Tibb elmləri doktoru
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini
Bu gün təsadüfən qarşıma jurnalist Azər Aydəmirin “uzman” sözünün Azərbaycan dilində, xüsusilə də həkimlərin titulunda işlədilməsi ilə bağlı paylaşımı çıxdı. Yazının özündən əlavə, altındakı şərhləri də maraqla oxudum. Müzakirədə bir-birindən fərqli və müəyyən mənada başadüşülən yanaşmalar var idi.
Xüsusilə Türkiyədə və digər xarici ölkələrdə uzun illər təhsil almış, ixtisaslaşmış, böyük zəhmət hesabına peşəkar təcrübə qazanmış bəzi həmkarlarımızın bu məsələni onların təhsilinə, qazandıqları ixtisasa və hətta Türkiyə tibb məktəbinə münasibət kimi qəbul etdiklərini gördüm. Digər tərəfdən, “mütəxəssis” sözünün ərəb mənşəli olması, Azərbaycan dilində ərəb, fars, rus və başqa dillərdən çoxsaylı sözlərin mövcudluğu, eləcə də “uzman” sözünün türk mənşəli olması kimi arqumentlər səsləndirilirdi.
Bütün bunları nəzərə alaraq, Türkiyədə ixtisas təhsili almış və 2000-ci illərin əvvəllərində Azərbaycana qayıtmış bir həkim kimi mən də bu mövzuda fikirlərimi bölüşmək istəyirəm.
Əvvəla, “uzman” Türkiyə türkcəsində yalnız həkimə aid titul deyil. Sözün mənası bizim dilimizdəki “mütəxəssis” sözünə uyğundur. Türkiyədə “uzman doktor” deyildiyi kimi, “uzman pilot”, “uzman mühendis”, “uzman öğretmen”, “uzman çavuş”, “finans uzmanı”, “bilişim uzmanı” və başqa onlarla ifadə işlədilir. Yəni burada söhbət xüsusi olaraq tibbi tituldan deyil, müəyyən sahədə ixtisaslaşmış şəxsi bildirən ümumi sözdən gedir.
Azərbaycan dilində isə tibb sahəsində bunun oturuşmuş qarşılığı “həkim-mütəxəssis” və ya “mütəxəssis həkim” ifadəsidir. Ən vacibi də odur ki, bizim səhiyyə qanunvericiliyimizdə və rezidentura ilə bağlı normativ sənədlərdə istifadə edilən termin məhz
“həkim-mütəxəssis”dir.
Burada bir məsələni də düzgün ayırmaq lazımdır. “Uzman” sözünün hansısa Azərbaycan dili lüğətində yer alıb-almaması ayrıca dilçilik müzakirəsinin mövzusu ola bilər. Bir sözün lüğətdə olması isə onun konkret peşə sahəsində rəsmi hüquqi titul statusu alması demək deyil. Peşə titulunu müəyyənləşdirərkən əsas istinad nöqtəsi ümumi lüğət yox, həmin sahəni tənzimləyən qanunvericilik və normativ terminologiyadır.
Mən məsələnin tarixi tərəfini də yaxşı anlayıram. Türkiyədə ixtisas təhsili alıb Azərbaycana qayıtdığımız ilk illərdə Türkiyə və Avropa tibb məktəblərindən gələn həkimlərə cəmiyyətdə xüsusi maraq və etimad var idi. Həmin həkimlərin ölkə səhiyyəsinə gətirdiyi yeni bilik, yanaşma və nəticələr fonunda “uzman doktor” ifadəsi də insanlar üçün müəyyən keyfiyyət və fərqləndirmə göstəricisinə çevrilmişdi. Klinikaların və həkimlərin tanıtımında bunun marketinq baxımından üstünlük yaratdığı da həqiqətdir. Beləcə, illər keçdikcə ifadə geniş yayıldı və müəyyən mənada ənənə halını aldı.
Amma ənənəyə çevrilmək rəsmi terminə çevrilmək demək deyil.
Bunu Türkiyəyə, Türkiyə türkcəsinə və ya orada təhsil almış həkimlərimizin zəhmətinə qarşı münasibət kimi təqdim etmək isə xüsusilə yanlışdır. Mən özüm həmin məktəbdən gələn insanlardan biriyəm və Türkiyə tibb məktəbinin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfəni çox yaxşı bilirəm. Məsələ harada təhsil almağımız deyil; məsələ Azərbaycanda öz peşə titulumuza hansı dildə və hansı hüquqi terminlə müraciət etməyimizdir.
Sadə bir müqayisə edək. Almaniyada ixtisaslaşmış həkim üçün “Facharzt”, ingilisdilli tibbi mühitdə isə kontekstdən asılı olaraq “specialist” və ya “specialist physician” kimi ifadələr işlədilir. Sabah Almaniyada təhsil alan həkimimiz kabinetinin qarşısına “Facharzt”, ABŞ-da təhsil alan həkimimiz isə özünün orada qazandığı terminoloji adı yazsa, bir müddət sonra Azərbaycan səhiyyəsində vahid peşə terminologiyasından danışmaq çətinləşər.
Həkim öz bioqrafiyasında “Türkiyədə uzmanlıq təhsili alıb”, “Almaniyada Facharzt ixtisası qazanıb” deyə bilər, diplomunu və təhsil aldığı məktəbi göstərə bilər. Bunların hər biri onun peşəkar yolunun və zəhmətinin bir hissəsidir. Amma xarici ölkədə aldığı təhsilin adını göstərmək başqa şeydir, həmin ölkənin dilindəki termini Azərbaycan dilində və qanunvericiliyində mövcud olan peşə titulunun yerinə yerləşdirmək başqa.
“Mütəxəssis” sözünün ərəb mənşəli olması arqumentinə də ehtiyatla yanaşmaq lazımdır. Azərbaycan dilində əsrlərdir işlənən ərəb, fars, rus və başqa mənşəli minlərlə söz var. Sözün etimoloji mənşəyi ilə onun müasir Azərbaycan ədəbi dilinə mənsub olub-olmaması eyni anlayış deyil. Əgər sırf mənşəyinə görə sözləri dilimizdən çıxarmağa başlasaq, məsələ “mütəxəssis”lə bitməyəcək.
Əlbəttə, dil canlı orqanizmdir. Başqa dillərdən söz alır, dəyişir, zənginləşir və zamanla yeni anlayışlara yeni adlar qazandırır. Mən dilə ifrat mühafizəkar münasibətin tərəfdarı deyiləm. Ancaq başqa dillərdən yeni sözlərin alınması və dilin inkişaf etməsi məsələsini, Azərbaycan dilində artıq dəqiq qarşılığı olan və qanunvericilikdə müəyyənləşdirilmiş peşə titulunun başqa ölkənin terminologiyası ilə əvəz olunması ilə qarışdırmaq doğru deyil. Bunlar mahiyyətcə iki ayrı məsələdir.
Eyni yanaşma “acil” sözünə də aiddir. Türkiyə türkcəsində “acil”, “acil servis”, “acil tıp” tamamilə normal və həmin dilin terminologiyasına uyğun ifadələrdir. Azərbaycan türkcəsində isə bunların çoxdan formalaşmış və hər kəs tərəfindən anlaşılan qarşılığı var: “təcili”, “təcili yardım”, “təcili tibbi yardım”.
Məsələn, Türkiyədə xəstə “acil servise” müraciət edir, Azərbaycanda isə təcili yardım şöbəsinə müraciət edir. Türkiyədə “acil tıp uzmanı” deyilən həkim bizim terminologiyada təcili tibbi yardım üzrə həkim-mütəxəssisdir.
Burada da məsələ hansı sözün daha gözəl, daha “türk” və ya daha müasir səslənməsində deyil. Məsələ budur ki, öz dilimizdə anlayışın dəqiq, oturuşmuş və rəsmi qarşılığı mövcud olduğu halda, başqa bir dil normasındakı sözü onun yerinə gətirməyə nə ehtiyac var?
Əgər “uzman”ı “həkim-mütəxəssis”in, “acil”i “təcili”nin yerinə yalnız geniş istifadə olunduğuna görə qəbul etməliyiksə, eyni məntiqlə sabah başqa ölkələrdən gələn terminlərə də eyni münasibəti göstərməliyik. Belə olduqda isə məsələ dilin zənginləşməsindən çıxıb vahid milli terminologiyanın tədricən qarışmasına çevrilir.
Türkiyədə “acil servis” necə doğrudursa, Azərbaycanda “təcili yardım” da elə doğrudur. Bir-birimizdən söz almağımız təbiidir, amma dilimizdə artıq dəqiq qarşılığı olan sözləri səbəbsiz yerə əvəz etmək dilin zənginləşməsi deyil.
Və nəhayət, burada Türkiyə–Azərbaycan qarşılaşdırması yaratmaq ümumiyyətlə yersizdir. Əksinə, məncə, qardaş və bir-birinə son dərəcə yaxın iki xalq olaraq Azərbaycan türkcəsinin özünəməxsusluğunu qorumaq da, Türkiyə türkcəsinin özünəməxsusluğuna hörmət etmək də bizim ortaq mədəni məsuliyyətimizdir. Yaxınlıq eynilik demək deyil və dilimizin zənginliyi də məhz onun özünəməxsusluğundadır.
Ona görə Azər bəyin bu məsələni gündəmə gətirməsini faydalı hesab edirəm. Bəzən illər ərzində vərdiş etdiyimiz bir ifadənin üzərində dayanıb “biz bunu niyə belə deyirik?” sualını vermək dilə qarşı mühafizəkarlıq deyil. Əksinə, öz dilimizə, peşəmizə və hüquqi terminologiyamıza məsuliyyətlə yanaşmaqdır.
