Sizin reklam burada
Sizin reklam burada
  • "Təhlükəsizlik — iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır"- Arzu Nağıyev

    "2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər (xüsusi çəkisi 20,9 faiz) Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib.
    2026-cı il üçün Təhlükəsizlik büdcəsinin artırılması məsələsi bu gün müzakirə etdiyimiz ən vacib istiqamətlərdən biridir. Bu qərar təkcə maliyyə məsələsi deyil, eyni zamanda Azərbaycanın müasir təhlükəsizlik konsepsiyasının reallıqlara uyğun yenilənməsi deməkdir."
    Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin Dövlət Budcə zərfinin müzakirəsi zamanı Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev səsləndirib. O, əlavə edib ki, Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Lakin bu gücü qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır:

    "Biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və hərbi müdafiə ilə məhdudlaşmır. Bu gün təhlükəsizlik həm də informasiya müharibələrinə qarşı mübarizə, kiberməkanda müdafiə, enerji və kommunikasiya infrastrukturlarının qorunması, ictimai sabitliyin və daxili asayişin təminatı deməkdir.
    Azad edilmiş torpaqlarda bərpa və yenidənqurma prosesi artıq geniş vüsət alıb. Bu ərazilərdə minalardan təmizləmə, təhlükəsizlik infrastrukturunun qurulması, polis və fövqəladə xidmətlərin formalaşdırılması davam edir. Hər bir qayıdan vətəndaşın təhlükəsizliyi dövlətin bir nömrəli vəzifəsidir. Bu isə yalnız kifayət qədər maliyyə dəstəyi ilə mümkün ola bilər.
    Digər tərəfdən, dünya miqyasında müşahidə olunan geosiyasi gərginliklər, regionda baş verən hərbi-siyasi proseslər, Ermənistanın bəzi dairələrinin hələ də revanşist meyilləri təhlükəsizlik məsələlərinə daha çevik və çevrəvi yanaşma tələb edir.
    2026-cı ildə Təhlükəsizlik büdcəsinin artırılması həm də kibertəhlükəsizlik, sərhəd mühafizəsi, xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, daxili təhlükəsizlik və fövqəladə hallar sistemlərinin gücləndirilməsi istiqamətlərində atılacaq real addımlar üçün hüquqi və maliyyə bazası yaradacaq.
    Eyni zamanda, bu artım müdafiə sənayesinin inkişafına, yerli istehsalın genişlənməsinə və milli texnoloji potensialın yüksəlməsinə xidmət edəcək. Biz artıq silah və sursat idxal edən yox, müəyyən sahələrdə ixrac potensialı yaradan bir dövlətə çevrilirik.
    Unutmamalıyıq ki, təhlükəsizlik — iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır. Təhlükəsizliyin zəiflədiyi yerdə nə iqtisadi tərəqqi, nə də sabitlik mümkündür."

    Komitə sədri həmçinin çıxışında qeyd edib ki,
    Təhlükəsizlik büdcəsinə əlavə vəsait ayrılması dövlətin maliyyə yükünün artırılması deyil, əksinə — millətin təhlükəsiz gələcəyinə qoyulan sərmayədir.
    Bu baxımdan mən 2026-cı il üçün Təhlükəsizlik büdcəsinin artırılmasını tam şəkildə dəstəkləyir və hesab edirəm ki, bu qərar dövlətimizin müstəqilliyini, sabitliyini və suverenliyini daha da gücləndirəcək.
    Büdcənin Müdafiə və milli təhlükəsizlik xərcləri ,yəni 7.2 maddəsi Komitəmizdə müzakirə edilib və yekdilliklə plenar iclasın 1-ci oxunuşuna tövsiyyə edilmişdir…- Arzu Nağıyev səsləndirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ