Sizin reklam burada
Sizin reklam burada
  • Prezident-xalq birliyi bu gün Azərbaycanın ən böyük sərvətidir ŞƏRH

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son iki onillikdə tarixinin ən şərəfli və ən qüdrətli inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının həyata keçirdiyi müdrik, uzaqgörən və prinsipial siyasətin mərkəzində hər zaman Azərbaycan dövlətinin milli maraqları, xalqımızın rifahı və ölkəmizin müstəqilliyinin daha da möhkəmləndirilməsi dayanır. Prezident İlham Əliyev bütün fəaliyyəti ilə daim sübut edib ki, onun üçün ən ali dəyər Azərbaycan dövlətinin və xalqının maraqları, mənafeyidir.

    Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyevin ən mühüm üstünlüklərindən biri onun gücünü və siyasi iradəsini xalqın etimadından almasıdır. Xalq–Prezident birliyi bu gün Azərbaycanın ən böyük sərvətidir. Məhz bu möhkəm birlik sayəsində ölkəmiz ən çətin sınaqlardan uğurla çıxıb, tarixi nailiyyətlər qazanıb və qarşıya qoyduğu strateji hədəflərə inamla çatıb. Xalqın iradəsinə söykənən siyasət dövlət idarəçiliyində sabitliyin, inkişafın və milli həmrəyliyin əsas təminatına çevrilib.

    “Bu gün Prezident İlham Əliyev beynəlxalq aləmin qəbul etdiyi nüfuzlu dövlət xadimlərindən biridir. Dövlətimizin başçısının qətiyyəti, prinsipial mövqeyi, yüksək diplomatik məharəti və milli maraqları hər zaman qətiyyətlə müdafiə etməsi ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Dünyanın aparıcı siyasi mərkəzlərində Azərbaycan Prezidenti etibarlı tərəfdaş, verdiyi sözə sadiq lider və regional proseslərə təsir göstərən siyasi şəxsiyyət kimi qəbul olunur.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən güclənərək maliyyə dayanıqlığına malik, strateji ehtiyatlarını formalaşdırmış və sosial rifahın yüksəldilməsini əsas prioritetlərdən biri seçmiş dövlətə çevrilib. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən nəhəng layihələr, qeyri-neft sektorunun inkişafı, müasir infrastrukturun yaradılması, kənd təsərrüfatı, sənaye, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində əldə olunan uğurlar ölkəmizin dayanıqlı inkişaf modelini formalaşdırıb. Bu gün güclü iqtisadiyyat Azərbaycanın müstəqil siyasət yürütməsinin ən mühüm dayaqlarından biridir”, - deyə deputat bildirib.

    C.Paşazadə vurğulayıb ki, güclü iqtisadiyyat, eyni zamanda, güclü ordu quruculuğuna da imkan yaradıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunun ən parlaq sübutu 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdir. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək tarixi ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad olundu və xalqımızın otuz ilə yaxın davam edən həsrətinə son qoyuldu. Sonrakı mərhələdə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin edildi və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu, müasir Azərbaycan tarixinin ən böyük siyasi və hərbi qələbəsidir.

    Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Regionda həyata keçirilən əsas enerji, nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısı məhz Azərbaycandır. Ölkəmiz müstəqil xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan və heç bir xarici təsir altında qərar qəbul etməyən dövlət kimi böyük nüfuz qazanıb. Azərbaycan artıq regional gündəliyi formalaşdıran və beynəlxalq əməkdaşlığa mühüm töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edilir.

    “Müasir dövrdə dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, terror təhlükələrinin və geosiyasi qarşıdurmaların artdığı bir şəraitdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və ictimai həmrəyliyin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin ən mühüm nəticələrindən biridir. Sabitlik bu gün ölkəmizin davamlı inkişafının, iqtisadi yüksəlişinin və vətəndaşların təhlükəsiz həyatının əsas təminatıdır.

    Tam əminliklə deyə bilərəm ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bu gün ölkəmiz güclü iqtisadiyyata, güclü orduya, müstəqil siyasətə, yüksək beynəlxalq nüfuza və xalq–iqtidar birliyinə malikdir. Bütün bunlar isə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji baxışının, qətiyyətli siyasi iradəsinin və Azərbaycan xalqına sədaqətlə xidmət etməsinin parlaq nəticəsidir”, - deyə o əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ