Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, könül rahatlığı və ruzi-bərəkət arzulayıram.
Siz uzun illər ərzində Bakı Sənaye-Pedaqoji Kollecində istedadlı ədəbiyyat müəllimi, bacarıqlı fənn birləşməsinin sədri kimi zəngin biliyiniz, yüksək peşəkarlığınız və fədakar əməyinizlə neçə-neçə nəslin yetişməsində müstəsna xidmətlər göstərmisiniz. Tələbələrinizin ən çox sevdiyi müəllimlərdən biri olmağınız, həmkarlarınızın dərin hörmət və ehtiramını qazanmağınız müəllimlik zirvənizin ən parlaq göstəricilərindəndir. Siz müəllim adını təkcə diplomunuzla deyil, cəmiyyətdə qazandığınız nüfuz, yüksək ziyalılığınız, zəngin mənəviyyatınız və xalqın sevgisi ilə ucaldan ziyalılardansınız.
Bu gün təqaüddə olsanız da, uzun illər çalışdığınız kollektiv üçün yenə də doğma bir ana, isti bir ocaq, müdrik bir yolgöstərən olaraq qalmısınız. Siz yetkin düşüncəli, əsl ziyalı, yüksək mənəvi dəyərlərə sahib, böyük və nümunəvi bir ailənin başçısı, Allah sevdalı, nurlu bir insansınız. Səmimiyyətiniz, sadəliyiniz, alicənablığınız və xeyirxahlığınız Sizi tanıyan hər kəsin qəlbində silinməz iz qoyub.
Həyat yolunuzun ən qürurverici səhifələrindən biri də Azərbaycanın görkəmli nəğməkar şairi Dəmir Gədəbəylinin ömür-gün yoldaşı olmanız və onun zəngin ədəbi irsini böyük sevgi, ehtiram və məsuliyyət hissi ilə qoruyub yaşatmağınızdır. Bu, həm ailəyə sədaqətinizin, həm də milli-mənəvi dəyərlərimizə bağlılığınızın ən gözəl təcəssümüdür.
Uca Allah Sizə möhkəm can sağlığı, uzun və bərəkətli ömür nəsib etsin. Övladlarınızın və sevimli nəvələrinizin uğurlarına daim sevinəsiniz, onların sevgisi və qayğısı ilə əhatə olunasınız. Evinizdən ruzi-bərəkət, qəlbinizdən iman, üzünüzdən təbəssüm heç vaxt əskik olmasın. Allah-Təala Sizi daim qorusun, sağlam, xoşbəxt və mənalı ömür nəsib etsin.
Doğum gününüz mübarək olsun, əziz Rüxsarə müəllimə!
Hörmət və ehtiramla,
Lənkəran Dövlət Universitetinin
Fizika, kimya və biologiya kafedrasının müdiri,
pedaqogika elmləri doktoru, professor
Vidadi Orucov
