"Atributinfo.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Razi Nurullayev deyib. Rəqəmlərin dili ilə faktlara müraciət edən millət vəkili əlavə edib ki,.414,4 milyon manatlıq uyğunluq pozuntuları, 626,3 milyon manatlıq maliyyə təhrifləri və 342,9 milyon manatlıq səmərəsiz xərclər əslində ciddi həyacan siqnalıdır və Hesablama Palatasına səmərəli və sistemli işi üçün təşəkkürümü bildirirəm:
"Narahatedici məqam isə odur ki, 170,4 milyon manat birbaşa büdcəyə zərərdir və konkret məsuliyyət doğuran haldır.
Amma ciddi sual da var: bu rəqəmlərə görə cavabı kim verəcək? Hesabatlarda rəqəmlər var, amma konkret məsul şəxslərin adları və real hüquqi nəticələr cəmiyyətə açıq şəkildə təqdim olunmur. Mən bunu çox gözəl başa düşürəm və bilirəm ki, Bakı da bir günə tikilməyib. Zamanla hər şey düzələcək. Əsas odur ki, mərhələ-mərhələ də olsa biz irəliyə doğru ciddi addımlar atmaq istəyirik. 40,2 milyon manatlıq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi müsbət addımdır.
Razi Nurullayev vurğulayıb ki, xüsusilə narahatlıq doğuran məqamlardan biri də 28,7 milyon manatlıq sosial ödənişlərlə bağlı qərardır. Bu vəsaitlərin bərpası istiqamətində konkret tədbir görülməməsi, əvəzində ödənişlərin dayandırılması qərarının verilməsi sosial baxımdan mübahisə doğuran məsələdir. Burada səhvin nəticəsinin vətəndaşın üzərinə qoyulması abi-havası yaranır:
"Dövlət vəsaitlərinin daha səmərəli idarə olunması üçün şəffaflıq, real hesabatlılıq və fərdi məsuliyyət mexanizmini gücləndirməliyik ki, bu rəqəmlər növbəti illərdə də təkrarlanmasın.
Biz növbəti illər üçün pozuntuların aşkarlanması ilə yanaşı konkret məsuliyyət, açıq hesabatlılıq və ictimaiyyətə təqdim olunan real nəticələr üzərində də ciddi şəkildə işləməliyik. Milyonlarla manatlıq pozuntuların sadəcə statistika olaraq qalmasını heç birimiz istəmərik."- Deputat vurğulayıb.
