Sizin reklam burada
Sizin reklam burada
  • Regional siyasətdə Şuşa Bəyannaməsi

    Mətanət Səfərli
    YAP Nəsimi rayon təşkilatının əməkdaşı

    Regional təhlükəsizlik məsələsində Azərbaycanın həyata keçirdiyi siyasət qlobal siyasətin çağırışlarına cavab verir. Bu istiqamətdə imzalanan sənədlər, əldə olunan razılıqlar görülən işlərin məntiqi nəticəsidir. Bu nəticlərin fonunda Şuşa Bəyannəməsinin xüsusi rolu və çəkisi var. 2021-ci ilin iyununda Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında imzalanan bu strateji sənəd bir sıra aspektlərdən xüsusi əhəmiyyətə malikdir. Bəyannamədə Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regionda sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığı vurğulanır. Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etdiyi göstərilir.

    Təsadüfi deyil ki, dövlət başçı İlham Əliyev Şuşa Bəyannaməsi barəsində fikirlərini ifadə edərkən bu sənədin əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib: "Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik".

    Bəyannamədə xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir, bu istiqamətdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti vurğulanır.

    2010-cu ildə Türkiyədə dövlət başçısı İlham Əliyev və o zaman Türkiyənin baş naziri vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələrək iki ölkə arasında siyasi-iqtisadi münasibətlər daha yüksək səviyyədə qurulub. İki qardaş ölkə kimi beynəlxalq təşkilatlarda, regional məsələlərdə vahid mövqedən çıxış edən Azərbaycan və Türkiyə artıq regionun təhlükəsizliyində xüsusi paya malikdir.

    Onu da vurğulayaq ki, Şuşa Bəyannaməsində tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri bildirilir. Sənəddə belə bir müddəa da öz əksini tapır ki, tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsində, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

    Sənəddə diqqəti çəkən ən vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Azərbaycan və Türkiyə bir-birini qoruyacaqlar: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

    Sonda onu qeyd edək ki, Bəyannamənin əzəli-əbədi yurdumuz Şuşa şəhərində imzalanmasının rəmzi və tarixi mənası var. Bu onu deməyə əsas verir ki, ölkəmizin müstəqilliyini daimi, əbədi və dönməz edən qətiyyətli addımlardandır. Belə bir tarixi qərar müasir dünyamızda Azərbaycan və Türkiyəni daha da qüvvətləndirir, bir-birinə arxalanan, inanan, güvənən iki qardaş ölkəni regionda böyük gücə çevirir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ