Əli Zülfüqaroğlu: “Proseslər onu göstərir ki, Ukrayna "ərazi mübadiləsi" adı altında ərazi güzəştlərinə məcbur edilir. Xüsusilə, ABŞ-nin apardığı siyasətin mahiyyəti məhs bundan ibarətdir”.
“Hesab edirəm ki, təhlükəsizlik zəmanəti qeyri-müəyyən bir vəziyyətdir. Çünki Ukraynanın təhlükəsizliyinin təminatının yeganə yolu Kiyevin NATO-ya üzv olmasıdır”.
Bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu Ukraynaya vəd edilən təhlükəsizlik zəmanətini Poliqon- a şərh edərkən qeyd edib.
ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra Kiyevin təhlükəsizlik zəmanəti məsələsi beynəlxalq gündəmə çıxıb. Müzakirələrdə Ukraynaya müəyyən güzəştlər müqabilində yeni təhlükəsizlik təminatlarının verilməsi təklif olunur. Qeyd edək ki, 1994-cü ildə də Kiyev nüvə başlıqlarından imtina etməsi müqabilində Qərbdən təhlükəsizlik təminatı almışdı, lakin bu öhdəliklər sonradan pozulmuşdu. İndi isə Ukraynadan müəyyən güzəştlər qarşılığında yeni təhlükəsizlik zəmanətləri təklif olunduğu bildirilir.
İkinci dəfə Ukraynaya təhlükəsizlik təminatı vəd edən Qərb bu dəfə verdiyi təminata sahib çıxacaqmı, yoxsa əvvəlki kimi bu təminat da kağız üzərində qalacaq?
"Atributinfo.az" xəbər verir ki, son həftələrdə Ukrayna ətrafında baş verən prosesləri Poliqon-un əməkdaşı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.
Əli Zülfüqaroğlu: “İstər, ABŞ, istər Ukraynanı müharibəyə sürükləyən NATO dövlətləri Ukraynanın NATO-ya üzv olmasını istəmirlər. Çünki belə olan halda, birbaşa müharibənin tərəfinə çevrilmiş olurlar”.
ABŞ-nin faydalı qazıntılarla bağlı Ukrayna ilə müqavilə imzaladığı üçün Ukraynanın digər ərazilərinə qeyri-rəsmi olaraq nəzarət etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əgər atəşkəslə bağlı razılıq əldə edilərsə, ABŞ-nin maraqları təmin olduğu müddət ərzində Ukraynanın digər ərazilərinə Rusiya tərəfindən hücum edilə bilməz, amma təbii ki, bu, uzunmüddətli stabillik anlamına gəlmir:
“Proseslər onu göstərir ki, Ukrayna "ərazi mübadiləsi" adı altında ərazi güzəştlərinə məcbur edilir. Xüsusilə, ABŞ-nin apardığı siyasətin mahiyyəti məhz bundan ibarətdir. Bundan sonra istər Zelenskinin gələcək taleyi, istərsə də, Ukraynanın suverenliyi baxımından kritik və həlledici mərhələ başlayıb. Atılan addımlar məhz Ukraynanın gələcəyini şərtləndirəcək.
Hesab edirəm ki, təhlükəsizlik zəmanəti qeyri-müəyyən bir vəziyyətdir. Çünki Ukraynanın təhlükəsizliyinin təminatının yeganə yolu Kiyevin NATO-ya üzv olmasıdır. Amma istər, ABŞ, istər Ukraynanı müharibəyə sürükləyən NATO dövlətləri Ukraynanın NATO-ya üzv olmasını istəmirlər. Çünki belə olan halda, birbaşa müharibənin tərəfinə çevrilmiş olurlar və onlar bunu öz təhlükəsizliklərinə təhdid saydıqları üçün Ukraynanın NATO-ya üzvlüyünü tərəfdarı deyillər.
Əli Zülfüqaroğlu: “Ukraynanın işğal olmayan əraziləri ilə bağlı ABŞ müəyyən addımlar ata bilər. Amma hazırda ABŞ tərəfindən belə bir konkret qərar yoxdur”.
ABŞ-nin vitse-prezidenti Vens isə bəyan edib ki, ABŞ Ukraynaya qoşun göndərmək niyyətində deyil. Vens bunu Avropa dövlətlərinin etməli olduğunu bildirib. Buradan da belə nəticə çıxır ki, Ukrayna daha çox Avropa İttifaqının ABŞ ilə münasibətlərinin perspektivi baxımından kart kimi istifadə edilir. ABŞ Avropa İttifaqı və Britaniyanı Rusiyanın qarşısına qoymaqla onlar üzərində təzyiqin artırılmasına çalışır. Beləliklə də, ABŞ-nin vassalı olmaqda davam etmələrindən başqa yol olmadığının mesajını verir. Ağ evdə məşhur fotoda hər şey çılpaqlığı ilə ifadə edilib. Bu tezisi Rusiya tərəfinin "Ukraynada heç bir NATO qoşunu qəbul etməyəcəyik" fikri tamamlayır. Yəni, Britaniya, Fransa, Almaniya və.s ordusu Ukraynada olmamalıdır. Burada da, Rusiya Avropa İttifaqı və Britaniya üzərində təzyiq üçün Vaşinqtona "pas verir”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, Vensin "Ukrayna bilmək istəyir ki, Rusiya onun ərazisinə bir daha müdaxilə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar müəyyən ərazilər istəyir, onların əksəriyyətini artıq işğal ediblər. Danışıqlar bundan ibarətdir", fikri bütün kartları açır: "Yəni Medvedyev və Vensin açıqlamalarından bəlli olur ki, Kiyev ərazi güzəştlərinə getməklə yanaşı, Ukrayna da daxil olmaqla Avropa müstəqil region olma cəhdlərinə son qoymalı və ABŞ-nin vassalı olmasını qəbul etməlidir.
Eyni zamanda görünən odur ki, Rusiya Avropa İttifaqı və Britaniyanı danışıqlar prosesinin subyekti kimi qəbul etmir. Bununla da ABŞ-nin rolunu gücləndirir.Bu baxımdan hesab edirəm ki, Ukraynanın ərazi güzəştlərinə getməkdən başqa çıxış yolu görünmür. Buna görə də, Ukraynanın və proseslərdə təsir imkanları olan Avropa İttifaqının təhlükəsizlik zəmanəti də müzakirə mövzusu olaraq qalır. Amma hesab edirəm ki, Ukrayna NATO-ya üzv olmayacağı halda Ukraynanın təhlükəsizliyi ilə bağlı təminat heç bir halda dayanıqlı ola bilməz. Yalnız Ukraynanın işğal olmayan əraziləri ilə bağlı ABŞ müəyyən addımlar ata bilər. Amma hazırda bayaq sadaladığım faktorlar səbəbindən ABŞ tərəfindən belə bir konkret qərar yoxdur.
Eyni zamanda ABŞ faydalı qazıntılarla bağlı Ukrayna ilə müqavilə imzaladığı üçün Ukraynanın digər ərazilərinə qeyri-rəsmi olaraq nəzarət edir. Hesab edirəm ki, atəşkəs əldə edilərsə, ABŞ-nin maraqları təmin olduğu müddət ərzində Ukraynanın digər ərazilərinə Rusiya tərəfindən hücum edilə bilməz. Təbii ki, bundan öncə ABŞ və Avropa arasında münasibətlərə aydınlıq gəlməlidir. Dolayısı ilə Ukraynadan öncə Avropanın gələcək taleyinin müəyyənləşdirilməsi prosesi gedir”.
"Atributinfo.az"
