Sizin reklam burada
Sizin reklam burada
  • HƏDİYYƏLƏR GÖRMƏ QABİLİYYƏTİNƏ MALİK OLANLARI KOR EDƏR, QANUNİ İŞLƏRƏ İSƏ QANUNSUZ DONU GEYİNDİRƏR

    Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov)

    7-Cİ HİSSƏ

    Korrupsiya əvvəlcədən müəyyən edilməsi çətin, müalicəsi asan olan,
    bir müddət sonra isə müəyyən edilməsi asan,
    lakin müalicəsi mümkün olmayan xəstəlikdir.
    Nikkolo Makkiavelli

    Səhiyyədən söhbət düşmüşkən, qeyd etmək istərdik ki, Sinqapurdakı vəziyyəti bir cümlə ilə xarakterizə etmək olar: bu ölkə dünyada uşaq ölümünün ən aşağı səviyyəsinə malikdir.
    Li Kuan Yu daha sonra qeyd edirdi ki, Cənubi Koreyanın prezidenti Çon Du Xvanın kabinetində nazir olmuş Ro De U ilə ilk dəfə 1986-cı ilin iyununda görüşəndə o, Sinqapurun korrupsiyaya uğramamış hökumətindən yüksək fikirdə olduğunu bildirdi. Cənubi Koreyanın prezidenti korrupsiyanı aradan qaldırmağa çalışsa da, buna nail ola bilməmişdi. Bunu necə bacardığımızı soruşdu.
    Mən ona ilk növbədə yaxşı məlumat toplama sisteminə əsaslanan sistemimizin necə işlədiyini; ikincisi, subyektiv deyil, qərəzsiz yanaşma ilə; üçüncüsü, ölkənin ali rəhbərliyi tərəfindən korrupsiyanın təhqiqatı və təqibinə hərtərəfli dəstək haqqında ətraflı məlumat verdim.
    Qardaş Türkiyənin sabiq prezidenti Turqut Özalla da bağlı maraqlı hadisəni qeyd etmək istərdim.
    Turqut Özalın nazir təyin etdiyi dostu İsmail Özdağların rüşvət aldıgı meydana çıxanda Turqut bəy onu vəzifəsindən azad edir. Qaranlıq düşəndə həyat yoldaşı ilə bağışlanmaq üçün T.Özalın evinə gələn İsmail Özdağların üzünə qapını açmırlar.
    Növbəti gün səhər yeməyi zamanı həyat yoldaşı Səmrəl Turqut Özalın gözlərinin qıp-qırmızı olduğunu görür və soruşur: Gözlərin niyə qızarıb?
    Turqut Özal:
    -Səhərə kimi yatmamışam.
    Səmrəl Özal:
    -Niyə yatmadın?
    Turqut Özal:
    -Çünki, dostumu itirdim.
    Səmrəl Özal:
    -Gərək sən dostunu evə buraxaydın.
    Turqut Özal:
    -Onda Türkiyəni itirərdim.
    Necə də möhtəşəm...
    Ümummilli liderimizin korrupsiya ilə bağlı bir sıra müdrik kəlamları var. Onlardan biri də odur ki, rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir. Bu sözlər onu deməyə əsas verir ki, vəzifəli şəxsin korrupsiya əməlləri nəticəsində qanunsuz əldə edilmiş əmlakın və qanunsuz əldə edilmiş imtiyazların və ya güzəştlərin dəyəri dövlətə çatmalıdır.
    Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlakın və qanunsuz əldə edilmiş imtiyazların və ya güzəştlərin dəyərinin könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallardan hesab edilir.
    Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina edərlərsə, onun dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.
    Qanunvericiliklə dövlətin nəfinə ödəmə mülki qaydada müvafiq dövlət orqanlarının iddiası əsasında və ya cinayət mühakimə icraatı qaydasında məhkəmə tərəfindən müsadirə yolu ilə həyata keçirilir.
    Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının 31-ci maddəsində qeyd olunur ki, tərəflər elə tədbirlər görməlidirlər ki, cinayət törədilərkən istifadə olunan və ya istifadə oluna biləcək cinayətdən əldə edilən gəlirlərin, əmlakın, avadanlıqların və digər vasitələrin müsadirəsini təmin etmək mümkün olsun.
    Konvensiyanın əsas müddəalarından biri də ondan ibarətdir ki, cinayətdən əldə edilən gəlir tam və ya qismən başqa əmlaka çevrilmişsə və ya dəyişdirilmişdirsə, göstərilən tələblər, yəni müsadirə həmin əmlak barəsində tətbiq olunur. 31-ci maddənin məqsədləri üçün iştirakçı dövlət öz məhkəmələrini və ya başqa səlahiyyətli orqanlarını müvəkkil edir ki, onlar bank, maliyyə və ya kommersiya sənədlərinin təqdim olunması və ya onların üzərinə həbs qoyulması barədə qərarlar versin. İştirakçı dövlət bank sirrinin qorunmasını əsas götürərək müvafiq tədbirlərin görülməsindən yayınmamalıdır.
    İrimiqyaslı korrupsiyadan əldə edilən gəlirlər bir çox hallarda inkişaf etmiş ölkələrin bank hesablarında saxlanılır. Həmin bankların korrupsiyaya uğramış mühasibləri, hüquqşünasları və onların rəhbərləri belə müştərilərə xidmət göstərərkən əlavə suallar verməməyə çalışırlar. Odur ki, məhkəmələr belə halları aşkar edərlərsə, beynəlxalq yardımdan istifadə edərək korrupsiya əməllərində təqsiri olan şəxslər barədə qəti tədbirlər görməli və oğurlanmış vəsaitlərin qaytarılması üçün ciddi addımlar atmalıdırlar.
    Hal-hazırda korrupsiya ilə mübarizə beynəlxalq xarakter almışdır. Dövlətlərarası iqtisadi əlaqələrin inkişafı, regional və dünya iqtisadi bazarında müstəqil təsərrüfat subyekti kimi dövlətlərin iştirak etmək hüququ korrupsiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılması zərurətini yaradır.
    Korrupsiyaya qarşı mübarizə aparmalı olan orqanlar elə fikirləşməməlidirlər ki, əgər korrupsiyadan əldə edilən gəlir respublikadan kənara çıxarılmışsa, onun qaytarılmasında kömək göstərən qüvvə yoxdur. Cəmiyyətimizdə elə fikir formalaşmışdır ki, məsələn, İsveçrə banklarında saxlanılan pul vəsaitləri nəinki geri qaytarılmır, hətta həmin vəsaitlərin bank sirri olduqca ciddi qorunur. Qeyd etmək lazımdır ki, pul vəsaitlərinin cinayət yolu ilə əldə edilməsi barədə məhkəmələrin əsaslandırılmış qanuni qərarları olduqda, hətta İsveçrə hökuməti özü həmin vəsaitlərin qaytarılması istiqamətində təşəbbüs göstərir.
    Bu fikrin davamı olaraq, ölkədə korrupsiya ilə mübarizədə Azərbaycanın hərtərəfli inkişafı üçün vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi başlıca şərt olmasını qeyd etmək yerinə düşərdi.
    Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı qeyd etmişdir ki, “korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.”. Daha sonra o, qeyd etmişdir ki, “Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər”.
    Elə buradaca 2026-cı il 25 may tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və 2026-cı il 5 iyun tarixdə qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında vaxtında qəbul edilmiş Azərbaycan Respublikasının Qanunlarını nümunə kimi misal gətirmək olar.
    Belə ki, korrupsiya ilə mübarizənin effektivliyi təkcə hüquqpozmaların aşkar edilməsindən və cəzalandırılmasından deyil, həm də həmin hüquqpozmalar barədə məlumat verməyə hazır olan şəxslərin hüquqi müdafiəsindən əhəmiyyətli dərəcədə asılıdır. Təcrübə göstərir ki, korrupsiya halları əksər hallarda məhz təşkilat daxilində çalışan şəxslərin məlumatları əsasında aşkar edilir. Lakin məlumat verən şəxslərin işdən çıxarılması, karyera imkanlarının məhdudlaşdırılması, mənfi attestasiyaya məruz qalması və digər qisas xarakterli tədbirlərlə üzləşməsi belə məlumatların verilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
    Məhz bu səbəbdən son illərdə beynəlxalq hüquq və milli qanunvericiliklərdə korrupsiya ilə bağlı məlumat verən şəxslərin (whistleblower) müdafiəsi korrupsiyaya qarşı mübarizənin mühüm institusional elementi kimi qəbul edilir. Azərbaycan Respublikasında qəbul edilmiş son qanunvericilik dəyişiklikləri də bu istiqamətdə yeni yanaşmanın formalaşdığını göstərir.
    Qəbul edilmiş dəyişikliklər üç əsas istiqaməti əhatə edir: məlumatların qəbul edilməsində institusional modelin tətbiqi; məlumat verən şəxslərin qisas tədbirlərindən müdafiəsinin gücləndirilməsi; sübut yükünün işəgötürənin üzərinə keçirilməsi.
    Əvvəlki hüquqi modeldə korrupsiya ilə bağlı məlumatların birbaşa rəhbərə təqdim edilməsi nəzərdə tutulurdu. Yeni yanaşmaya əsasən isə məlumatlar "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə) təqdim edilməlidir.
    Bu dəyişiklik təşkilat daxilində maraqlar toqquşmasının azaldılmasına və məlumat verən şəxslərin daha etibarlı müdafiə mexanizminin formalaşdırılmasına xidmət edir. Çünki bir çox hallarda korrupsiya ilə bağlı məlumatın predmeti olan şəxslər məhz təşkilatın rəhbər vəzifəli əməkdaşları ola bilir.
    Qanunvericilikdə diqqəti cəlb edən yeniliklərdən biri də korrupsiya ilə bağlı məlumat vermiş işçinin attestasiyası zamanı səlahiyyətli struktur bölmənin həmin prosesdə birbaşa və ya dolayı iştirakının qadağan edilməsidir.
    Bu yanaşma qisas tədbirlərinin yalnız formal intizam tənbehi və ya işdən azadetmə ilə məhdudlaşmadığını, onların peşəkar fəaliyyətin qiymətləndirilməsi və karyera imkanlarının məhdudlaşdırılması formasında da həyata keçirilə biləcəyini nəzərə alır.
    Bundan başqa, Əmək Məcəlləsinə edilən dəyişikliklə sübut yükünün işəgötürənin üzərinə keçirilməsi məlumat verən şəxslərin müdafiəsinin ən mühüm elementlərindən biri hesab edilə bilər. İşçi ona qarşı tətbiq edilmiş intizam tədbirinin qisas məqsədi daşıdığına dair əsaslandırılmış dəlillər təqdim etdikdə, həmin tədbirin qisas xarakterli olmadığını sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
    Bu yanaşma formal bərabərlikdən daha çox faktiki bərabərliyin təmin edilməsinə yönəlib. Çünki işçinin rəhbərliyin daxili motivlərini və qərarın əsl məqsədini sübut etməsi əksər hallarda praktiki olaraq mümkün olmur.
    Beynəlxalq təcrübə göstərir ki, məlumat verən şəxslərin müdafiəsi korrupsiyaya qarşı mübarizənin ayrılmaz elementinə çevrilib.
    Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş BMT-nin Korrupsiyaya qarşı Konvensiyası dövlətlərə korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi üçün müvafiq hüquqi mexanizmlərin yaradılmasını tövsiyə edir.
    Avropa İttifaqı tərəfindən qəbul edilmiş 23 oktyabr 2019-cu il tarixli, İttifaq hüququnun pozulması barədə məlumat verən şəxslərin müdafiəsinə dair (EU) 2019/1937 saylı Directiv məlumat verən şəxslərin müdafiəsini daha sistemli şəkildə tənzimləyir və aşağıdakı prinsipləri müəyyən edir: təhlükəsiz məlumatvermə kanalları; qisas tədbirlərinin qadağan olunması; sübut yükünün dəyişdirilməsi; məlumat verən şəxslərin konfidensiallığının təmin edilməsi; hüquqi və institusional müdafiə tədbirləri.
    Bir sıra Avropa dövlətlərinin qanunvericiliyində də məlumat verən şəxslərə qarşı tətbiq edilən tədbirlərin qisas xarakteri daşımadığını sübut etmək vəzifəsi işəgötürənin üzərinə qoyulur.
    Bu baxımdan Azərbaycan qanunvericiliyində qəbul edilmiş dəyişikliklər beynəlxalq meyllərlə ümumilikdə uyğunluq təşkil edir.
    Qanunvericilik dəyişiklikləri aşağıdakı müsbət nəticələrə səbəb ola bilər: korrupsiya barədə məlumat verməyə hazır olan şəxslərin sayının artması; təşkilat daxilində şəffaflığın yüksəlməsi; korrupsiya faktlarının daha erkən mərhələdə aşkar edilməsi; qisas xarakterli tədbirlərin məhdudlaşdırılması; dövlət qulluğunda və əmək münasibətlərində etimad mühitinin güclənməsi.
    Bununla yanaşı, mexanizmin effektivliyi onun normativ mətnindən daha çox praktik tətbiqindən asılı olacaqdır.
    Azərbaycan Respublikasında korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsinə dair qəbul edilmiş son qanunvericilik dəyişiklikləri korrupsiyaya qarşı mübarizənin institusional əsaslarının gücləndirilməsi istiqamətində mühüm addım hesab edilə bilər.
    Məlumatların qəbul edilməsində institusional modelə keçid, qisas tədbirlərinin qarşısının alınması və sübut yükünün işəgötürənin üzərinə keçirilməsi məlumat verən şəxslərin müdafiəsinin gücləndirilməsinə xidmət edir və beynəlxalq tendensiyalarla ümumilikdə uyğunluq təşkil edir.
    Bununla belə, bu mexanizmlərin real preventiv və institusional təsiri onların praktik tətbiqindən, xüsusilə də səlahiyyətli struktur bölmələrin müstəqilliyinin, etibarlılığının və fəaliyyətinin şəffaflığının təmin edilməsindən asılı olacaqdır.
    Ölkə başçısı daha sonra vurğulamışdır: “Azərbaycanda, ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir”. O, bu mübarizənin “heç vaxt dayanmayacağını”, cəza, inzibati və institusional tədbirlərin birlikdə aparılmalı olduğunu, 2011-ci ilin doqquz ayının yekunlarında isə bütün sistemin və maliyyə sisteminin şəffaflığının vacibliyini qeyd etmişdir.
    Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə ilə bağlı cənab İ. Əliyev bir daha vurğuladı ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Nəhayət, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı bir daha vurğulamışdır ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda vardır. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülübdür. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq-mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar. Eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır.”.
    Ölkə başçısı 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gözəl səmərə verdiyini bildirmişdi. Daha sonra, 2015-ci ilin noyabrında Şəki Məhkəmə Kompleksinin açılışında isə cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiya, rüşvətxorluq və qanunsuzluğa yol vermiş şəxslərin ciddi cəzalandırıldığını diqqətə çatdırmışdı.
    Quba “ASAN həyat” kompleksinin açılışında Prezident “ASAN xidmət”i korrupsiyaya və rüşvətxorluğa qarşı ən səmərəli vasitə adlandırmışdı və bunun sistem xarakterli, institusional tədbir olduğunu xüsusi qeyd etmişdi. 2019-cu ildə Şamaxı “ASAN Həyat” kompleksinin açılışında da “ASAN xidmət”in ictimai xidmətlər sahəsində böyük dəyişiklik yaratdığını və ictimai şüurda inqilabi dəyişikliklərə səbəb olduğunu vurğulamışdı.
    2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mərasimdə Prezident sovet məkanında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin ilk dəfə məhz Heydər Əliyevin dövründə başlandığını qeyd etmişdi. 2021-ci il “Azərbaycan 2030” Milli Prioritetlərində isə kölgə iqtisadiyyatının minimuma endirilməsi, şəffaflığın ən yüksək standartlara çatdırılması və korrupsiya ilə mübarizənin gücləndirilməsi ayrıca hədəf kimi göstərilir.
    Yəqin ki, dəyərli oxucular Li Kuan Yu-nun beş addımdan ibarət antikorrupsiya islahatındakı qanun qarşısında hamı bərabər olmalıdır prinsipinin İlham Əliyevin “hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir” deyiminin necə d oxşar olduğunu sezdilər.
    Bəli, xalq öz liderini dəstəkləyir, onun bu nəcib təşəbbüsünə qoşulur və ümidvarıq ki, bu mübarizə öz müsbət nəticəsini verəcəkdir. Buna heç kimin şübhəsi olmasın.
    Yuxarıda qeyd edilənlərdən də görünür ki, ölkə başçısı korrupsiyaya qarşı mübarizəni özünün prioritet vəzifələrindən biri hesab edir. Milli Fəaliyyət Planının əsas və vacib müddəalarından biri odur ki, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.
    Bir çox əhəmiyyətli məqamları əhatə edən həmin sənədə əsasən, ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və şəffaflığın artırılması bu sənədin əsas hədəflərindəndir.
    Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
    Beynəlxalq təcrübədə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi (asset and income declaration/financial disclosure) korrupsiyaya qarşı mübarizənin əsas institusional mexanizmlərindən biri hesab olunur. Müasir yanaşmada bu institut yalnız gəlir və əmlakın bəyan edilməsi ilə məhdudlaşmır, o, maraqlar toqquşmasının qarşısının alınması, qanunsuz varlanmanın aşkarlanması, ictimai etimadın qorunması və dövlət idarəçiliyində şəffaflığın təmin olunması məqsədlərinə xidmət edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, BMT-nin Korrupsiyaya qarşı Konvensiyası, Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və digər beynəlxalq təşkilatlar bu mexanizmi müasir antikorrupsiya siyasətinin əsas elementlərindən biri kimi qiymətləndirirlər.
    Bir çox ölkələrin təcrübəsi göstərir ki, korrupsiyaya qarşı mübarizənin ən mühüm institusional mexanizmlərindən biri vəzifəli şəxslərin gəlirləri, əmlakı, maliyyə öhdəlikləri və maraqlarının bəyan edilməsidir. Müasir beynəlxalq yanaşmaya görə, bu institut yalnız gəlir və əmlakın bəyan edilməsi ilə məhdudlaşmır, o, maraqlar toqquşmasının qarşısının alınması, qanunsuz varlanmanın aşkarlanması, ictimai etimadın qorunması və dövlət idarəçiliyində şəffaflığın təmin olunması məqsədlərinə xidmət edir.
    BMT-nin Korrupsiyaya qarşı Konvensiyası, OECD-nin tövsiyələri, habelə GRECO-nun qiymətləndirmə sənədlərində dövlət qulluqçularının maliyyə və əmlak vəziyyəti barədə məlumat verməsi şəffaflığın və ictimai etimadın əsas elementlərindən biri kimi təqdim olunur. Beynəlxalq təcrübədə bu sistemlər, bir qayda olaraq, vəzifəli şəxsin gəlirləri, daşınar və daşınmaz əmlakı, bank hesabları, qiymətli kağızları, kommersiya fəaliyyətində iştirakı, habelə ailə üzvlərinin maliyyə maraqları barədə məlumatların təqdim edilməsini nəzərdə tutur.
    BMT-nin 2003-cü il tarixli Korrupsiyaya qarşı Konvensiyasının 8-ci maddəsində dövlətlərə tövsiyə olunur ki, dövlət qulluqçularının xarici fəaliyyəti, investisiyaları, aktivləri, hədiyyələri və maraqlar toqquşmasına səbəb ola biləcək digər maliyyə göstəriciləri barədə məlumat təqdim etməsini nəzərdə tutan mexanizmlər yaradılsın. Konvensiyanın 52-ci maddəsində isə “effektiv maliyyə açıqlama sistemləri”nin yaradılması ayrıca vurğulanır və bu məlumatların yoxlanılması, habelə pozuntulara görə sanksiyaların tətbiqi tövsiyə edilir.
    OECD-nin “Asset Declarations for Public Officials: A Tool to Prevent Corruption” (Vəzifəli şəxslərin əmlak və maliyyə bəyannamələri: korrupsiyanın qarşısının alınmasının mühüm vasitəsi) adlı fundamental araşdırmasında qeyd olunur ki, hazırda dünyanın əksər ölkələrində vəzifəli şəxslər üçün müəyyən formada maliyyə açıqlama sistemi mövcuddur. Bu sistemlər müxtəlif olsa da, onların əsas elementləri demək olar ki, oxşardır - hansı şəxslərin bəyannamə təqdim etməsi, hansı məlumatların açıqlanması, məlumatların yoxlanılması mexanizmi, ictimai açıqlıq səviyyəsi və pozuntulara görə məsuliyyət tədbirləri.
    Beynəlxalq təcrübədə adətən aşağıdakı məlumatların açıqlanması tələb olunur: daşınmaz əmlak, bank hesabları və depozitlər, səhmlər və kommersiya iştirak payları, qiymətli əşyalar, gəlirlər və əlavə qazanc mənbələri, kredit və maliyyə öhdəlikləri, ailə üzvlərinin müəyyən maliyyə maraqları, bahalı hədiyyələr və sponsorluqlar və biznes fəaliyyəti və kənar kommersiya maraqları.
    ABŞ-da bu sistem xüsusilə Watergate qalmaqalından sonra gücləndirilmişdir. 1978-ci ildə qəbul edilmiş “Ethics in Government Act” (Etik Davranış Kodeksi) yüksək vəzifəli federal məmurların maliyyə məlumatlarının açıqlamasını məcburi etmişdir. ABŞ-da isə Konqres, Nümayəndələr Palatasının üzvləri və yüksək vəzifəli dövlət qulluqçuları maliyyə maraqları barədə mütəmadi hesabat təqdim etməyə borcludurlar və bu məlumatların əhəmiyyətli hissəsi açıq mənbələrdə yerləşdirilir. ABŞ modelində əsas məqsəd maraqlar toqquşmasının qarşısını almaq və dövlət qərarlarının şəxsi kommersiya maraqları ilə əlaqəsini minimuma endirməkdir. Bir sıra hallarda bu məlumatlar ictimaiyyət üçün açıq olur.

    davamı var




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ