Millət vəkili
Qarabağ” üçün ağır axşam oldu. İllərdir bizi Avropanın futbol gecələrinə öyrəşdirən komandamız bu dəfə yoluna davam edə bilmədi. Amma düşünürəm ki, məhz belə günlərdə bir oyunun nəticəsindən bir qədər uzaqlaşıb bu komandanın Azərbaycan üçün indiyə qədər nə etdiyinə baxmaq lazımdır. Çünki “Qarabağ”ın yazdığı tarix çoxdan 90 dəqiqənin, bir turnirin və hətta bir mövsümün sərhədlərini aşıb. Bir vaxtlar Avropanın böyük futbol səhnələrində Azərbaycan klubunun adının çəkilməsi özü bizim üçün böyük arzu idi. Sonra “Qarabağ” gəldi və bunu arzudan reallığa çevirdi. Özü də bir dəfəlik təsadüf kimi deyil, illərlə davam edən sistemin, zəhmətin, səbrin və xarakterin nəticəsi kimi. Dəfələrlə özündən qat-qat böyük büdcələrə malik klublarla eyni meydanda mübarizə aparıb göstərdi ki, futbolda hər şeyi pul həll etmir. Bəzən düzgün qurulmuş sistem, peşəkarlıq, intizam, səbir, xarakter və bir məqsəd ətrafında birləşmək milyonlardan daha güclü ola bilir.
Məncə, “Qarabağ”ın Azərbaycan futboluna ən böyük xidməti də məhz budur.
O, təkcə özü qalib gəlmədi. Digər klublarımıza da göstərdi ki, Avropa əlçatmaz deyil. Azərbaycan futboluna yeni ölçü, yeni tələb və ən əsası, yeni psixologiya gətirdi. Artıq Azərbaycan komandası Avropanın böyük klubunun qarşısına çıxanda yalnız uduzmamağı deyil, qalib gəlməyi də düşünə bilir.
Bunun arxasında isə uzun illər eyni yola və eyni ideyaya inanan insanlar dayanır.
Klub prezidenti Tahir Gözəl, idarəçilər, futbolçular, məşqçilər, klubun görünən və görünməyən bütün əməkdaşları... Və təbii ki, bütün bu insanları illərlə eyni futbol fəlsəfəsi, eyni intizam və eyni ruh ətrafında birləşdirməyi bacaran Qurban Qurbanov.
Qurban Qurbanov'un yaratdığı artıq sadəcə bir futbol komandası deyil.
Bu, bir məktəbdir.
Bu, bir futbol mədəniyyətidir.
Bu, məğlubiyyətdən sonra belə ayaqda qalmağı bacaran xarakterdir.
Ona görə də düşünürəm ki, bu gün hesab soruşmaqdan daha çox təşəkkür etmək zamanıdır.
Tahir Gözələ və illərlə bu layihəyə inanan klub rəhbərliyinə təşəkkür!
Bu formanı geyinib Avropanın stadionlarında Azərbaycan və “Qarabağ” adını daşıyan bütün futbolçulara təşəkkür!
Və Qurban Qurbanova yüz dəfə, min dəfə təşəkkür...!
Çünki siz bizə yalnız qələbələr vermədiniz. Bizə mümkün görünməyənin mümkün ola biləcəyini göstərdiniz. Bunun ən böyük təsirini isə bəlkə də bu gün uşaqlarımızda görürük. Bu gün Azərbaycanda böyüyən bir uşaq üçün “Qarabağ” artıq sadəcə bir futbol klubu deyil. Onun oyunçuları qəhrəmandır. Onların keçdiyi yol yeni xəyallar qurmaq üçün bir səbəbdir. Bəlkə həmin uşaqlardan bir çoxu sabah “Qarabağ”ın formasını geyinəcək, digəri başqa Azərbaycan klubunu Avropanın böyük stadionlarına aparacaq.
Əziz dostlar!
Bir komandanın yaratdığı inam beləcə bütöv bir nəslin düşüncəsinə çevrilir. Məncə, əsl qələbə də budur.
Dünən bir turnirdən ayrıldıq. Amma illərlə yaradılmış tarix bir gecədə bitmir. At bəzən yorular, büdrəyər, hətta yıxılar. Amma Köhlən atın mayasında yenidən ayağa qalxmaq, qaçmaq və şahlanmaq var. Əminəm ki, “Qarabağ” yenidən qayıdacaq. Yenə Avropa gecələri olacaq, yenə qələbələr olacaq, yenə Azərbaycan bayrağı böyük stadionlarda dalğalanacaq. Və ən böyük arzumuz odur ki, “Qarabağ”ın açdığı bu yolu #Sabah kimi digər Azərbaycan klubları da davam etdirsin.
Çünki artıq yol açılıb, artıq qorxu səddi dağılıb.
Artıq Azərbaycan futbolu Avropaya baxanda “orada bizim də yerimiz var” deməyi öyrənib.
Bir oyun uduzula bilər, bir turnir bitə bilər, bir mövsüm uğursuz keçə bilər. Amma yaradılmış məktəb, oyadılmış inam və yazılmış tarix məğlub olmur. Başınızı dik tutun.
Biz dünən də sizinlə idik, bu gün də sizinləyik, sabah da sizinlə olacağıq.
Təşəkkürlər, “Qarabağ”!
Təşəkkürlər, Tahir Gözəl!
Təşəkkürlər, Qurban Qurbanov!
Hər qaranlıq gecənin bir işıqlı səhəri var. Yeni səhərlərdə, yeni qələbələrdə, yeni Avropa gecələrində görüşmək ümidi ilə...
