28 May — Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən şərəfli və qürurverici səhifələrdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə xalqımızın milli azadlıq arzusunun gerçəkləşməsi deyil, həm də Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasının qurulması kimi tarixi əhəmiyyət daşıyır.Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın əsrlər boyu yaşatdığı müstəqillik ideyasının siyasi və hüquqi ifadəsi idi. Qısa müddət mövcud olmasına baxmayaraq, Cümhuriyyət milli dövlətçilik ənənələrinin formalaşmasında, parlamentarizm mədəniyyətinin əsasının qoyulmasında, demokratik idarəçilik prinsiplərinin tətbiqində mühüm rol oynadı.
“Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində xalqımızın dövlətçilik tarixində silinməz izlər buraxdı. Bu dövrdə milli parlament yaradıldı, dövlət atributları təsis olundu, vətəndaşlıq institutu formalaşdırıldı, milli ordu quruculuğuna başlanıldı, təhsil, ədliyyə, diplomatiya və digər sahələrdə mühüm addımlar atıldı. Ən əsası isə Azərbaycan xalqı dünyaya sübut etdi ki, müstəqil dövlət qurmaq, onu idarə etmək və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq iradəsinə malikdir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Onun sözlərinə görə, Cümhuriyyətin ən böyük tarixi xidmətlərindən biri xalqımızın milli kimlik şüurunu dövlətçilik məfkurəsi ilə birləşdirməsi idi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik respublika ənənəsinin əsasını qoymaqla yanaşı, milli istiqlal düşüncəsini gələcək nəsillərə əmanət etdi.
Deputat bildirib ki, XX əsrin sonlarında Azərbaycan xalqı yenidən öz dövlət müstəqilliyinə qovuşsa da, müstəqilliyin qorunub saxlanılması olduqca çətin tarixi şəraitdə mümkün oldu. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti və xilaskarlıq missiyası sayəsində Azərbaycan dövlətçiliyi ağır sınaqlardan keçərək möhkəmləndi, ölkədə sabitlik təmin olundu və müasir inkişaf mərhələsinin əsası qoyuldu.
“Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinə hər zaman böyük ehtiramla yanaşmışdır. Üçrəngli bayrağımızın ilk dəfə rəsmi qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırılması da bu tarixi varisliyə sədaqətin parlaq nümunəsi idi. Bu, həm də göstərirdi ki, müstəqil Azərbaycan dövləti Cümhuriyyət ideallarının davamçısıdır”, - deyə deputat qeyd edib.
Mircəlil Qasımlı vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini daha da möhkəmləndirib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərə imza ataraq milli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandırdı.
Deputat əlavə edib ki, 28 May bu gün artıq yalnız keçmişə ehtiram günü deyil, həm də müstəqil və qüdrətli Azərbaycanın gələcəyə inamla baxdığını göstərən mühüm tarixi gündür:
“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün işğaldan azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu, həm Cümhuriyyət qurucularının, həm Ulu Öndər Heydər Əliyevin, həm də müstəqil Azərbaycan uğrunda acanından keçən şəhidlərimizin müqəddəs amalının təntənəsidir. 28 May Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli istiqlal ruhunun və azadlıq əzminin əbədi rəmzidir”, - deyə Mircəlil Qasımlı bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
