Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü
Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəltməklə müstəsna yer tutur. Məhz bu baxımdan Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dünyada müharibədən qalib ayrılaraq sülhün siyasi və hüquqi əsaslarını yaradan yeganə lider kimi tarixə öz möhürünü vurub. Bu böyüklüyün əsl miqyası bəşəriyyət tərəfindən bu gün də, sabah da, zaman keçdikcə də daha dərindən dərk olunacaq, tarix isə ona layiq olduğu qiyməti verəcək.
Prezident İlham Əliyev işğalın, nisgilin və tarixi ədalətsizliyin yükünü xalqın çiyinlərindən götürən şanlı sərkərdə kimi artıq Azərbaycanın epoxal tarixinin ayrılmaz simasıdır!
Onun adı zəfər salnaməsinin ən parlaq səhifələrində qürur, ehtiram və sevgi ilə yazılıb, gələcək nəsillər tərəfindən də daim eyni hörmətlə xatırlanacaq. Necə ki, tarix xalqlarının taleyini dəyişən böyük sərkərdələri və dövlət xadimlərini unutmur, Prezident İlham Əliyevin adı da Azərbaycan dövlətçiliyinin ən şərəfli salnaməsində əbədi yaşayacaq. Düşməni döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğradan sərkərdə eyni zamanda qalib xalqın və qalib dövlətin lideri kimi sülh prosesinə də ləyaqət, qətiyyət və siyasi uzaqgörənliklə rəhbərlik etdi. 8 avqust 2025-ci ildə Birləşmiş Ştatlarda əldə olunan razılaşma və sülh sazişinin paraflanması bunun ən parlaq təzahürü oldu. Hərb meydanında tarixi zəfərin memarı, sülh masasında isə yeni tarixin müəllifi olan Ali Baş Komandan Azərbaycan dövlətçiliyinin gələcək əsrlərinə uzanan yeni bir epoxanın əsasını qoydu.
Diplomatiya meydanında da Azərbaycanın milli maraqlarını qətiyyətlə və ləyaqətlə qoruyan Prezident İlham Əliyev bu dəfə bütün dünyaya dövlətçilik, liderlik və əsl vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Paraflanan Sülh Sazişi ilə regionun gələcəyinə təsir göstərəcək mühüm razılaşmalar əldə olundu. Belə ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə xitam verilməsi məqsədilə birgə müraciət etmək barədə razılığa gəldilər. Eyni zamanda Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması istiqamətində əməkdaşlığın əsası qoyuldu. Bununla Azərbaycan uzun illər ərzində strateji əhəmiyyət daşıyan maneəsiz Naxçıvan bağlantısının təmin olunması yolunda mühüm diplomatik uğura imza atdı. ABŞ Prezidentinin 907-ci düzəlişin dayandırılması ilə bağlı qərarı isə Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı ölkəmizin artan beynəlxalq nüfuzunun və prinsipial mövqeyinin növbəti təsdiqi kimi tarixə düşdü.
Vaşinqton səfəri Azərbaycan ABŞ münasibətlərinin son illərdə keçdiyi mürəkkəb mərhələdə yeni dönüş yaratdı. Bayden–Blinken administrasiyasının ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli yanaşmanın yaratdığı gərgin siyasi mühit Prezident İlham Əliyevin ABŞ-da yüksək dövlət səviyyəsində qəbul olunması ilə əhəmiyyətli dərəcədə dəyişdi. Bu da Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və sivil dialoqa sadiqliyinin növbəti təsdiqi oldu. Keçirilən görüşlər və verilən siyasi mesajlarla Bakı ilə Vaşinqton arasında münasibətlərin qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişafı üçün yeni mərhələnin əsası qoyuldu. Prezident Donald Tramp tərəfindən Ağ Evin rəmzi açarının böyük lider İlham Əliyevə təqdim edilməsi ölkəmizin dünyanın aparıcı dövləti ilə son illərdə süni şəkildə gərginləşdirilmiş münasibətlərdə yaranmış düyünləri açan tarixi siyasi mesaj kimi yadda qaldı. Prezident Donald Trampın dövlət başçımıza xitabən səsləndirdiyi siz böyük lidersiniz sözləri və Ağ Evin rəmzi açarını yalnız çox nadir hallarda təqdim etdiyini vurğulaması Prezident İlham Əliyevin beynəlxalq siyasi nüfuzunun ən parlaq etiraflarından biri idi.
Beləliklə, Prezident İlham Əliyevin ötənilki Vaşinqton səfəri müasir tariximizin böyük siyasi hadisəsi oldu. Vaşinqtonda paraflanan sənədlər Cənubi Qafqazın gələcək siyasi xəritəsinin hansı prinsiplər üzərində qurulacağını ortaya qoydu. Ölkə başçısının qətiyyəti sayəsində region ilk dəfə olaraq sülhün, nəqliyyatın və iqtisadi inteqrasiyanın əsas məkanına çevrilmək imkanı qazandı. Azərbaycan lideri ölkəmizin milli maraqlarına tam cavab verən siyasəti ilə diplomatiya masasında da qalib tərəfin kim olduğunu dünyaya göstərdi. Prezident İlham Əliyev Vaşinqtonda paraflanan sənədlərlə formalaşan geosiyasi reallığın müəllifi, Cənubi Qafqazı sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı kimi tarixə düşdü. Ölkə başçısı qətiyyətli siyasəti ilə ən mürəkkəb geosiyasi düyünləri belə həll etməyə qadir olduğunu bu dəfə də tarix qarşısında təsdiqlədi. Tək cümlə ilə desək, bölgəni sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı İlham Əliyev cənablarıdır!
