Sizin reklam burada
Sizin reklam burada
  • Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir


    Çin filosofu və mütəfəkkiri Konfutsinin vətəni hesab olunan Çüfu şəhərində Dünya Sivilizasiyalar Forumu işə başlayıb.

     “Sivilizasiya, düzən və ədalət” mövzusunda keçirilən foruma 50-dən çox ölkədən dövlət rəsmiləri, alimlər, mədəniyyət xadimləri, diplomatlar, jurnalistlər qatılıb. Çinin Mədəniyyət və Turizm Nazirliyi, Çin İctimai Elmlər Akademiyası, Beynəlxalq Konfutsi Assosiasiyası və Şandon əyaləti hökumətinin birgə təşkil etdiyi tədbir Çüfu şəhərində Nişan dağının ətəyindəki “Konfutsi dünyası” mədəniyyət mərkəzində keçirilir.

    Tədbirin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyası Şandon əyalət komitəsinin katibi Lin U, Beynəlxalq Konfutsi Assosiasiyasının prezidenti Sun Çunlan və digərləri bu cür tədbirlərin dünya xalqları arasında mədəni mübadilə və dostluğun möhkəmləndirilməsindəki rolundan danışdılar. İki gün davam edəcək forumda Konfutsi dəyərləri və onun dünya üçün əhəmiyyəti, sivilizasiyanın davamlılığı və qlobal idarəetmə, intellektual dialoq və sivilizasiyaların inteqrasiyası, süni intellekt və dünya üçün böyük harmoniya alt-mövzularında müzakirələr aparılacaq. Forum çərçivəsində müxtəlif tədbirlər, o cümlədən dəyirmi masalar, seminarlar, təqdimatlar təşkil olunur.

    Qeyd edək ki, Nişan Dünya Sivilizasiyalar Forumu 2010-cu ildən bəri Çüfu şəhərində təşkil olunur. Dahi filosofun irsinin təbliği istiqamətində doğma şəhəri Çüfuda ənənəvi Beynəlxalq Konfutsi Mədəniyyəti Festivalı da işə başlayıb. Festivalın davam edəcəyi 10 gün ərzində konfranslar, forumlarla yanaşı, ənənəvi Çin mədəniyyəti ilə ünsiyyətdə olmaq üçün müxtəlif tədbirlər keçirilir, musiqili səhnəciklər və folklor nümunələri təqdim edilir. Bütün bu tədbirlər təxminən 10 milyon adamı əhatə etməklə, dahi Konfutsinin irsinin öyrənilməsinə xidmət edir.

    Eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış Konfutsi dünya düşüncə və fəlsəfə tarixinə ən sirli, nüfuzlu şəxslərdən biri kimi daxil olub. Çin tarixində yazılı salnaməni sistemləşdirən ilk şəxsiyyət olan Konfutsinin adı tarixin ən nüfuzlu 100 şəxsiyyəti, habelə tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyəti siyahısına düşüb. Konfusiçilik isə eramızdan əvvəl 2-ci əsrdən etibarən Çində rəsmi ideologiya kimi qəbul olunub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ