Forum həm də qərara alıb ki, Qarabağ məsələsi və qondarma “erməni soyqırımı”nın beynəlxalq arenada tanınması yenə də diaspor üçün prioritet olaraq qalır.
Hətta forumdan sonra özünü “Artsax parlamentinin spikeri” adlandıran Aşot Danielyan mövcud olmayan “dövlət”in adından diaspor nümayəndələrini “artsax ermənilərinin hüquqlarını müdafiə etdiklərinə görə” mükafatlandırıb. Parisdə keçirilən bu forum formal olaraq “əməkdaşlıq platforması” kimi təqdim edilsə də, mahiyyət etibarilə Ermənistan daxilində siyasi proseslərə xaricdən təsir cəhdi kimi qiymətləndirilə bilər. Xüsusilə də diaspor nümayəndələrinin açıq şəkildə seçkilərə müdaxilə xarakterli çağırışlar etməsi, bu qurumların artıq yalnız ictimai və mədəni fəaliyyətlə kifayətlənmədiyini, siyasi aktora çevrildiyini göstərir. Diqqət çəkən əsas məqam isə odur ki, Qarabağ məsələsi reallıqda artıq bağlanmış bir mövzu olsa da, diaspor bunu hələ də əsas gündəm kimi saxlayır. Bu isə onu göstərir ki, bəzi dairələr üçün məsələ hüquqi və ya siyasi reallıqdan daha çox, maliyyə və təsir aləti olaraq qalır. Eyni zamanda qondarma “soyqırım” iddialarının yenidən prioritet kimi qabardılması da klassik diaspor ritorikasının dəyişmədiyini sübut edir. Forumdan sonra “Artsax” adı altında aparılan simvolik “mükafatlandırma” isə reallıqdan uzaq, daha çox daxili auditoriyaya hesablanmış addım kimi görünür. Mövcud olmayan bir qurum adından verilən bu cür mesajlar diasporun hələ də illüziyalar üzərində siyasət qurduğunu göstərir.
Ümumilikdə, bu proseslər Ermənistan cəmiyyəti üçün ciddi seçim yaradır: ya xaricdə formalaşan radikal gündəmin təsiri altında qalmaq, ya da regionda yaranmış yeni reallıqlarla hesablaşaraq daha praqmatik siyasi xətt seçmək. Bu baxımdan qarşıdakı dövrdə Ermənistan daxilində diaspor təsirinə münasibət əsas müzakirə mövzularından birinə çevrilə bilər. Əsas sual isə budur: Ermənistan cəmiyyəti bu çağırışlara necə reaksiya verəcək?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com bu mövzuda olduqca ilginc məqamlara toxundu:
“Bu məsələni real proseslər və maraqlar prizmasından təhlil etmək daha faydalıdır. Məlumdur ki, diaspor faktorunun Ermənistan siyasətində rolu yeni deyil. Bu icmalar həm maliyyə, həm də siyasi təsir baxımından həmişə əhəmiyyətli olub. Paris kimi mərkəzlər isə bu fəaliyyətin əsas platformalarından biridir. Belə forumların keçirilməsi də bu kontekstdə gözləniləndir. Təbii ki, əsas faktor olmasa da, diasporun seçki proseslərinə təsir cəhdi hüquqi baxımdan mümkündür, lakin koordinasiyalı siyasi kampaniyaya çevriləndə bu, ölkədaxili siyasi balanslara təsir kimi qəbul olunur. Bu isə Nikol Paşinyan hakimiyyəti ilə müxalif qüvvələr arasında onsuz da mövcud olan gərginliyi artıra bilər. Qarabağ məsələsinə gəlincə, bu xətt daima təsir mexanizmi kimi istifadə edilib və diasporun bu məsələni gündəmdə saxlaması siyasi lobbiçilik aləti kimi istifadə səbəbindəndir. Bir çox ölkələrin diasporları oxşar davranış sərgiləyir. Eyni zamnda bu, müəyyən auditoriyaya mesaj vermək məqsədi daşıyır və psixoloji təsir aləti kimi qiymətləndirilir”.
Deputat gələn həftə Avropa İttifaqının Ermənistanda müşahidəçilərinin sayını artırmaqla bağlı yekun qərar verilə biləcəyi haqda da mövqe bildirdi:
“Hesab edirəm ki, rəsmi Bakının reaksiyasından bəhs edərkən emosional və sərt reaksiyadan da effektli yollara müraciət olunmalıdır. Ən effektiv xətt adətən, üç istiqamətdə qurulur: birincisi, diplomatik kanallarla mövqenin çatdırılması - xüsusilə Avropa İttifaqı kimi qurumlara; ikincisi, hüquqi arqumentlərin və beynəlxalq hüquqa istinadın gücləndirilməsi; üçüncüsü, informasiya müstəvisində balanslı, faktlara əsaslanan əlaqələrin qurulması. Belə bir durumda Avropa İttifaqının Ermənistandakı müşahidəçilərinin artırılmasına gəldikdə, bu məsələ də Avropa İttifaqının regionda daha aktiv rol oynamağa çalışdığını göstərir. Bu, həm təhlükəsizlik, həm də Rusiya ilə təsir balansı ilə bağlıdır. Zənnimcə, bu forumların keçirilməsində bir dəst - xətt də Rusiyanındır, çünki Parislə Ermənistanın münasibəti çox yaxındır və Makron administrasiyası Paşinyanı daima dəstəkləyir. İstər kilsə məsələsi, istər qondarma separatçı qurumun yenidən ortaya atılması, Karapetyan, Sarukyan, Köçəryan faktorları da bunu deməyə əsas verir. Putin - Paşinyan görüşündən sonra vəziyyətin indiki şəkildə inkişafı hiss edilirdi. Türkiyə ilə Ermənistan əlaqələri, Azərbaycanın iqtisadi cəhətdən addımları Ermənistan cəmiyyətində müsbət qarşılanır və zənnimcə, Paşinyan hakimiyyətinə müsbət təsir edir. Bütün proseslərdə böyük ehtimalla elektorat parçalanmış olacaq. Bir tərəf diasporun daha sərt və maksimalist mövqeyini dəstəkləyəcək, digər tərəf isə daha praqmatik, regiondakı reallıqlarla uzlaşan siyasətə üstünlük verəcək. Hansı xəttin üstün gələcəyi isə həm daxili sosial - iqtisadi vəziyyətdən, həm də xarici aktorların təsirindən asılı olacaq. Rusiya xəttinə gəldikdə isə bu yanaşmada müəyyən məntiq var, amma “tam şəkildə Rusiyanın ssenarisidir” demək bir az həddindən artıq sadələşdirmə olar”.
“Bəs bu ssenarilərin əsas müəllifi kimdir və gərginliyi tətikləməkdə əsas məqsəd nədir” sualına komitə sədri belə cavab verdi:
“Regiondakı proseslər adətən, bir mərkəzdən idarə olunmur - burada paralel maraqlar və toqquşan strategiyalar var. Birincisi, Fransa ilə Ermənistan münasibətlərinin yaxşı olması doğrudur və Emmanuel Makron administrasiyası açıq şəkildə İrəvana siyasi və müəyyən hallarda hərbi-siyasi dəstək verir. Amma bu dəstək daha çox Paşinyan hakimiyyətinə yönəlib, yəni sistem daxilində sabitlik və Qərbə yaxınlaşma xəttini gücləndirmək məqsədi daşıyır. Parisin radikal diaspor ritorikasını tam idarə etdiyini demək çətindir - çox vaxt o ritorika Fransa hökumətindən daha sərt olur. İkincisi, Rusiya faktoruna baxaq. Vladimir Putin – Nikol Paşinyan görüşlərindən sonra müəyyən siqnalların dəyişməsi tez-tez müşahidə olunur. Moskvanın marağı Ermənistanın tam şəkildə Qərbə inteqrasiyasının qarşısını almaq, daxili siyasi balansı nəzarətdə saxlamaq,regionda təsir rıçaqlarını itirməməkdir. Bu baxımdan - Robert Köçəryan, Qagik Tsarukyan, həmçinin iş adamı və siyasi təsirə malik Samvel Karapetyan - daha çox Rusiya ilə əlaqəli və ya ona yaxın hesab olunan siyasi-iqtisadi qrupları təmsil edirlər və revançist ideya daşıyıcılarıdırlar. Bu qüvvələrin aktivləşməsi təsadüfi deyil və müəyyən dərəcədə Moskvanın “alternativlər masada qalmalıdır” strategiyasına uyğundur. Amma burada vacib nüans var: diaspor özü də müstəqil aktordur. Yəni hər şeyi yalnız Rusiya ilə izah etmək reallığı tam əhatə etmir. Diaspor daxilində də müxtəlif mərkəzlər var , bəziləri Fransaya, bəziləri ABŞ-a, bəziləri isə Rusiyaya daha yaxındır. Onların gündəmləri də üst-üstə düşmür. Digər mühüm məqam kimi regionda yeni iqtisadi və siyasi reallıqlar nəzərə alınmalıdır”.
Deputat onu da dedi ki, Türkiyə ilə münasibətlərin normallaşma ehtimalı və Azərbaycan tərəfindən irəli sürülən iqtisadi-kommunikasiya layihələri Ermənistan cəmiyyətində həqiqətən də müəyyən pozitiv gözləntilər yaradır:
“Bu isə dolayısı ilə Paşinyanın mövqeyini gücləndirən amillərdəndir, çünki o, “sülh və açılım” xəttini təmsil edir. Məhz buna görə daxildə daha praqmatik və iqtisadi yönümlü yanaşma güclənir, xaricdə - xüsusilə diaspor müstəvisində - daha sərt və emosional gündəm saxlanılır kimi maraqlı bir ziddiyyət yaranır: Bu ziddiyyət isə müxtəlif güclər üçün, həm Moskva üçün - amma təkcə onun üçün yox - manipulyasiya imkanları yaradır. Nəticə etibarı ilə qeyd etmək olar ki, “ssenari” elementi müəyyən qədər mövcuddur, amma bu, tək oyunçulu oyun deyil. Daha çox çoxqütblü təsir mübarizəsidir - Rusiya, Fransa - Qərb, diaspor şəbəkələri və Ermənistanın daxili siyasi qüvvələri eyni vaxtda prosesə təsir göstərir. Belə bir vaxtda Paşinyan bu müxtəlif təzyiqlər arasında balansı qorumağa çalışacaq və təbii ki, nəyin bahasına olursa – olsun, qalib gəlmək üçün ciddi addımlar atacaq…”
