Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Polisi xalq və dövlətə - şərəflə, sədaqətlə xidmət edir

    Hicran Hüseynova
    Milli Məclisin Komitə sədri, professor

    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki: “Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir”. Azərbaycan Polisinin tarixini nəzərdən keçirəndə bir daha bu fikirlərin nə qədər həqiqi olduğunun bir daha şahidi oluruq. 108 illik çətin, lakin şərəfli yol keçən Azərbaycan polisi həm vətəndaşın təhlükəsizliyini təmin edib, həm də dövlətimizi, onun milli maraqlarını qoruyub.

    Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub. 1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və asayişin qorunmasında böyük təcrübə, yüksək bilik əldə edib. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın bir çox sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olunub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib. Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərdi.

    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, xalqın təkidi tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin daxili işlər orqanlarının fəaliyyətin daim diqqət mərkəzində saxlayıb. Onun 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

    Azərbaycan Polisi istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində daim ön cəbhədə vuruşub.1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb. DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də göstəriblər.Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

    Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

    Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayır. 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.

    Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilmişdir.

    Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı olaraq inkişaf edən daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

    Azərbaycan Polisi ölkəmizdə istənilən təxribatın qarşısının alınmasında yüksək peşəkarlığa malikdir.Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Amma hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir.

    Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirmək elə də asan məsələ deyil. Onlar öz sağlamlığını və bəzən də həyatlarını qurban verirlər. Bu müqəddəs yolda, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olan polis əməkdaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə səbr və mətanət arzulayırıq.

    Azərbaycan polisi hər bir anda vətəndaşın yanındadır. Biz buna dəfələrlə şahid olmuşuq. Onlar darda, çətin vəziyyətdə qalanlara öz kömək əlləriniz uzadırlar. Dəfələrlə onların bu peşəkarlığı, insanpərvərlikləri mediada işıqlandırılıb. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmdir və bu sabitliyin qorunmasında hüquq-mühafizə orqanlarının, o cümlədən polisin əvəzsiz rolu var.” Əminliklə deyə bilərik ki, Azərbaycan polisi bundan sonra da öz peşəsinə sadiq qalacaq, dövlətə və xalqa xidmət yolunda əzmlə çalışacaq.

    Bütün polis əməkdaşlarını 2 İyul – Polis Günü münasibəti ilə təbrik edir, çətin və məsuliyyətli fəaliyyətinizdə möhkəm cansağlığı, polad sarsılmazlığı, güclü iradə və yeni-yeni xidməti uğurlar arzulayıram!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ