"Atributinfo.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, son illərdə rayon məktəblərinin müxtəlif yarış, müsabiqə və olimpiadalarda uğurla təmsil olunduğunu, məzunların ali təhsil müəssisələrinə qəbul göstəricilərinin yüksəldiyini və şagirdlərin intellektual potensialının inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, eyni zamanda bu uğurların müəllimlərin zəhmətinin, valideynlərin dəstəyinin və dövlətin təhsilə göstərdiyi diqqətin nəticəsi olduğunu diqqətə çatdırıb. Əldə olunan nailiyyətlərin gələcəkdə daha böyük uğurlar üçün stimul olduğunu qeyd edərək təltif olunan şagird və müəllimləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova və Saatlı rayonu Ə.Şüküroğlu adına Varxankənd kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov çıxış edərək təhsil sahəsində qazanılan nailiyyətlərdən, şagirdlərin intellektual və mənəvi inkişafında müəllim əməyinin mühüm rolundan danışıblar. Müasir dövrün tələblərinə cavab verən, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinin təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrindən olduğu, eyni zamanda əldə olunan uğurların müəllimlərin peşəkarlığının, məktəb-valideyn əməkdaşlığının və təhsil sahəsinə göstərilən dövlət qayğısının nəticəsi olduğu qeyd olunub.
Həmçinin çıxış edən Saatlı rayonu Q.Abduloğlu adına Gomuşçu kənd tam orta məktəbinin şagirdi, Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə qızıl medal qazanmış Hüseynova Aytəkin Əkbər qızı qazandığı uğurda müəllimlərinin və ailəsinin dəstəyinin mühüm rol oynadığını bildirərək göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.
Daha sonra uğur qazanmış məktəblilər və onların müəllimlərinə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Bəradər Səməndərli
"Atributinfo.az"
