Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi və hərbi baxımdan bu gün baş verə biləcək bütün hadisələrin təhlilini apararaq istənilən təhdidin qarşısını almağa hazırdır: “Ordu quruculuğu, hərbi sənaye potensialının daha da gücləndirilməsi, ciddi silahların əldə olunması üçün imzalanan müqavilələr bir daha göstərir ki, Azərbaycan 44 günlük müharibədə olduğu kimi Ali Baş Komandanın qətiyyəti, Azərbaycan xalqının şəhadəti şərəf saymasından, eyni zamanda rəşadətli Azərbaycan Ordusunun birgə aparacağı siyasətdən aslıdır. Buna görə də həm dinc quruculuq işləri aparırıq, həm ərazi bütövlüyümüzün, əldə olunmuş suverenliyimizin qorunmasına daim hazırıq. Bu prosesləri bütün dünya görür. Hər hansı qeyri-adekvat addımlar atmağa çalışan dövlətlər bilməlidirlər ki, bizim dönməz daxili və xarici siyasətimiz var. Qarabağ müharibəsindən sonra bütün Silahlı Qüvvələrin - suda, quruda və havada döyüşən ordunun inkişafına önəm veririk. Bu, çox mühüm məsələdir. Düşünürəm, bütün dövlətlər bunu ən yüksək səviyyədə dərk etməlidirlər. 44 günlük müharibədə bir daha bunun şahidi oldular”.
