Sizin reklam burada
Sizin reklam burada
  • Mahir Süleymanlı Xaçmazda Müstəqillik günü tədbirində

    “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanın dövlətçilik irsinin təntənəsi” mövzusunda konfrans keçirilib.

    Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Ağalar Vəliyev, Mahir Süleymanlı, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov iştirak ediblər.

    Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

    Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra açılış nitqləri dinlənilib.

    Konfransı giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov müstəqil dövlətimizin formalaşması prosesində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandığını, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu bildirib.

    YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Ulu Öndər Heydər Əliyevin ana dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq ənənələrinin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

    Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında Azərbaycanın dövlət müstəqilliyi tarixindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. O, ölkə rəhbərliyinin təşəbbüsü ilə reallaşdırılan siyasi-iqtisadi islahatlar nəticəsində dövlətin qüdrətinin artdığını qeyd edib.

    Milli Məclisin deputatı Mahir Süleymanlı məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayışından sonra respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olunduğunu və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyini bildirib. O, həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) yaranma tarixindən danışıb, dövlətimizin son illər ərzində əldə etdiyi misilsiz nailiyyətləri diqqətə çatdırıb.

    YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlərin dövlətimizin artan nüfuzunun və beynəlxalq əməkdaşlıq imkanlarının göstəricisi olduğunu bildirib. O, həmçinin YAP-ın yerli təşkilatlarının bölgələrdə həyata keçirdiyi ictimai-siyasi fəaliyyətin əhəmiyyətini vurğulayıb.

    Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun yaradıldığını və Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin olunduğunu bildirib.

    Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir neçə yubilyar fəxri fərman və hədiyyələrlə təltif edilib. Həmçinin, YAP sıralarına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.

    Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

    Daha sonra instrumental ansamblın ifasında konsert proqramı təqdim olunub.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ