Yayılan son məlumatlara əsasən, meteoroloji xidmət Qərbi Fransa və İle-de-France bölgəsində yerləşən 18 departament üçün sarı səviyyəli istilik dalğası xəbərdarlığını genişləndirib. Xəbərdarlıq digər departamentlərlə yanaşı, Parisi və paytaxta yaxın bölgələri də əhatə edir.
Meteoroloqların məlumatına görə, ölkənin şimalında temperatur 30-35 dərəcə arasında dəyişir, cənub-qərb və Ron vadisində isə bu göstərici 36-ya qədər yüksəlir.
İstilik dalğası idman tədbirlərinə də təsirsiz ötüşməyib. “Maisons-Alfort” şəhərində keçirilən qaçış yarışında istilik səbəbindən halı pisləşən təxminən 10 nəfər təcili xəstəxanaya yerləşdirilib.
Alp-Maritim bölgəsində keçirilən başqa bir idman tədbirində isə xilasedicilər bir neçə zərərçəkən qeydə alıblar, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Hakimiyyət orqanları əhaliyə günün isti saatlarında fiziki fəaliyyəti azaltmağı, mütəmadi su içməyi və həssas qruplara diqqət yetirməyi tövsiyə edir.
