YAP Qax rayon təşkilatının məsləhətçisi
Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev bu günlərdə Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə diqqəti bu statistik rəqəmlərə yönəltməklə qarşılıqlı səfərlərin dinamikliyi fonunda əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğuladı. Belə ki, 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər etdiyini söyləyən cənab İlham Əliyev bildirdi ki, həmin ölkələrdən həmkarları 26 dəfə Azərbaycanda səfərdə olublar. Statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həmçinin göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi, geoiqtisadi məkana çevrilib
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyi möhkəmlənir, tərəfdaş ölkələrlə münasibətlərini yeni istiqamətlər üzrə daha da inkişaf etdirir, eyni zamanda, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsü ilə çıxış edərək bunu real addımlarında təsdiqləyir. Bu gün strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Qırğızıstan əlaqələri dostluğun, qardaşlığın təzahüri kimi dəyərləndirilir. Ortaq tarix, mədəni əlaqələr, qarşılıqlı etimad iki ölkə arasında əməkdaşlığın inkişafını şərtləndirən əsas amillərdir. Prezident İlham Əliyevin dost, qardaş Qırğızıstana dövlət səfəri mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Prezidentlərin təkbətək görüşündə, mətbuata birgə bəyanatlarında, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə, Azərbaycan və Qırğız Respublikasının dövlət başçılarının təltif olunma mərasimində səsləndirilən hər bir çağırış münasibətlərin gələcək inkişafının təqdimatı oldu”.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi olub. Fondun büdcəsinin 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə qəbul edilən qərar iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyev qeyd etmişdir: “Bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir”.
Müasir dövrdə Azərbaycan–Qırğızıstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq modeli deyil, həm də türk dünyasında inteqrasiyanın uğurlu nümunələrindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, qəbul olunan qərarlar, imzalanan sənədlər və səsləndirilən strateji mesajlar göstərdi ki, iki qardaş ölkə qarşılıqlı etimada, ortaq maraqlara və ümumi gələcək baxışına əsaslanan müttəfiqlik münasibətlərini daha da möhkəmləndirmək əzmindədir. Bu əməkdaşlıq modeli regional sabitliyin, iqtisadi inkişafın, humanitar yaxınlaşmanın və türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verməyə davam edəcəkdir.
Azərbaycan xarici siyasətində türk dünyası ilə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Qırğızıstan isə bu siyasətdə etibarlı tərəfdaşlardan biridir. Əldə olunan razılaşmaların ardıcıl icrası, yeni iqtisadi layihələrin həyata keçirilməsi və siyasi dialoqun davamlı inkişafı Azərbaycan–Qırğızıstan münasibətlərini yaxın illərdə regionun ən dinamik və perspektivli əməkdaşlıq modellərindən birinə çevirəcəkdir.
