Sizin reklam burada
Sizin reklam burada
  • Avropa İttifaqı prezident İlham Əliyevi güclü lider hesab edir

    "Regional və qlobal münaqişələr fonunda əsas ixrac kəmərləri, ənənəvi daşıma marşrutları və neft-qaz anbarlarının hədəfə alınması onsuz da enerji təchizatında problemlərlə üzləşən Avropanı ciddi sınaq qarşısında qoyub. Rusiya-Ukrayna müharibəsi başlamadan əvvəl belə özünün enerji təhlükəsizliyində Azərbaycanı əsas təminatçı olaraq görən Avropanın bu istiqamətdə Bakıya olan ehtiyacı hər gün daha da artmaqdadır. Son dövrlərdə Azərbaycana istər Avropadan, istərsə də bu qitə ilə enerji tədarükü sahəsində yaxından əməkdaşlıq edən ölkələrdən Azərbaycana edilən yüksək səviyyəli səfərlər də məhz bu ehtiyacdan irəli gəlir. Bu mənada Avropa Komissiyasının prezidenti Ursula for der Lyaenin Azərbaycana səfəri də xüsusi diqqət kəsb edir". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Nəcib Məhəməliyev deyib:

    "Avropa Komissiyasının prezidentinin ötən gün ölkəmizə baş tutan səfəri və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılan danışıqların mövzuları onu deməyə əsas verir ki, Avropa İttifaqı Bakı ilə münasibətləri təkcə enerji sahəsində deyil, həm də nəqliyyat, rəqəmsal bağlantı və regional təhlükəsizlik istiqamətlərində dərinləşdirmək niyyətindədir.

    Bildiyiniz kimi bu gün Avropanın 20-yə yaxın ölkəsi Azərbaycan qazını alır və həmin ölkələrdən 10-dan çoxu Avropa İttifaqının üzvüdür. Azərbaycan Avropaya daha çox qaz satmaqda maraqlı olduğu kimi, Avropa İttifaqı da eyni dərəcədə Azərbaycandan qaz idxalını artırmağı hədəfləyir. Bu mənada Ursula for der Lyaenin Azərbaycana səfəri həm də Bakı ilə enerji sahəsində əməkdaşlığının genişləndirilməsinə xidmət edir. Burada isə əsas diqqət ənənəvi enerji mənbələri ilə yanaşı alternativ enerji mənəbələri də mühüm rol oynayır. Bakıda Avropa Komissiyasının prezidenti ilə aparılan müzakirələrdən gəlinən nətivə ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın təbii qaz təchizatçısı kimi rolunu qorumaqla yanaşı, yaşıl enerji və Xəzərdən Avropaya elektrik enerjisinin ötürülməsi layihələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

    Bakı ilə Brüseel arasında nəqliyyat və logistika sahəsində əsas əməkdaşlıqda Orta Dəhliz mühüm rol oynayır. Ursula for der Lyaenin Bakı görüşlərindən gəlinən digər bir qənaət ondan ibarətdir ki, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit mərkəzlərindən biri kimi rolu daha da ön plana çıxır və Brüsseldə Bakı limanı, dəmir yolu əlaqələri kimi layihələrə maraq artır.

    Təbii ki, bütün bu əməkdaşlıq imkanları isə ilk növbədə sabitlik və təhlükəsizliyə bağlıdır. Avropa İttifaqı Azərbaycanın sülh gündəliyinə dəstək verməklə yanaşı, ölkə prezidenti Cənab İlham Əliyevi bu sahədə güclü lider hesab edir. Xanım Lyaenin bunu açıq şəkildə ifadə etməsi həm Azərbaycan Prezidentinin Avropada güclü lider kimi qəbul edildiyi, həm də Bakının Cənubi Qafqazda yaratdığı yeni reallıqların Brüsseldə qəbul olunduğunu təsdiqləyir.

    Nəticə etibarilə, Avropa Komissiyasının prezidenti Ursula for der Lyaenin Azərbaycana səfərini Bakı ilə Aİ arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsi kimi xarakterizə etməklə yanaşı, Brüsselin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə dəstəyi kimi də qiymətləndirmək olar".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ