ona həm rəhbərliyin, həm də xidmət yoldaşlarının dərin hörmətini qazandırmışdı.
Polis mayoru rütbəsinə qədər yüksələn Rizvan Səfərov 2013-cü ildə öz arzusu ilə təqaüdə çıxdı. Lakin onun vətənpərvərliyi və ictimai fəallığı heç vaxt dayanmadı. O, gənclərlə görüşlərdə iştirak edir, zəngin həyat təcrübəsini bölüşür, Vətən sevgisini və dövlətçilik düşüncəsini təbliğ edirdi.
Rizvan müəllim həm də qələm adamı idi. Müxtəlif mövzularda yazdığı kitablar onun zəngin dünyagörüşünün, milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik hissinin ifadəsi idi. O inanırdı ki, söz də silah kimi Vətənə xidmət etməlidir.
Qubadlıya Qayıdış İctimai Birliyinin sədri, I Qarabağ müharibəsi veteranı İlham Məmmədov mərhum döyüş dostunu böyük ehtiramla xatırlayaraq deyir:
"Rizvan müəllim əsl dost idi. O, dostluğa xəyanət etməz, ehtiyac içində olanın əlindən tutar, xeyirxahlığı və mərdliyi ilə hər kəsin rəğbətini qazanardı. Döyüşdə necə cəsur idisə, həyatda da elə vicdanlı, dürüst və alicənab insan idi. Onun adı həmişə ehtiramla çəkiləcək."
Bu sözlər Rizvan Səfərovun şəxsiyyətini ən dolğun şəkildə ifadə edir. Çünki insanın əsl qiymətini onun haqqında deyilən səmimi xatirələr müəyyənləşdirir. O, həm döyüş meydanında, həm polis xidmətində, həm də gündəlik həyatında Vətəninə və xalqına sədaqətlə xidmət etmiş Azərbaycan oğullarından biri idi.
Bu gün Rizvan Nizami oğlu Səfərov cismən aramızda olmasa da, onun adı yaşadığı şərəfli ömürlə, göstərdiyi xidmətlərlə və qoyduğu mənəvi irslə yaşayır. Belə insanlar unudulmurlar. Onların ömür yolu gələcək nəsillər üçün vətənpərvərlik, mərdlik, dürüstlük və insanlıq dərsidir.
Allah Rizvan Nizami oğlu Səfərova rəhmət eləsin! Ruhu şad, məqamı uca olsun. Onun əziz xatirəsi doğmalarının, döyüş yoldaşlarının və onu tanıyan hər kəsin qəlbində daim yaşayacaq.
Rauf İLYASOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair- publisist
