Seçicilər İqbal Ağazadədən başqa heç bir namizədə səs verməyəcəklərini qətiyyətlə bildirirlərBu gün ölkə gündəmində olan əsas məsələlərdən biri və başlıcası fevralın 9-da keçiriləcək parlament seçkiləridir. MSK tərəfində qeydə alınan namizədlər bu mənada qızğın mübarizə dövrünü yaşayır. 125 yer uğrunda ilk gündən 1542 nəfər mübarizə aparsa da, son söz seçicilərindir. Belə bir məqamda namizədlər sırasında parlamentdə cəsarətli çıxışları ilə yadda qalan, seçicilərinin dərin məhəbbətini qazanan, daim onların yanında olan sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə barədə söz açmaq qərarına gəldik.
İqbal Ağazadəni millət vəkili görmək və ya tanımaq istəyənlər sosial şəbəkədə qızıl fond kimi yayımlanan, bəzi mədhiyyəçilərə və lal deputatlara nümunə olan ötən illərdəki parlamentarizm fəaliyyətinə, millət vəkili olduğu dövrlərdə Milli Məclisdəki cəsarətli çıxışlarına diqqət yetirməklə kifayətlənər və real qiymətini də verə bilərdi. Fəaliyyəti boyunca bu insan daim xalqın, millətin, dövlətin, seçicilərinin problemlərini qaldırmış və həmin problemlərin həlli üçün aidiyyüatı qurumlarla üst-üstə qalmışdır. Milli Məclis söz demək, məsədə qaldırmaq üçün ali qanunverici orqandır. Bəzi həmkarlarından fərqli olaraq İqbal bəyin haqq səsi bu ali tribunadan daim ucadan gəlmiş, xalqı, milləti, seçicilərini narahat edən məsələlərlə bağlı cəsarətli çıxışları ilə insanların qəlbində özünə yer tutmuşdur.
Məlumat üçün deyək ki, Azərbaycan Respublikası Milli Məclisinin keçmiş üzvü, Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Fehruz oğlu Ağazadə 1968-ci il sentyabr ayının 17-də Füzuli rayonunun Merdinli kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İki övlad atasıdır.
Təəssüflə deyə bilərik ki, həqiqət carçısı olduğuna, haqq sözü dediyinə görə dəfələrlə təzyiqlərə məruz qalsa da, İqbal bəy heç zaman geri çəkilməyib, mübarizə meydanında cəsarətli addımları və tarixi çıxışları ilə yaddaşlarda qalıb. Həyatın hər cür sınaqlarından alnı açıq, üzü ağ çıxan bu insan sarsılmaz iradəsi, dönməzliyi, mübarizliyi ilə xalqın, seçicilərinin qarşısına çıxaraq builki parlament seçkilərinə 35 saylı Xətai 3-cü seçki dairəsindən, sədri olduğu Azərbaycan Ümid Partiyasından deputatlığa namizədliyini irəli sürmüşdür. Xoşbəxtlikdən seçiciləri də həmişəki kimi, özünəməxsus qaydada fədakarlıqlarını əməli şəkildə nümayiş etdirir, İqbal bəyi yekdilliklə və böyük coşğu ilə dəstəkləyir, təmsil olunduğu ərazidən vahid namizəd kimi dəyərləndirirlər. Bu, rəğbət, bu cəsarət İqbal bəyin xarakterinin görüntüləridir. Seçicilər riyakarlıqdan kənar, real namizəd İqbal bəydən başqa kimsəni dəstəkləməyəcəklərini şuara çeviriblər. İnanırlar ki, səsvermə günü hər hansı qanun pozuntusuna yol verilməyəcək, kənar müdaxilələr olunmayacaq, bir sözlə, seçki saxtalaşdırılmayacaq. Əks halda mübarizəni sona kimi davam etdirəcəklərini bildirirlər.
İqbal Ağazadə görüşünə qış fəslinin soyuğuna baxmayaraq axşamüstü açıq havada gələn çoxsaylı seçicilərə üzünü tutub bəzi riyakar namizədlərdən fərqli olaraq xarakterik ifadələrlə, olduğu kimi görünərək dedi: - Qış gecəsində soyuq havada isti evinizdən çıxıb bura - məni dinləməyə gəlmisinizsə, hamımıza minnətdaram.
Hamımızın qarşısında söz verirəm ki, deputat seçilərəmsə, bu millətin, bu dövlətin, bu xalqın nə problemi varsa, Azərbaycan parlamentində qaldıracam, imkanım çatan qədər onun həllinə çalışacam. Haqqı tapdalanan vətəndaşlarının siyasi partiyalılığından, kimliyindən, dinindən, dilindən asılı olmayaraq hamısının hüquqlarını qorumaq həm bir millət vəkili olaraq, həm də bir insan kimi borcumdur. Bütün bunların hamısını təkcə məhəlli problem kimi öz üzərimə götürməklə kifayətlənməyəcək, həm də Azərbaycanın millət vəkili olaraq dövlətimizin bu və digər problemlərinin həllində fəal iştirak edəcəyəm.
İqbal Ağazadə həmçinin qeyd etdi ki, bizim əsas işimiz insanlarla millət vəkili arasındakı ünsiyyəti - körpünü düzgün qurmaqdır. Millət vəkili əlçatmaz insan olmamalıdır, millət vəkili ilk növbədə seçicisinin yanında olmağı bacarmalıdır. Əgər gerçək səslə seçilibsə, xalqın seçimi ilə seçilibsə, millət vəkili məhz o insanlardır. O insanın boynunda seçicisinin səsilə yanaşı, haqqı var, həmin haqqı fəaliyyəti boyunca millət vəkili öz seçicisinə əməli şəkildə ödəməyə borcludur. Bu mənada, mən sizin xidmətinizdə olacağıma çəkinmədən söz verirəm. Bir millət vəkilinin seçicisinin üzünə alnı açıq, üzü ağ baxmaqdan başqa qazancı ola bilməz. Məni üç dəfə siz seçmisiniz millət vəkili. Bu, sizin mənə inamınızın, güvəninizin nəticəsidir. Söz verirəm ki, o güvən heç zaman sarsılmayacaq.
Namizəd İ.Ağazadə sonra görüşünə gələn seçicilərin ayrı-ayrılıqda təklif və rəylərini dinlədi, azyaşlı balaları qucağına alıb, bağrına basdı. Qeyd etdi ki, biz bu balaların xoşbəxt gələcəyi naminə mücadilə edirik. Ölkəmizin gələcəyi bu balaların əllərində olacaq.
P.S. Biz də öz növbəmizdə inanırıq ki, fevralın 9-da keçiriləcək səsvermədə xalq inandığı, güvəndiyi namizədə səs verəcək və seçəcək. Bunlardan biri də İqbal Ağazadə olacaq!
Bəradər Səməndərli




















