YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Tarix heç nəyi unutmur. Xalqların sevincini də, kədərini də yaddaşının dərin qatlarında qoruyur. O, qəhrəmanları ilə qürurlanır, xəyanətləri isə zaman keçdikcə susqun bir ittiham kimi üzə çıxarır. Azərbaycan tarixi də bu baxımdan istisna deyil – həm qürur, həm də ağrı ilə dolu səhifələri ilə yüzillərin ağır sınaqlarından keçib.
Şuşanın düşmənə təslim edilməsi, Kəlbəcərin müdafiəsiz qalması, Qarabağın bütövlükdə liderlik böhranı ucbatından işğala məruz qalması, 1993-cü ilin sarsıntıları, müstəqilliyin itirilməsi təhlükəsi, dövlətçiliyimizin sual altına düşməsi tariximizin ən acı dərsləri kimi yaddaşa həkk olundu. Lakin tarix göstərir ki, liderlər xalqların təslim olmasına imkan vermir. Əsl lider millətini qoruyur, ona yol göstərir və gələcəyə aparır.
Belə bir fövqəladə tarixi nümunəni ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev sərgilədi. O, Azərbaycanı sadəcə qorumaqla kifayətlənmədi. Heydər Əliyev xalq adına özü başa çatdıra bilmədiyi müqəddəs missiyanı davam etdirəcək bir lideri də zamanında və dəqiqliklə hazırladı. Böyük dövlət xadimi çox yaxşı bilirdi ki, onun başladığı işi yeni əsrin yeni lideri – İlham Əliyev qətiyyətlə tamamlayacaq və qurulan möhkəm təməl üzərində daha böyük tarixi nailiyyətlər reallaşdıracaq.
Məhz bu dövlətçilik məktəbi və siyasi iradə Azərbaycan üçün yeni dövrün yol xəritəsini müəyyənləşdirdi. Prezident İlham Əliyev həmin xətti davam etdirərək ölkəmizi həm qorudu, həm də gücləndirdi. Onun liderliyi milli ideyanın reallaşmasına, strateji düşüncənin konkret siyasi nəticələrə çevrilməsinə imkan yaratdı. Azərbaycan artıq yalnız mövqeyini qoruyan dövlət deyil, beynəlxalq münasibətlər sistemində sözünü inamla deyən, etibarlı tərəfdaş kimi qəbul olunan ölkəyə çevrildi.
Sonrakı proseslər bir daha sübut etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti sadəcə tarixi qərar deyil, xalqın gələcəyini müəyyən edən strateji baxış idi. Prezident İlham Əliyev isə bu baxışı real nəticələrə çevirərək dövlətimizi möhkəmləndirdi, xalqın özünə olan inamını daha da yüksəltdi.
İslahatçı lider kimi Prezident İlham Əliyev müasir, modern və güclü Azərbaycan qurmağı bacardı. Ulu Öndərin dövlətçilik ideyasına və azərbaycançılıq məfkurəsinə sadiq qalaraq seçkilərdə verdiyi vədi tam şəkildə yerinə yetirdi və hər bir vətəndaşın Prezidenti olduğunu sübut etdi. Praqmatik düşüncə tərzi ilə Heydər Əliyevin sabitlik adasına çevirdiyi Azərbaycanı beynəlxalq problemlərin müzakirə və həll olunduğu məkana, iqtisadi mərkəzə, multikultural dəyərlərin ünvanına, mötəbər beynəlxalq tədbirlərin və möhtəşəm oyunların arenasına çevirdi.
Bu illər ərzində ölkəmiz regionda və qlobal miqyasda inkişaf modeli kimi tanındı. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi şəffaflığı və çevikliyi artırdı, beynəlxalq əməkdaşlıq siyasəti isə Azərbaycanın siyasi, iqtisadi və humanitar platformalarda mövqeyini daha da möhkəmləndirdi.
Eyni zamanda ordu quruculuğu prosesinə xüsusi diqqət yetirildi. Qarabağın işğaldan azad olunması dövlətin ali vəzifəsinə çevrildi. Sülh danışıqları prosesində Prezident İlham Əliyevin mövqeyi qəti və dəyişməz idi: Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı idi və başqa yol mövcud deyildi.
Nəhayət, tarixi gün yetişdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasi qətiyyəti və hərbi iradəsi sayəsində Qarabağı işğaldan azad etdi. Bu Qələbə birbaşa xalqına güvənən, millətinə arxalanan İlham Əliyevin adı ilə bağlıdır. O, Ali Baş Komandan kimi döyüş meydanında, Prezident kimi isə diplomatiya müstəvisində işğalçıya tarixinin ən ağır məğlubiyyətini yaşatdı və rüsvayçı təslimçilik aktı ilə düşməni Azərbaycanın qarşısında diz çökdürdü.
Tarixdə bu cür Qələbəni öz xalqına bəxş edən liderlər çox az olub. Bu mənada Mustafa Kamal Atatürkün timsalında formalaşan liderlik modeli müasir dövrdə Prezident İlham Əliyev tərəfindən təkrarlanmış oldu. General Duqlas Makarturun Atatürk haqqında söylədiyi “O, xalqına özünə inam hissi aşıladı və millətin böyüklüyünü sübut etdi” fikri bu reallığı aydın ifadə edir. İlham Əliyev də eyni şəkildə xalqına inam verdi, milli ağrıları Qələbə ilə əvəz etdi və xalqa bağlı liderliyin müasir nümunəsini yaratdı.
Dünyanın aparıcı dövlətlərinin tribunalarından səslənən yüksək qiymətlər də bunu təsdiqləyir. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı “Siz böyük lidersiniz… Bu, Ağ Evin rəmzi açarıdır” sözləri Azərbaycan dövlət başçısına verilən qlobal dəyərin ifadəsi idi. Bu qiymət təsadüfi deyildi. Çünki İlham Əliyev artıq qlobal lider kimi qəbul olunur və Azərbaycan onun siyasəti nəticəsində dünyanın seçilən və hörmət edilən ölkəsinə çevrilib.
Məhz bütün bu proseslərin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev yeniləşdirdiyi, bütövləşdirdiyi Azərbaycan qədər xalq üçün müqəddəs bir dəyərə çevrildi. Tarix bir daha sübut etdi ki, dahilərin seçimi heç vaxt yanılmır. Böyük Heydər Əliyev də öz seçimi ilə yanılmamışdı. Bu həqiqəti artıq təkcə Azərbaycan xalqı deyil, bütün dünya etiraf edir.
