Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, doğumun stimullaşdırılması üçün mərhələli şəkildə sosial proqramlar həyata keçirilir.
O qeyd edib ki, urbanizasiya prosesi sürətləndikcə doğum səviyyəsi təbii olaraq aşağı düşür. Bu, yalnız Azərbaycana xas deyil, bütün dünya ölkələrində, həm qonşu ölkələrdə, həm də inkişaf etmiş Qərb dövlətlərində müşahidə olunan tendensiyadır.
Müşfiq Məmmədli əlavə edib ki, ölkənin iqtisadi inkişafı və işğaldan azad olunmuş ərazilərin bərpası böyük məşğulluq potensialına malikdir və "Böyük Qayıdış" əhalinin artımını stimullaşdıracaq. Yeni salınan qəsəbələr və yaşayış məntəqələri insanların ənənəvi yaşayış tərzini qorumaqla yanaşı, şəhər inkişafının regionlara daşınmasını təmin edir.
Komitə üzvü vurğulayıb ki, doğumun stimullaşdırılması maarifləndirmə və təbliğatdan da asılıdır. Hazırda Azərbaycanın qarşısında duran prioritetlər yenilənib və yaxın gələcəkdə fərqli sosial-iqtisadi mənzərənin formalaşması gözlənilir.
