Sizin reklam burada
Sizin reklam burada
  • Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal informasiya siyasətinin uğurlu platformasıdır

    Rəhim Hacızadə
    YAP Qax rayon təşkilatının mühasibi:

    İyulun 13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu öz işinə başladı. Artıq ənənəvi xarakter alan Forum bu il də dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirdi. 53 ölkədən 160-a yaxın media nümayəndəsinin, 30-a yaxın beynəlxalq informasiya agentliyinin, 60-dan çox aparıcı media qurumunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı Forumun qlobal nüfuzunu bir daha nümayiş etdirdi.
    IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Azərbaycan artıq yalnız regionun deyil, həm də qlobal informasiya məkanının mühüm dialoq platformalarından birinə çevrilib. Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media diplomatiyasının mühüm mərkəzlərindən biri kimi çıxış edir.
    Forumun əsas əhəmiyyəti Qarabağda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa çatdırılmasındadır. Xarici jurnalistlər və ekspertlər işğal dövründə törədilmiş dağıntıları, eyni zamanda genişmiqyaslı bərpa və yenidənqurma işlərini yerində müşahidə edərək obyektiv məlumat əldə etmək imkanı qazanırlar. Bu yanaşma dezinformasiyaya qarşı mübarizədə, həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasında və Azərbaycanın həyata keçirdiyi quruculuq siyasətinin nümayiş etdirilməsində mühüm rol oynayır.
    Forum çərçivəsində Prezident İlham Əliyevin xarici media nümayəndələrinin suallarını cavablandırması beynəlxalq ictimaiyyət üçün xüsusi maraq doğurdu. Dövlət başçısı Azərbaycanın xarici siyasət kursu, regional təhlükəsizlik, enerji diplomatiyası, nəqliyyat-kommunikasiya layihələri və beynəlxalq münasibətlər sistemi ilə bağlı mühüm mesajlar verdi. Prezident vurğuladı ki, Azərbaycanın siyasəti qarşılıqlı hörmətə, əməkdaşlığa, milli maraqların qorunmasına və beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
    Çıxışın əsas istiqamətlərindən biri Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması idi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan postmünaqişə dövründə regionun gələcəyini əməkdaşlıq, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanmasında görür. Azərbaycanın təşəbbüsləri regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın formalaşmasına xidmət edir.
    Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq informasiya məkanında uzun illər müxtəlif dezinformasiya kampaniyaları və ikili standartlarla üzləşdiyini də diqqətə çatdırdı. Şuşa Qlobal Media Forumu məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xarici media nümayəndələrinin Qarabağa səfərləri, faktları yerində görməsi və obyektiv məlumat əldə etməsi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının ən təsirli vasitələrindən biridir.
    Prezident İlham Əliyevin Forumda səsləndirdiyi "Biz ancaq özümüzə güvənə bilərik" fikri isə Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən biri kimi xüsusi önəm daşıyır. Bu yanaşma göstərir ki, ölkənin uğurları güclü dövlət idarəçiliyi, milli birlik, müstəqil siyasət və xalqın dövlətə inamı üzərində qurulub. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi inkişaf, hərbi-siyasi uğurlar və beynəlxalq nüfuz məhz bu strateji kursun nəticəsidir.
    Forumda Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti də xüsusi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşına çevrilib. Müasir nəqliyyat infrastrukturu, enerji layihələri və qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir.
    IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan regional və qlobal proseslərdə fəal iştirak edən, dialoqa üstünlük verən, sülh və əməkdaşlığı təşviq edən etibarlı dövlətdir. Şuşadan dünyaya verilən mesajlar göstərdi ki, ölkəmiz bundan sonra da müstəqil xarici siyasət kursuna, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və milli maraqların qətiyyətlə müdafiəsinə əsaslanan inkişaf strategiyasını ardıcıl şəkildə davam etdirəcək. Bu baxımdan Şuşa Qlobal Media Forumu artıq təkcə media platforması deyil, Azərbaycanın həqiqətlərini, sülh gündəliyini və beynəlxalq əməkdaşlıq çağırışlarını dünyaya çatdıran nüfuzlu qlobal dialoq məkanı kimi öz mövqeyini möhkəmləndirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ