“NBC News” telekanalının sentyabrın 27-də ABŞ-nin üç rəsmisinə istinadla verdiyi məlumata görə, iki həftə əvvəl Hörmüz boğazında İranın gəmi əleyhinə qanadlı raketi Amerika dəniz piyadalarının xidmət etdiyi gəmiyə dəyib və nəticədə səkkiz nəfər xəsarət alıb.
Məlumatda dəniz piyadalarının ciddi xəsarət almadıqları, tüstüdən zəhərləndikləri bildirilir. Qeyd olunur ki, onlarda mümkün travmatik beyin zədələnməsi müşahidə olunub. Xəsarət alanlardan yeddisi sıravi heyət üzvü, səkkizincisi isə zabit olub. Rəsmilərin sözlərinə görə, onların hamısı baş vermiş hücumdan qısa müddət sonra xidmət yerinə qayıdıb. Dəniz piyadaları qeyd ediblər ki, İran raketi gəmiyə dəyən zaman onlar batalyonun desant qrupunun tərkibində fəaliyyət göstərirdilər.
Rəsmilər gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olmadığını bildiriblər, lakin onun növünü açıqlamaqdan imtina edərək, sadəcə “dəniz gəmisi” ifadəsini işlədiblər.
Keçən həftənin çərşənbə günü açıqlanan məlumata görə, Pentaqonun Hərbi İtkilərin Təhlili Sistemi (DCAS) İranla münaqişə zamanı ümumilikdə ABŞ-nin 861 hərbçisinin yaralandığını qeydə alıb.
Sözügedən səkkiz dəniz piyadası məlumat bazasına sentyabrın 14-dəki hücumdan təxminən 10 gün sonra əlavə edilib; ABŞ rəsmisi isə məlumatın dərc edilməsində gecikmələri sonradan ortaya çıxa biləcək simptomlar və sistemin real vaxt rejimində yenilənməməsi ilə izah edib.
