Sizin reklam burada
Sizin reklam burada
  • Ulu öndər Heydər Əliyev hər zaman təhsilə dəyər verirdi

    İbrahim Cəfərov,
    akademik

    Müasir Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Xalqımızın tarixində silinməz iz qoymuş böyük siyasi xadimin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyaraq inkişaf yoluna qədəm qoymuş, dövlətçilik ənənələri daha da möhkəmlənmişdir.

    Ulu öndərin fəaliyyətində təhsil sahəsi xüsusi yer tuturdu. O, hər zaman bildirirdi ki, ölkənin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır.
    Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafını prioritet istiqamət hesab etmişdir.

    Hələ sovet dövründə onun təşəbbüsü ilə ölkədə yeni məktəblər, texnikumlar və ali təhsil müəssisələri yaradılmış, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil almasına şərait yaradılmışdır. Bu siyasət nəticəsində müxtəlif sahələr üzrə peşəkar milli kadrlar formalaşmışdır.

    Müstəqillik illərində də ulu öndər təhsilin inkişafına xüsusi diqqət ayırmışdır. O, təhsil sisteminin yenilənməsini, dünya standartlarına uyğunlaşdırılmasını vacib hesab edirdi. Onun rəhbərliyi ilə təhsil sahəsində mühüm islahatlara başlanılmış, məktəblərin maddi-texniki bazası gücləndirilmiş, müəllim nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılmışdır.

    Ümummilli lider Heydər Əliyev gənclərin xarici dillərə yiyələnməsini, müasir biliklər əldə etməsini və milli-mənəvi dəyərlərə bağlı böyüməsini daim ön plana çəkirdi.

    Ulu öndər gənclərə böyük ümid bəsləyirdi. O deyirdi: “Təhsil millətin gələcəyidir.” Bu fikir onun təhsilə necə böyük önəm verdiyini açıq şəkildə göstərir. Heydər Əliyevin əsas məqsədi güclü, savadlı və milli ruhda yetişən bir gənclik formalaşdırmaq idi.

    Bu gün Azərbaycan gənclərinin beynəlxalq uğurları, elm və təhsil sahəsində qazandıqları nailiyyətlər Ulu öndərin müəyyən etdiyi siyasətin nəticəsidir.

    Bu gün İlham Əliyev tərəfindən Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Ölkədə yeni məktəblərin tikilməsi, rəqəmsal təhsilin inkişafı, xaricdə təhsil proqramlarının genişləndirilməsi Azərbaycan dövlətinin təhsilə verdiyi önəmin bariz nümunəsidir.

    Ulu öndər Heydər Əliyev yalnız güclü dövlət qurucusu deyil, həm də Azərbaycan təhsilinin inkişafına böyük töhfələr vermiş dahi şəxsiyyət idi. Onun təhsilə göstərdiyi diqqət və qayğı bu gün də öz bəhrəsini verir və gələcək nəsillər üçün mühüm örnək olaraq qalır. Nə qədər ki, Azərbaycan dövləti var, xalqımız Ulu öndəri ehtiramla yad edəcək. Ruhu şad olsun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ