Sizin reklam burada
Sizin reklam burada
  • Vətən müharibəsi nəticəsində qazanılan şanlı Qələbə xalqımızın, dövlətimizin hərbi-siyasi gücünün parlaq təzahürünə çevrilib

    Vətən müharibəsi nəticəsində qazanılan şanlı Qələbə xalqımızın, dövlətimizin hərbi-siyasi gücünün parlaq təzahürünə çevrilib Musa Süleymanov
    Əməkdar mühəndis, iş adamı

    2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın törətdiyi təxribatlara cavab olaraq başlayan “Dəmir yumruq” əməliyyatı ordumuzun koordinasiyalı fəaliyyətini və strateji hazırlığını ortaya qoymuşdur. 44 gün ərzində aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımız azad edilmiş, Azərbaycanın tarixi Qələbəsi təmin edilmişdir. Bu qələbə yalnız hərbi sahədə deyil, diplomatik və beynəlxalq müstəvidə də Azərbaycanın üstünlüyünü sübut etmiş, regionda yeni geosiyasi reallıqlar formalaşdırmışdır.

    Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri və rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad edilmişdir.

    2020-ci il noyabrın 9-dan 10-na ötən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanat imzalanmış və hərbi əməliyyatlar dayandırılmışdır. Həmin bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir və hər il noyabrın 8-i təntənəli şəkildə qeyd edilir.

    8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixində qürur, iftixar və milli qürur hissi ilə xatırlanan ən əlamətdar günlərdən biridir. Bu tarix yüzillər boyu xalqımızın mənəvi varlığını, milli kimliyini və mədəni irsini özündə yaşadan Şuşanın azad edilməsi ilə əlaqədardır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan şanlı Qələbə xalqımızın birliyinin, iradəsinin və dövlətimizin hərbi-siyasi gücünün parlaq təzahürünə çevrilib.

    Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev vurğulamışdı ki, Şuşasız bu mübarizə yarımçıq qalacaq. Çünki Şuşa təkcə Qarabağın deyil, bütövlükdə milli ruhun, Azərbaycan mədəniyyətinin, poeziyasının və musiqisinin beşiyidir. Məhz bu mənəvi dəyərin daşıyıcısı olan şəhərin azad olunması uğrunda döyüşlər tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Qəhrəman əsgər və zabitlərimizin sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşlərdə düşməni geri çəkilməyə məcbur etməsi Vətən sevgisinin, inamın və qətiyyətin təntənəsi oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbəri xalqımızda sonsuz sevinc və qürur hissi yaratdı, illərlə qəlbimizdə yaşatdığımız arzunu reallığa çevirdi.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 Noyabr tarixi Zəfər Günü elan edildi və hər il bu gün dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur. Müzəffər Ali Baş Komandanın Şuşada üçrəngli bayrağımızı qürurla qaldırması isə xalqın iradəsini, dövlətin əzmini və tarixi ədalətin bərpasını simvolizə etdi.

    Hazırda Şuşa azadlıqdan sonra yeni bir inkişaf mərhələsini yaşayır. Qədim şəhərdə geniş bərpa, abadlıq və yenidənqurma işləri aparılır. Həyata keçirilən işlər bu unikal şəhərin tarixi irsini qorumaqla yanaşı, onu müasir urbanistik mərkəz kimi formalaşdırmağı nəzərdə tutur. Tarixi məscidlər, saraylar, karvansaralar və mədəniyyət ocaqları öz görkəmini bərpa edir, yeni sosial infrastruktur – yollar, məktəblər, mədəniyyət mərkəzləri və yaşayış binaları inşa olunur. Şuşada keçirilən beynəlxalq tədbirlər və mədəniyyət festivalları bu şəhərin yenidən dirçəlişini nümayiş etdirir.

    Şuşanın azad olunması həm də türk və islam dünyasının mədəni həyatında yeni səhifə açdı. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı”, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında “İslam dünyasının mədəniyyət paytaxtı” kimi tanınması bu qədim şəhərin beynəlxalq səviyyədə nüfuzunu daha da artırdı. Bu qərarlar bir daha göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın deyil, bütün regionun mədəniyyət mərkəzlərindən birinə çevrilib.

    8 Noyabr - Şuşa şəhəri günü xalqımızın qəhrəmanlıq tarixinin, milli qürurunun və dövlətimizin qüdrətinin təntənəsidir. Bu gün Şuşada dalğalanan üçrəngli bayraq xalqımızın yenilməzliyini, milli birliyini və gələcəyə olan sarsılmaz inamını ifadə edir. Qalib dövlətin yenidən doğulmuş bu mədəniyyət paytaxtı gələcək nəsillərə güc, ruh və Vətən sevgisi aşılayır.

    Azərbaycan beynəlxalq qurumlarda işğalın humanitar, siyasi və iqtisadi nəticələrini gündəmə gətirmişdir. Enerji resurslarının ixracı, nəqliyyat dəhlizlərinin inkişafı və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak dövlətimizin regional və qlobal mövqeyini gücləndirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir: “Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.

    Zəfərin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər milli yaddaşı qoruyur və gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir. Zəfər paradı, Hərbi Qənimətlər Parkının yaradılması və ordunun peşəkarlığının nümayiş etdirilməsi gələcək nəsillərə dövlətçilik ənənələrinin ötürülməsini təmin edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ