Sizin reklam burada
Sizin reklam burada
  • İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

    İyunun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.
    Komitə sədri əvvəlcə Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb.
    Azər Əmiraslanov məsələ ilə bağlı bildirib ki, son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, rəqəmsal texnologiyaların tətbiqi fonunda nəqliyyat sektorunda müşahidə olunan inkişaf meyillərinə və bu sahədə meydana çıxan yeni çağırışlara diqqət çəkib. Bildirilib ki, bu qanun layihəsi də nəqliyyat sahəsində rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qlobal inkişaf meyillərinə uyğun olaraq hazırlanıb.
    Sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qanun layihəsi barədə ətraflı məlumat verib, sənədin konseptual baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, qanun layihəsi ilk növbədə avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı da daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün zəruri normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılmasını nəzərdə tutur.
    Nəqliyyat nazirinin müavini bildirib ki, avtonom nəqliyyat vasitələrinin və müasir texnologiyaların dünyada getdikcə daha geniş tətbiq olunması nəqliyyat sistemlərinin ənənəvi fəaliyyət modelini dəyişdirir və bu gün nəqliyyat sektoru tarixi əhəmiyyətə malik transformasiya dövrünə qədəm qoyur. Vurğulanıb ki, qanun layihəsində təklif olunan dəyişikliklər də rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi fonunda avtonom nəqliyyatın inkişafı üçün hüquqi əsasların yaradılmasına, nəqliyyat sisteminin təhlükəsizliyinin artırılmasına, iqtisadi səmərəliliyinin yüksəldilməsinə və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur.
    Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitənin sədr müavini Azər Badamov məlumat verib. O, bildirib ki, təklif olunan dəyişikliklər mopedlərin texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatına alınması, sürücülük vəsiqəsinin verilməsi məsələlərini tənzimləyir, müvafiq dövlət rüsumlarını müəyyən edir, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.
    Üçüncü məsələ olan “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara, beynəlxalq audit standartlarına və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd olunub ki, layihədəki dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsinə dair nəzarət mexanizmlərinin qanunvericiliklə uyğunlaşdırılması, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı məlumatların əldə olunması qaydalarının dəqiqləşdirilməsi, həmçinin dövlət auditi informasiya sisteminin yaradılması və audit fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi üçün hüquqi əsasların formalaşdırılması təmin ediləcək.
    Dördüncü məsələ olan Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Layihələrin idarəolunması şöbəsinin müdiri Zamir Dibirov məlumat verib. O, bildirib ki, qanun layihəsi “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun tətbiqinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi zamanı torpaq münasibətlərinin və digər əlaqəli hüquqi mexanizmlərin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
    Qanun layihələrinin müzakirəsində komitə sədri Azər Əmiraslanov, komitə sədrinin müavini Azər Badamov, komitə üzvləri Əli Məsimli, Tahir Mirkişili və Aydın Hüseynov çıxış edərək dəyişikliklər haqqında fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
    İclasda müzakirə olunan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
    Tədbirdə deputatlar Ziyad Səmədzadə, Heydər Əsədov, Vüqar Bayramov, Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Zaur Şükürov, Kamal Cəfərov, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Novruz Orucov, nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin departament direktoru Ramin Bayramov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüquq şöbəsinin müdiri Yeganə Balakişiyeva və digər rəsmi şəxslər iştirak ediblər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ