Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir: “Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Ümumilikdə hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturu mühüm rol oynayır. Qısa zamanda işğaldan azad edilmiş Füzulidə və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının tikintisinin davam etdirilməsi də deyilənlərə bariz nümunədir. Bu hava limanlarına beynəlxalq statusun verilməsi özündə bütün məqamları ehtiva edir. Füzuli Beynəlxalq Hava limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” adlandırdı. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanı Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha da genişləndirəcək. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının inşası bu bölgələrin iqtisadi inkişafının təmin edilməsində, turizm imkanlarından səmərəli istifadədə sözünü deyəcək ki, bu da öz növbəsində ölkəmizin davamlı iqtisadi inkişafına böyük töhfə olacaq.”
Əliabbas Salahzadə qeyd edib ki, irəli sürülən təşəbbüslərin reallığa çevrilməsində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.
Millət vəkili onu da bildirib ki, əlverişli biznes mühitinin yaradılması ilə bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlığı möhkəmləndirilir: “Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına diqqət yetirmək kifayətdir. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir.”
Əliabbas Salahzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev bu günlərdə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha belə bir reallığı diqqətə çatdırdı ki, qazanılan uğurlar düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır.
/atributinfo.az/
