Sizin reklam burada
Sizin reklam burada
  • QANLA YAZILAN QƏHRƏMANLIQ SALNAMƏSİ

    Qazi Xaliq İsrayıl oğlu İsgəndərovun döyüş xatirələri əsasında

    Bəzən illər keçir, zaman dəyişir, nəsillər bir-birini əvəz edir. Amma elə günlər var ki, insan yaddaşından heç vaxt silinmir. Çünki həmin günlər təkcə təqvimdə qalan bir tarix deyil, insanın taleyinə yazılan, ömrü boyu ürəyində daşıdığı bir xatirədir.
    Vətən uğrunda döyüşən insan üçün isə belə xatirələrin ağırlığı tamam başqadır. Orada silahdaş nəfəsi, ayrılıq nisgili, yarımçıq qalan arzular və ən başlıcası, Vətən naminə göstərilən misilsiz fədakarlıq yaşayır.
    Azərbaycan xalqının qəhrəmanlıq tarixi də məhz belə insanların taleyi ilə yazılıb. Bu tarixin hər səhifəsində torpağını canından əziz tutan igidlərin adı, şəhidlərin müqəddəs xatirəsi, qazilərin isə ömür boyu unutmadığı döyüş günlərinin izi var.
    Azərbaycanın qərb sərhədlərində yerləşən Tovuz da bu qəhrəmanlıq tarixinin şərəfli səhifələrindən birinə çevrilmişdir. Tovuzun mərd oğulları dövlətimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda ağır sınaqlardan keçmiş, torpağın hər qarışını qorumağı özlərinə müqəddəs borc bilmişlər.

    1992-ci ilin dekabrı...

    Qışın sərt nəfəsi sərhəd kəndlərini bürümüşdü. Ancaq sərhəddə yalnız təbiətin soyuğu hiss edilmirdi. Müharibənin ağır nəfəsi də insanların həyatına çökmüşdü.
    Dekabrın ilk ongünlüyündə Ermənistan silahlı qüvvələri Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sərhəd ərazilərində yerləşən strateji yüksəklikləri nəzarətə götürmək məqsədilə hücumlara başladılar. Azərbaycan döyüşçüləri isə bu hücumların qarşısını almaq, doğma torpaqlarını qorumaq üçün mövqelərindən geri çəkilmədilər.
    Çünki arxada Vətən vardı.
    Arxada ata-analar, körpələr, doğma kəndlər, evlər, ocaqlar vardı.
    Döyüşçünün isə bir amalı vardı: düşməni doğma torpağa buraxmamaq.

    29 dekabr – yaddaşlardan silinməyən gün

    1992-ci il dekabrın 29-da yenidən ağır döyüşlər başladı.
    Həmin gün Tovuzun igid oğulları Vətənin müdafiəsinə qalxdılar. Döyüş getdikcə şiddətləndi. Çoxlu sayda döyüşçümüz yaralandı, igidlərimiz şəhid oldular.
    Əlibəyli istiqamətində gedən döyüşlərdə iki dost, iki silahdaş — Ceyhun Ramiz oğlu Əliyev və Hamlet İsax oğlu Həsənov şəhid oldular.
    Ağdam kəndi istiqamətində gedən döyüşlərdə isə Sovet Hamlet oğlu Kazımov şəhadətə qovuşdu.
    Həmin gün döyüşçü dostlarımız , beş qardaş, beş silahdaş - Adil Qələndər oğlu Qasımov, Valentin Mehdi oğlu Rzayev, Məharət Kamil oğlu Məmmədov, İsa Tofiq oğlu Musayev və Elman İsmayılov (Sumqayıtlı) ərazi bütövlüyümüzü qoruyarkən və əks-hücumun qarşısını alarkən qeyri-bərabər əlbəyaxa döyüşdə son nəfəsədək işğalçı düşmənə qarşı vuruşaraq şəhadətə ucaldılar.
    Şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaqlar.
    Onların hər birinin öz həyatı, ailəsi, arzuları, sabaha ümidi vardı. Ancaq Vətən təhlükə qarşısında qalanda onlar öz həyatlarından daha böyük bir dəyəri — Azərbaycanın bütövlüyünü qorumağı seçdilər.
    Həmin gün Qazax rayonunun Lələkənd və Ballıqaya istiqamətlərində də ağır döyüşlər gedirdi. Lələkənd istiqamətində gedən döyüşlərdə 28 igid, qorxmaz, cəsur oğlumuz sona qədər döyüşərək şəhid oldular.
    Ballıqaya istiqamətində isə dörd igidimiz şəhid oldu. Sonrakı günlərdə yaralanmış döyüşçülər arasında da həyatını itirənlər oldu.
    Beləcə, ağır döyüşlərin acı nəticələri getdikcə böyüdü.
    Amma həmin günlərin ağrısını rəqəmlərlə ifadə etmək mümkün deyil. Çünki hər şəhid bir ailənin övladı, bir ananın ümidi, bir atanın qüruru, bir elin igidi idi.
    “Həmin gün mən də ilk yaralananlardan biri oldum...”
    Bu döyüşlərin canlı şahidlərindən biri də qazi Xaliq İsrayıl oğlu İsgəndərovdur.
    Xaliq İsgəndərov 1988-ci ildən 1995-ci ilin may ayınadək Tovuz bölgəsində gedən ən qızğın döyüşlərdə komandir müavini kimi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Müxtəlif vaxtlarda dörd dəfə yaralanmasına baxmayaraq, doğma yurdunu tərk etməyib.
    O, həmin ağır günləri xatırlayaraq deyir:
    “Həmin gün mən də ilk yaralananlardan biri oldum. 1988-ci ildən 1995-ci ilin may ayınadək Tovuz bölgəsində gedən ən qızğın döyüşlərdə komandir müavini olaraq öz vəzifə borcumu ləyaqətlə yerinə yetirdim. Dörd dəfə müxtəlif vaxtlarda yaralansam da, doğma yurdumu tərk etmədim.”
    Bu sözlər sadəcə bir döyüşçünün xatirəsi deyil. Bu, Vətən torpağını qorumaq üçün illərlə döyüşmüş bir qazinin həyat yolunun etirafıdır.

    Ağdərə və Sərsəng uğrunda döyüşlər

    Xaliq İsgəndərovla söhbətimiz bizi 1993-cü ilin ağır döyüş günlərinə də apardı.
    1993-cü ilin fevral və mart aylarında Ağdərədə Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə Tovuz batalyonunun komandir müavini Xaliq İsgəndərov və Tərtər batalyonunun komandiri , şəhid , milli qəhrəmanımız Vəzir Orucov qorxmaz, cəsur və ürəkli döyüşçülərə birlikdə işğalçı düşmənlərə qarşı cəsarətlə vuruşdular.
    Bir istiqamətdə Qazax batalyonunun komandiri Aydın Məmmədov, digər istiqamətdə Ağstafa batalyonunun komandiri Musaxan Həsənovla birlikdə düşmənə sarsıdıcı zərbə vurduq.
    Ağstafa və Qazax batalyonu ilə əlaqə saxlamaq üçün iki nəfər döyüşçünü həmin istiqamətə göndərdik .
    Həmin vaxt iki nəfər döyüşçümüz - Əliyev Müşviq Abbas oğlu və Tofiq adlı (Sumqayıtlı) minaya düşdülər, Müşviq şəhid oldu , Tofiq isə ağır yaralanaraq onu vertolyotla Tərtərə və oradan da Bakıya Hərbi Hospitala göndərdilər .
    Sərsəngi keçərək Umudlu kəndi istiqamətində gedən döyüşlərdə isə 12 döyüşçümüz şəhid oldu.Əslön Tovuzun Alakol kəndindən olan Səfərov Elçin isə itkin düşdü və bu günə qədər tapılmayıb.
    Bu hadisələr müharibənin nə qədər ağır və amansız olduğunu bir daha göstərirdi. Hər döyüşün arxasında bir insan taleyi, bir ailənin göz yaşları, bir kəndin yas sükutu dayanırdı.

    Silahdaş itkisi – ömür
    boyu sağalmayan nisgil

    Qazi Xaliq İsgəndərovla söhbət zamanı illərin arxasında qalan o ağır günlərdən danışdıqca duyğulandıq.
    Onu da bildirim ki Xaliqlə birlikdə ən qaynar nöqtələrdə döyüşərək bir gözünü itirmiş qazimiz Eldar Valeh oğlu Qasımov da reablitasiya mərkəzində müalicə olunurdular.
    Eldar söhbət əsnasında bildirdi ki,Tovuzun Əlibəyli kəndi Qərbi Azərbaycanın Şəmsəddin mahalı ilə, indi Ermənistan adlandırılan ( Ermənilər qədim yurd yerimiz olan Şəmsəddin mahalının adını dəyişərək Berd rayonu qoymaqla saxtakarlığa əl atmışlar ) sərhəddə yerləşsə də , biz bir qarış da geri çəkilmədik .Həmin döyüşlərin birində sağ gözümdən qəlpə yarası alsam da, düşməndən qisasımızı aldıq.
    Söhbətə Xaliq qoşularaq bildirdi ki insan aldığı yaranın ağrısını zaman keçdikcə müəyyən qədər unuda bilər. Lakin yanında çiyin-çiyinə döyüşdüyü silahdaşını itirməyin ağrısını unutmaq çox çətindir.
    Xaliq İsgəndərovun sözləri bu həqiqəti bütün ağırlığı ilə ifadə edir:
    “Silahdaş itirmək çox ağır dərddir. Bu ağrının necə bir yük olduğunu yalnız şərəfli döyüş yolu keçənlər və şəhid ailələri dərindən anlayar.”
    Həqiqətən də, döyüş meydanında yaranan silahdaşlıq adi dostluqdan fərqlidir. İnsanlar orada eyni təhlükəni bölüşür, eyni Vətən üçün mübarizə aparır, bir-birinə arxa-dayaq olurlar.
    Ona görə də silahdaş itkisi insanın yaddaşında ömürlük iz buraxır.
    İllər ötür, həyat davam edir. Lakin müəyyən bir tarix yaxınlaşanda yaddaş yenidən keçmişə qayıdır. Döyüş yoldaşlarının simaları göz önünə gəlir, onların səsi sanki yenidən eşidilir.
    Qazi Xaliq İsgəndərov da həmin ağrını belə ifadə edir:
    “O gündən bu günə qədər ürəyim şəhidlərimizin nisgili ilə döyünür. Onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq heç vaxt unudulmayacaq.”
    Qazi Xaliq İsgəndərov bildirdi ki , bizimlə birlikdə işğalçı düşmənə qarşı döyüşən silahdaşlarının övladları, nəvələri 44 günlük vətən müharibəsində bizə Zəfər sevincini yaşatdılar.
    2020 -ci ildə Şəhid olmuş Əli Qasımovun babası Kavı Qasımovla , 44 günlük vətən müharibəsində şəhid olmuş bir nömrəli snayperçi Cavid Hüseynovun atası Hümbət Hüseynovla , Salyan rayonunda yaşamış 44 günlük vətən müharibəsində əfsanəvi taborun komandiri Şirinov Kamilin atası Əliş Şirinovla çiyin-çiyinə döyüşən qazi
    Xaliq İsgəndərovun döyüş yolu yalnız bir tarixlə məhdudlaşmır. O, dəfələrlə döyüşlərdə iştirak edib, ərazi bütövlüyümüzün qorunması uğrunda yaralanıb.
    Bu faktın özü bir neçə nəslin Vətən qarşısında daşıdığı məsuliyyətin və döyüş ənənəsinin necə davam etdiyini göstərir.
    Bir vaxtlar baba ilə çiyin-çiyinə döyüşən insan sonralar həmin döyüş yolunun davamçısı olan şəhid nəslinin xatirəsini də ürəyində yaşadır.

    Kitablar da Vətən yaddaşının bir hissəsidir

    Naftalan Reabilitasiya Mərkəzində müalicə olunduğum günlərdə Xaliq İsgəndərovla tanışlığımız mənim üçün adi bir görüş olmadı. Onun döyüş xatirələrini dinlədikcə bir daha əmin oldum ki, belə insanların yaşadıqları hadisələri qələmə almaq, onları gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur.
    Xaliq İsgəndərov mərhum deputatımız, görkəmli ziyalı Qənirə Paşayevanın “Tovuz şəhidləri” kitabını Naftalan Reabilitasiya Mərkəzinin kitabxanasına hədiyyə etdi.
    Mən də öz növbəmdə Vətənpərvər mövzuda qələmə aldığım “Ömür yollarım” kitabımı həmin kitabxanaya təqdim etdim.
    İnanıram ki, bu kitablar kitabxananın oxucuları, xüsusilə qazilərimiz və şəhid ailələrinin üzvləri üçün mənəvi dəyər daşıyacaq.
    Çünki kitab yalnız oxunan əsər deyil. Kitab həm də yaddaşdır. Şəhidlərimizin adı, qazilərimizin döyüş yolu və xalqımızın keçdiyi ağır sınaqlar yazıya alındıqca, onların xatirəsi gələcək nəsillərə çatdırılır.
    Onlar Vətənin yaddaşına çevrildilər.
    Bu gün həmin hadisələr tarixdir.
    Amma şəhidlərin qəhrəmanlığı tarix kitablarının səhifələrində qalan keçmiş deyil. Onlar uğrunda döyüşdükləri torpaqda, qoruduqları Vətəndə və xalqın yaddaşında yaşayırlar.
    Bir xalqın böyüklüyü yalnız qazandığı qələbələrlə deyil, Vətən yolunda canından keçən övladlarını necə yaşatması ilə də ölçülür.
    Biz onların adlarını unutmadıqca, qəhrəmanlıqlarını övladlarımıza danışdıqca, xatirələrini gələcək nəsillərə çatdırdıqca şəhidlər mənəvi ömürlərini davam etdirəcəklər.
    Çünki Vətən yalnız torpaq deyil. Vətən uğrunda döyüşənlərin sevgisi, onu qoruyanların cəsarəti və onun yolunda canından keçənlərin əbədi xatirəsidir.
    Bu gün başımızın üzərində dalğalanan üçrəngli Azərbaycan bayrağının hər dalğasında onların mübarizəsinin, fədakarlığının və Vətən sevgisinin izi vardır.
    Şəhidlərimiz torpağa əmanət edilsələr də, əslində xalqın yaddaşına köçdülər.
    Onların adı çəkildikcə Vətən sevgisi yaşayacaq.
    Onların qəhrəmanlığı danışıldıqca gələcək nəsillər Vətənin hansı qiymətə qorunduğunu biləcəklər.
    Və nə qədər Azərbaycan var, Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi də yaşayacaq.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamlarını uca, məkanlarını cənnət etsin. Şəhid ailələrinə səbir və möhkəm can sağlığı versin.
    Vətən uğrunda canından keçən bütün igidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik.
    Şəhidlər unudulmur — onlar Vətənin əbədi yaddaşıdır!

    Rauf İLYASOĞLU,
    Azərbaycan Jurnalistlər birliyinin və İraq Türkmən Yazarlar birliyinin üzvü,
    Araşdırmaçı yazıçı , şair- publisist .

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ