Bununla bağlı keçirilən mətbuat konfransında “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, abunə yazılışı 13 aprel-12 may tarixlərində davam edəcək. Bank kapitalının 5 faizini təşkil edən 932 min 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur.
“Səhmlərin ilkin yerləşdirmə qiyməti 55 manat olaraq müəyyənləşdirilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir. İnvestorlar “Paşa Bank”, “Birbank Invest”, həmçinin əsas anderrayter “PAŞA Kapital”, “ABB-Invest”, “Unıcapital” və “Leobank” platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses “PAŞA Bank”, “Kapital Bank” və “Unibank” filiallarında, eləcə də “PAŞA Kapital” ofisində mümkündür”, - deyə baş maliyyə inzibatçısı qeyd edib.
IPO-nun bankın strateji inkişaf mərhələsində mühüm addım olduğunu vurğulayan bank rəsmisi bu qərarla illərdir qurulan, müştərilərlə və tərəfdaşlarla birlikdə yaradılan dəyəri geniş auditoriya ilə bölüşmək istədiklərini sözlərinə əlavə edib: “Biz bu addımı, eyni zamanda, ölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük. Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizim üçün önəmlidir”, - deyə M.Süleymanov qeyd edib.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, “PAŞA Kapital”ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev, “Unıcapital”ın baş direktoru Vüqar Namazov “ABB-Invest”in baş icraçı direktoru Nadir Babazadə çıxış edərək bu təşəbbüsün ölkənin kapital bazarlarının inkişafındakı rolu barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.
