Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Göygöl RİHBA İnformasiya təminatı və təhlili sektorunun müdiri Aydın İsmayılov demişdir. O, açıqlamasında daha sonra bildirmişdir:
"Təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilmişdir və bu tədbirlər ilin sonuna qədər keçiriləcəkdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bir daha onu göstərir ki, Azərbaycan öz xilaskar oğlunun əziz xatirəsinə böyük hörmətlə yanaşır. Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Heydər Əliyev hələ Sovet Azərbaycanı dövründə, 1969-82-ci illərdə respublikamızı SSRİ-də ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı o illərdə formalaşmışdır. Məhz həmin illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gün də fəaliyyət göstərərək ölkəmizin ümumi inkişafını təmin edirlər. Heydər Əliyevin SSRİ hökumətinin Sədrinin müavini vəzifəsində çalışdığı 1982-1987-ci illərdə isə Azərbaycanın inkişafı daha dinamik xarakter almışdı. Əlbəttə ki, Ulu Öndərimizin siyasi hakimiyyətdə olduğu müddətdə erməni millətçiləri illərdən bəri kinli ürəklərində bəslədikləri arzularını gerçəkləşdirmək üçün başlarını belə qaldıra bilmirdilər. Cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlandı. 1987-ci ildə Heydər Əliyevin kommunist partiyası rəhbərliyinin və şəxsən Baş katib Mixail Qorbaçovun həyata keçirdikləri siyasi xəttə etirazını bildirərək, tutduğu vəzifələrdən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri də o gündən başladı. Lakin Ümummilli Lider bundan sonra da nə öz xalqını, nə də canından artıq sevdiyi Azərbaycanı taleyin hökmünə buraxmadı. Həmçinin 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırdı. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Ümummilli Lider öz haqq səsini ucaltdı, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini qətiyyətlə pislədi və bu qırğınla bağlı bütün dünyaya bəyanat verdi. Bütün bunlardan sonra Moskvada ciddi təqiblərə məruz qoyulan dahi rəhbər 1990-cı ilin iyul ayında Bakıya gəldi. Lakin həmin dövrdə ovaxtkı Azərbaycan rəhbərliyi də Heydər Əliyevə qarşı çirkin kampaniyalar aparırdı. Buna görə də Ulu Öndər Naxçıvana gedərək, orada yaşamağa başladı. Qeyd etmək lazımdır ki, məhz bu məqam Naxçıvanın taleyində həlledici oldu. Çünki həmin vaxt Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokadada idi və erməni işğalı real təhdid kimi Muxtar Respublikanın başının üstünü kəsdirmişdi. Bir sözlə, Naxçıvanın ümumiyyətlə gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Lakin Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Xalq Heydər Əliyevi özünə rəhbər seçdi və bu, demokratiyanın əsl təntənəsi oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. İlk öncə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bunun ardınca Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarıldı. 1992-ci ilin noyabrında isə, Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin əsasını qoydu."
"Atributinfo.az"
