Sizin reklam burada
Sizin reklam burada
  • Şəhidlik zirvəsi

    Zəfər şəhidi Sübhan Həsənovun 25 yaşının tamam olması münasibətilə

    İkinci Qarabağ müharibəsində hünər göstərib ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan  biri də  Sübhan Rauf oğlu Həsənovdur. O, az yaşasa da, layiqli bir övlad kimi  müqəddəsliyinə tapındığı Vətən qarşısında son borcunu şərəflə verib. 19 illik mənalı ömür yolu və şəhidlik zirvəsinə ucalmaqla zaman-zaman unudulmayan, örnək olası bir tarix yazıb. İndi adı dillərdə qəhrəmanlıq dastana dönən Sübhan Həsənov  həm də dövlət tərəfindən ölümündən sonra «Vətən uğrunda», “Cəsur  döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”  medallarına layiq görülüb.
    26 iyul 2001-ci ildə Masallı şəhərində dünyaya göz açan Sübhan hələ uşaq yaşlarında təmiz ürəkli, vicdanlı, qeyrətli Vətən oğlu olaraq el-obada sevilib. Doğma Azərbaycanın daşına, torpağına ürəkdən bağlandığı üçün 2019-cu ilin 30 iyul tarixində ordu sıralarına mənfur düşməndən onun qisasını almaq arzusu ilə yola düşüb. Və evdə dedikləri də belə olub: “ Xalqımızın pozulmaz qəhrəmanlıq tarixi vardır. Vətən, torpaq uğrunda can qoyan polad biləkli igidlərimiz çox olub. Bütün bunlara görə erməni  dığaların hərəkətləri məni narahat edir. Məqamı gəlsə  Vətən naminə son damla qanıma qədər onlarla döyüşüb, bacınızı uca edərəm.”
    Əsgərliyə cəbhə bölgəsində başlayan  Sübhan Həsənov canından artıq sevdiyi Vətəninə sədaqətlə xidmət edib.  Cəsurluğu, çevikliyi, vətənpərvərliyi, nümunəvi davranışı, dosta etibarı ona əsgər və zabitlərin rəğbətini  qazandırıb. Doğma Azərbaycana sevgisi bir an belə azalmayıb. Onun ərazi bütövlüyü naminə düşmənə qalib gəlməkdən ötrü təlimlər zamanı verilən tapşırıqları vaxtında və yerinə yetirib, hər şeyə hazır durub. Üstəlik sərraf snayperçi kimi də yaxşı tanınıb.
    Beləcə  Vətəni üçün  hər an canından keçməyi özünə şərəf bilən igid əsgər Sübhanın ordudan tərxis olmağına  saylı günlər qaldığı vaxt  44 günlük haqq savaşımız başlanıb.  O, da əlinə silah alıb qeyrətli oğullar cərgəsində ən ağır döyüşlərə qatılıb.  Elə ilk gündən düşmənə qan qusdurub,   cəsurluğunu müharibə meydanında təsdiq edə bilib.  Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı  mərdliklə döyüşərək  azad olunmuş Vətən torpaqlarında hər dəfə  üç rəngli  bayrağımız  ucalananda qələbəmizə ürəkdən inanıb. Və bu inamla da neçə-neçə ölüm-dirim savaşında ermənı dığaların canlı qüvvəsinə, texnikasına ciddi tələfat  verməklə  zəfərlə çıxıb.  Sübhan son döyüş gün də Vətənin azadlığı uğrunda gözünü qırpmadan özünü odun-alovun  içinə atıb. Son nəfəsə qədər düşmənə sarsıdıcı zərbələr vurub.  Bu, hünəri onunla çiyin-çiyinə döyüşən  yoldaşlarını heyran qoyub...
    İndi Sübhan Həsənov  cismən aramızda yoxdur. Nə qəm. Çünki o, göstərdiyi  igidliklə  yolunda can qoyduğu Vətən səmasının əbədi parlaq  günəşinə dönərək  hər bir Azərbaycanlının qəlbindədir.  Həmçinin  şanlı tarixə malik bir xalqın rəşadətli oğlu olmaqla, onun səpdiyi qəhrəmanlıq toxumları elə bizim xoş gələcəyimiz naminə neçə-neçə ürəkdə cücərir.

    Zəfər Orucoğlu,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ