Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan geniş coğrafiyada mühüm siyasi-iqtisadi mərkəzə çevrilib

    Bu gün Azərbaycan müstəqil xarici siyasəti, regional və beynəlxalq əməkdaşlığa, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də irəli sürdüyü təşəbbüslərlə beynəlxalq arenada diqqət çəkən dövlətlərdən biridir. Ölkəmizin irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə dəstək qazanması, Bakının ev sahibliyi etdiyi mötəbər tədbirlərin yüksək səviyyədə təşkili və geniş iştirakçı marağı bunun bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın siyasi, iqtisadi və humanitar proseslərdə fəal iştirak edən, Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş coğrafiyada mühüm siyasi-iqtisadi mərkəz kimi qəbul olunduğunu göstərir.

    Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

    “İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Bakıda keçirilməsi də bu reallığın növbəti təsdiqidir. Qeyd edək ki, Azərbaycan daha əvvəl – 2010-cu ildə də qurumun illik toplantısına ev sahibliyi edib. 1992-ci ildən bankın üzvü olan ölkəmiz təşkilatın 57 üzv dövləti arasında ən fəal tərəfdaşlardan biri hesab olunur. Bu amil də növbəti toplantının məhz Bakıda keçirilməsində mühüm rol oynayıb.

    Sözügedən tədbir yalnız maliyyə və iqtisadi məsələlərin müzakirəsi baxımından deyil, Azərbaycanın həm İslam dünyasında, həm də beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu toplantı ölkəmizin beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisi kimi qiymətləndirilə bilər”, - deyə deputat diqqətə çatdırıb.

    Deputatın sözlərinə görə, belə mötəbər beynəlxalq tədbirlərin əsasən siyasi sabitliyə və güclü iqtisadi potensiala malik ölkələrdə keçirilməsi təsadüfi deyil. Azərbaycan da məhz bu üstünlükləri sayəsində beynəlxalq təşkilatlar üçün cəlbedici məkanlardan birinə çevrilib. Ölkənin əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat-logistika marşrutlarının üzərində yerləşməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında oynadığı mühüm rol bu mövqeyi daha da gücləndirir. Son illər Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlər isə Azərbaycanın qlobal nüfuzunun artmasına əhəmiyyətli töhfə verib. Paytaxt artıq təkcə siyasi və iqtisadi müzakirələrin aparıldığı məkan deyil, həm də qlobal sülhün, təhlükəsizliyin, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunduğu beynəlxalq platforma kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Bakı Humanitar Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Zirvə Görüşü kimi tədbirlər Azərbaycanın tolerantlıq, multikulturalizm və əməkdaşlıq dəyərlərini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platformalar kimi çıxış edib.

    O qeyd edib ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun ən mühüm göstəricilərindən biri də COP29-a ev sahibliyi etməsi oldu. Bu qərarın yekdilliklə qəbul olunması və tədbirə çoxsaylı xarici nümayəndələrin qatılması beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadını bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi və digər beynəlxalq təşəbbüslərdə qazandığı dəstək ölkəmizin qlobal səviyyədə artan rolunu təsdiqləyir.

    “Ümumilikdə, Azərbaycanın hər il beynəlxalq əhəmiyyətli çoxsaylı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ölkənin siyasi sabitliyinin, iqtisadi gücünün və təşkilatçılıq imkanlarının göstəricisidir. Bu amillər Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş və sabitlik məkanı kimi mövqeyini daha da möhkəmləndirir, ölkəmiz haqqında müsbət imicin güclənməsinə xidmət edir”, - deyə deputat əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ