![]()
Noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr balansını dəyişə bilər.
Amerikalılar Nümayəndələr Palatasının bütün 435 üzvünü və Senatdakı yerlərin təxminən üçdəbirini seçəcəklər. Qanunverici orqanın hansı partiyanın nəzarətində olacağı Ağ Evlə Konqres arasındakı münasibətlərin gələcək istiqamətini müəyyən edəcək.
Aralıq seçkilərə iki həftədən az vaxt qalıb. Ölkədə seçki kampaniyası son mərhələyə daxil olub. Respublikaçılar Konqresdə mövcud üstünlüklərini qorumağa, demokratlar isə çoxluğu əldə etməyə çalışırlar.
Namizədlərin seçicilərlə görüşləri, təşviqat tədbirləri və siyasi debatlar kampaniyanın əsas hissəsini təşkil edir. Respublikaçılar iqtisadi inkişaf, vergi və sərhəd təhlükəsizliyi siyasətini ön plana çıxarır, demokratlar isə yaşayış xərcləri, səhiyyə və sosial məsələlərə diqqət yönəldirlər. Seçki mübarizəsində iqtisadi göstəricilərlə yanaşı, ölkənin gələcək siyasi kursuna dair fərqli yanaşmalar da müzakirə olunur.
Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Von Şirah Konqresdə qüvvələr balansının dəyişməsini mümkün hesab etsə də, seçkilərin nəticələri ilə bağlı indidən qəti fikir söyləməyin tez olduğunu bildirib.
Onun sözlərinə görə, bir çox yerlərdə seçki mübarizəsi kifayət qədər gərgin keçəcək. Ekspert Texas və Kanzasda demokrat və respublikaçı namizədlər arasında yaxın rəqabətin müşahidə edildiyini, hətta ənənəvi olaraq respublikaçıların güclü olduğu Ayova kimi ştatlarda da rəqabətin diqqət çəkdiyini vurğulayıb.
“Konqresdə qüvvələr balansının dəyişməsi, demokratların Nümayəndələr Palatasında, hətta Senatda çoxluq əldə etməsi mümkündür. Lakin bu, qəti nəticə deyil və indidən belə demək tezdir. Bu isə ölkədə müəyyən siyasi qeyri-müəyyənliyin olduğunu göstərir. Nəticələrin necə olacağını görəcəyik”, – deyə Paolo Von Şirah bildirib.
Aralıq seçkilər prezidentin fəaliyyətinə ictimai münasibətin göstəricilərindən biri hesab olunur. Demokratların Konqresin bir və ya hər iki palatasında çoxluq qazanması Ağ Evin qanunvericilik təşəbbüslərinə təsir göstərə və parlament nəzarətini gücləndirə bilər. Respublikaçıların üstünlüyünü qoruması isə Tramp administrasiyasının siyasi gündəliyini həyata keçirməsi üçün daha əlverişli şərait yaradacaq.
ABŞ-də keçiriləcək aralıq seçkilərin əhəmiyyəti yalnız ölkənin daxili siyasi gündəmi ilə məhdudlaşmır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, Çinlə münasibətlər və NATO çərçivəsində əməkdaşlıq kimi məsələlərdə Konqresin mövqeyi mühüm rol oynayır. Buna görə də noyabrın 3-də keçiriləcək seçkilərin nəticələri dünyanın müxtəlif paytaxtlarında diqqətlə izləniləcək.
Konqresin gələcək tərkibi ABŞ-nin beynəlxalq siyasəti baxımından da əhəmiyyət daşıyır. Xarici yardım paketlərinin təsdiqi, müdafiə xərcləri və beynəlxalq proqramların maliyyələşdirilməsi qanunverici orqanın səlahiyyətlərinə daxildir. Bununla belə, xarici siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsində prezidentin geniş səlahiyyətləri var.
Amerikalı politoloq Ceyson Epstayn hesab edir ki, seçkilərin nəticələrindən asılı olmayaraq, ABŞ-nin xarici siyasətində əsas istiqamətlər böyük ehtimalla qorunub saxlanılacaq.
Ekspertin sözlərinə görə, noyabrdan sonra dəyişə biləcək məsələlərdən biri Fars körfəzində və ətraf bölgələrdə müharibənin yenidən başlaması ehtimalıdır. O bildirib ki, demokratların Konqresin bir və ya hər iki palatasına nəzarəti əldə etməsindən asılı olmayaraq, prezidentin ABŞ-nin milli maraqlarına uyğun hesab etdiyi siyasəti həyata keçirmək üçün daha iki ili olacaq.
“Demokratlar çoxluq qazansalar, müxtəlif araşdırmaların sayında nəzərəçarpacaq artım ola bilər. Bununla belə, seçkilərin nəticəsindən asılı olmayaraq, ABŞ-nin xarici siyasətinin böyük ehtimalla əvvəlki istiqamətdə davam edəcəyini düşünürəm”, – deyə Ceyson Epstayn vurğulayıb.
Aralıq seçkilər həm də 2028-ci il prezident seçkiləri ərəfəsində siyasi partiyaların gələcək strategiyaları baxımından əhəmiyyət daşıyır. Noyabrın 3-də səslərin necə bölüşdürüləcəyi yalnız Konqresdə qüvvələr balansını deyil, Vaşinqtonda qarşıdakı iki ilin siyasi gündəmini də formalaşdıracaq.
Seçkiyə sayılı günlər qaldığı bir vaxtda əsas diqqət həlledici ola biləcək ştatlara və seçki dairələrinə yönəlib.
