Sizin reklam burada
Sizin reklam burada
  • Musiqi əsərlərinə fərqli nəfəs gətirən yaradıcılıq istiqaməti - Yaxud, daha bir özünü tanımadığım sənətkar haqqında təqdiredici söz

    Musiqi əsərlərinə  fərqli nəfəs gətirən yaradıcılıq istiqaməti - Yaxud, daha bir özünü tanımadığım sənətkar haqqında təqdiredici söz Təxminən beş il əvvəlin söhbətidir. Paytaxtın ən mötəbər mədəniyyət mərkəzlərindən olan Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə 18 sentyabr – Azərbaycan professional musiqisinin, milli bəstəkarlıq məktəbinin yaradıcısı, mədəniyyət tariximizin qızıl səhifələrini təşkil edən bir çox ilklərin müəllifi Üzeyir Hacıbəylinin doğum günü – həmin tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur – münasibətiylə maraqlı bir videoçarx hazırlanmışdı. O çarxa Bakı Musiqi Akademiyasının professoru, mərhum dostumuz Telman Hacıyevlə birlikdə tamaşa etmişdik. Telman müəllim o vaxt demişdi ki, “Səs rejissoruna Əhsən!” Mən həmin “əhsən”in o qədər də fərqinə varmamışdım. Çünki məni Üzeyir bəy Hacıbəyli haqqında olan tarixi faktlar və bəstəkarın əsərlərindən seçilmiş hissələr maraqlandırırdı.

    Ötən il martın ilk ongünlüyündə Daşkənd və Səmərqənddə səfərdə olarkən isə “Xalq qəzeti”nin Türküstan müxbiri Qulu Kəngərli bir neçə gün məni müşayiət etdi və sözün həqiqi mənasında, kifayət qədər söhbət eləmək şansımız oldu. Mən musiqi aləminə bir az yaxın olduğuma görə Azərbaycan və Özbəkistan musiqi xadimlərinin son zamanlar daha geniş əməkdaşlıq etdiklərini yada saldım. Qulu Kəngərli isə əlavə etdi ki, həmin əməkdaşlıqda mənim “dostumun dostunun” da xüsusi xidmətləri var. Soruşdum ki, dostun və onun dostu kimdir? Dedi, dostum tanınmış sənət adamı, Əməkdar artist Qorxmaz Əlili, onun dostu isə Azərbaycan musiqi məkanında özünəməxsus yaradıcılıq üslubu, qeyri-standart aranjımanları və peşəkar səs rejissorluğu ilə seçilən bəstəkar-aranjımançı Cavid Cavadoğludur. – Aha, yadıma düşdü, mərhum professorun ürəkdən “Əhsən!” dediyi səs rejissoru məhz Cavid Cavadoğlu idi.
    Qulu Kəngərli Cavid Cavadoğlu haqqında xeyli danışdı və əlavə etdi ki, musiqi təkcə notların ahəngi deyil, həm də onu yaradan sənətkarın daxili dünyasının ifadəsidir. Dostumun fikrincə, Azərbaycan musiqisində elə yaradıcı insanlar var ki, onların adı hər zaman səhnənin önündə görünməsə də, yaratdıqları əsərlər, hazırladıqları aranjımanlar və həyata keçirdikləri layihələr sənətin inkişafında mühüm rol oynayır. Azərbaycan musiqi məkanında özünəməxsus yaradıcılıq üslubu, qeyri-standart aranjımanları və peşəkar səs rejissorluğu ilə seçilən bəstəkar-aranjımançı Cavid Cavadoğlu da məhz belə sənət adamlarındandır. O, uzun illərdir ki, milli musiqi ənənələrini müasir yanaşmalarla sintez edərək Azərbaycan musiqisinin inkişafına öz töhfəsini verir. Uzun illər ərzində peşəkar fəaliyyəti ilə Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətt formalaşdıraraq klassik və müasir musiqi düşüncəsini kreativ yanaşma ilə bir araya gətirməyi bacarıb.
    Son zamanlar yadıma düşdü ki, mən bu sənətkar haqqında nə isə yazmağa söz vermişdim. Ona görə də ölkənin mədəniyyət və incəsənət istiqamətli internet resurslarında Cavid Cavadoğlu barədə nələrisə axtarmaq istədim. Nəticədə bu yazı ərsəyə gəldi. Beləliklə:
    Cavid Cavadoğlu yaradıcılıq yolu boyunca Azərbaycan musiqisinin görkəmli nümayəndələri ilə əməkdaşlıq edib. Xalq artistləri Ramiz Mirişli və Faiq Sücəddinov, Əməkdar incəsənət xadimləri Tahir Əkbər, Vaqif Gərayzadə, Nailə Mirməmmədli, Əməkdar artist Elza Seyidcahan, Xanım İsmayılqızı ilə həyata keçirdiyi yaradıcılıq işləri onun peşəkarlığının ən bariz göstəricilərindəndir. Mütəxəssislər qeyd edirlər ki, onun fəaliyyətində diqqət çəkən məqamlardan biri də müxtəlif bəstəkarların əsərlərinə yeni nəfəs verməsidir.
    Məsələn, yazıçı Anarın sözlərinə bəstəkar Şahin Musaoğlunun bəstələdiyi “Zəngilan” mahnısının aranjımanı Cavid Cavadoğlu tərəfindən hazırlanıb. Bununla yanaşı, Pikə Axundova, Ramal İsrafilov, Tünar Rəhmanoğlu, Nazim Məmmədov, Aynur Adilqızı, İlhamə Adilqızı və digər bəstəkarların musiqi əsərlərini də özünəməxsus üslubda aranjıman edərək onların yeni səslənməsini təmin edib.
    Onun yaradıcılığının əsas xüsusiyyətlərindən biri qeyri-standart, kreativ aranjıman üslubudur. Cavid Cavadoğlu musiqi əsərlərinə sadəcə texniki işləmə kimi deyil, hər bir əsərin ruhuna uyğun yeni bədii həll kimi yanaşır. Məhz buna görə də onun hazırladığı aranjımanlar dinləyicilər tərəfindən fərqli musiqi zövqünün nümunəsi kimi qəbul olunur.
    Musiqi fəaliyyətində Azərbaycanın tanınmış sənətkarları ilə geniş əməkdaşlıq edən Cavid Cavadoğlu Xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Brilyant Dadaşova, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Ağadadaş Ağayev, Röya Ayxan, Aftandil İsrafilov, Rafiq Hüseynov (Rəmiş), həmçinin Əməkdar artistlər Ramil Qasımov, Nurlan Növrəsli, Teymur Əmrah, Aybəniz Haşımova, Baloğlan Əşrəfov, Həsənağa Sadıxov, Qorxmaz Əlilicanzadə, İnarə Babayeva, Səlim Abbasov, Elman Əzimov və bir çox digər tanınmış ifaçı və musiqiçilərlə uğurlu layihələr reallaşdırıb. Bu əməkdaşlıqlar Azərbaycan estradasının və milli musiqisinin inkişafında özünəməxsus iz buraxıb.
    Cavid Cavadoğlunun iştirak etdiyi mühüm layihələr sırasında Xalq artistləri Rasim Balayev, Alim Qasımov və Samir İsayevin iştirakı ilə hazırlanan “Ya Allah” musiqili-bədii kompozisiyası xüsusi yer tutur. O, həmçinin bəstəkar Tamilla Əhədovanın “Beş qapı” musiqili tamaşasının aranjımanını yaradıcı və fərqli üslubda işləyərək tamaşanın musiqi dramaturgiyasını daha da zənginləşdirib.
    Bəstəkar kimi də məhsuldar fəaliyyət göstərən Cavid Cavadoğlu öz müəllif əsərləri ilə dinləyicilərin rəğbətini qazanıb. Onun müəllifi olduğu “Bakı gecələri”, “Mavi Xəzər”, “Bir addım”, “Zəng elə” (sözləri Mehman Əhmədli), “Olmadı”, “Ayrılıq” və digər mahnılar fərqli musiqi həlli ilə seçilir.
    Dövlətçilik və vətənpərvərlik mövzusunda ərsəyə gələn musiqi layihələrində də onun yaradıcı dəsti-xətti aydın görünür. Ağadadaş Ağayevin bəstələdiyi “Heydər baba”, Ramiz Mirişlinin Vahid Əzizin sözlərinə bəstələdiyi və Brilyant Dadaşovanın ifasında səslənən “Heydər ata”, eləcə də Ehtiram və İntiqam Rüstəmov qardaşlarının müəllifi olduqları “İlham Əliyev” mahnılarının aranjımanı da onun peşəkar yanaşmasının nümunələrindəndir.
    Cavid Cavadoğlunun yaradıcılığında xüsusi yer tutan layihələrdən biri də “Qurani-Kərim”in səsləndirilməsi zamanı istifadə olunan fon musiqiləridir. Müqəddəs ayələrin məzmununa uyğun improvizə və sərbəst üslubda bəstələnmiş bu musiqilər dinləyicidə xüsusi mənəvi ovqat yaradır. Layihə Xalq artistləri Əlabbas Qədirov, Rasim Balayev, İlham Əsgərov və Nurəddin Mehdixanlının səsləndirməsində böyük maraq və populyarlıq qazanıb. Cavid Cavadoğlu həmin layihələrdə təkcə aranjımançı kimi deyil, həm də səs rejissoru kimi ifaçıların səsinin yazılışını həyata keçirib.
    Yüzlərlə aranjıman, müəllifi olduğu mahnılar, irimiqyaslı musiqi layihələri, peşəkar səs rejissorluğu və daim yenilik axtarışında olan yaradıcı düşüncəsi Cavid Cavadoğlu müasir Azərbaycan musiqisinin məhsuldar və fərqli imzalarından birinə çevirib. Onun hər bir işi musiqiyə sevginin, peşəkarlığın və yaradıcı təxəyyülün vəhdətindən doğan sənət nümunəsi kimi dəyərləndirilir.
    Onu da xatırladaq ki, Cavid Cavadoğlunun yaradıcılığı ancaq Azərbaycan məkanı ilə məhdudlaşmır. Onun peşəkarlığı beynəlxalq uğurlarda da öz sözünü deyib. Əməkdar artist Nigar Şabanova Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq Muğam (Makom) Sənəti Forumunda “Heyratı” qrupunun solisti kimi çıxış edərək birinci yerə layiq görülüb. Müğənninin ifa etdiyi musiqi nömrələrinin aranjımanı məhz Cavid Cavadoğlu tərəfindən hazırlanıb.
    Azərbaycan və Özbəkistan arasında musiqi əlaqələrinin inkişafına xüsusi töhfələr verən töhfə verən Cavid Cavadoğlu “Aha-aha, baxa-baxa”, “Qaragöz boy-boy”, “Bəri gəl”, “Reyhan, Reyhan”, “Yarı tərk etmə yar”, “Məhəbbət” və digər özbək mahnılarını milli musiqi çalarlarını qorumaqla müasir üslubda aranjıman edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın Şahboz Misircanovla duet şəklində ifa etdiyi “Nazlanma” mahnısı da bu uğurlu əməkdaşlığın nümunələrindəndir.
    Bu sətirlərin qəhrəmanı 1983-cü il iyunun 13-də də Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən musiqiyə olan marağı onun gələcək həyat yolunu müəyyənləşdirib. İlk musiqi təhsilini Lənkərandakı Cəfər Cabbarlı adına 1 nömrəli Musiqi Məktəbində alıb. Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirərək peşəkar musiqi biliklərinə yiyələnib. 2001–2005-ci illərdə isə Bakı Musiqi Akademiyasında ali təhsil alaraq nəzəri və praktiki biliklərini daha da təkmilləşdirib.
    Peşəkar fəaliyyətə erkən yaşlarından başlayan Cavid Cavadoğlu müxtəlif musiqi studiyalarında və prodüser mərkəzlərində çalışaraq, zəngin təcrübə qazanıb. O, 2002–2006-cı illərdə “Səbuhi” Səsyazma Şirkətində, 2006–2008-ci illərdə “Kosset” studiyasında, 2008–2011-ci illərdə isə “Eko Production”da aranjımançı kimi fəaliyyət göstərib. Yaradıcılıq imkanlarını daha da genişləndirmək məqsədilə sonrakı illərdə özünün “CCR” səs yazma studiyasını yaradaraq burada çoxsaylı musiqi layihələrinə imza atıb.
    2021–2023-cü illərdə Heydər Əliyev Sarayında musiqi redaktoru, aranjımançı-orkestrovşik və səs rejissoru vəzifələrində çalışan Cavid Cavadoğlu bu müddətdə müxtəlif dövlət və mədəniyyət layihələrinin musiqi tərtibatında yaxından iştirak edib. Onun peşəkarlığı, musiqiyə yaradıcı yanaşması və müasir texnologiyalardan ustalıqla istifadə etməsi həm sənət adamlarının, həm də dinləyicilərin rəğbətini qazanıb.
    Onun aranjımanları musiqiyə klassik yanaşmalardan fərqlənir. Çünki hər bir əsərə fərdi baxış nümayiş etdirərək, melodiyanın mahiyyətini qorumaqla ona yeni nəfəs verir. Məhz bu yaradıcı üslub onu müasir Azərbaycan musiqisində fərqləndirən əsas xüsusiyyətlərdən biridir. O, bəstəkar, aranjımançı və səs rejissoru kimi fəaliyyətini vahid yaradıcılıq konsepsiyası üzərində quraraq musiqinin həm estetik, həm də texniki keyfiyyətinə xüsusi önəm verir. Yüzlərlə musiqi əsərinin aranjımanı, müəllifi olduğu mahnılar, beynəlxalq layihələrdə iştirakı, teatr və musiqili kompozisiyalar üzərində uğurlu işi, mətnlər üçün bəstələdiyi fon musiqiləri və peşəkar səs rejissorluğu Cavid Cavad oğlunu müasir Azərbaycan musiqisinin məhsuldar yaradıcı simalarından birinə çevirib. Həmkarlarının və dostlarının fikrincə, onun sənət yolu zəhmətin, istedadın və daim yeniliyə can atan yaradıcı düşüncənin uğurlu vəhdətidir.

    İttifaq MİRZƏBƏYLİ,
    Əməkdar jurnalist


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ