Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” keçirilib

    Keçən həftə Bakıda İCMA-nın təşkilatçılığı ilə I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, 3–4 iyul tarixlərində keçirilən konqresdə 10 ölkədən səhiyyə menecmenti üzrə mütəxəssislər bir araya gələrək səhiyyə idarəçiliyi, beynəlxalq əməkdaşlıq və müasir idarəetmə yanaşmaları ətrafında fikir mübadiləsi aparıblar. Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Səhiyyə Naziri də iştirak etmişdir.

    Tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovdan sitat: "Bu gün burada müxtəlif ölkələri, fərqli səhiyyə sistemlərini və zəngin peşəkar təcrübəni təmsil edən mütəxəssislərin bir araya gəlməsi təkcə elmi hadisə deyil, həm də xalqlar arasında etimadın, əməkdaşlığın və ortaq məsuliyyət hissinin gözəl nümunəsidir.

    Müasir dünyada səhiyyə artıq yalnız bir ölkənin daxili məsələsi deyil. Pandemiyalar, iqlim dəyişiklikləri, əhalinin yaşlanması, qeyri-infeksion xəstəliklərin artması və yeni texnologiyaların sürətli inkişafı göstərir ki, sağlam gələcəyi yalnız birlikdə düşünmək və birlikdə qurmaq mümkündür.

    Bu baxımdan belə beynəlxalq platformalar sadəcə elmi bilik mübadiləsi üçün deyil, həm də yeni tərəfdaşlıqların qurulması, uğurlu təcrübələrin paylaşılması və səhiyyənin gələcəyinə dair ortaq baxışın formalaşdırılması üçün xüsusi əhəmiyyət daşıyır.

    Azərbaycan son illərdə səhiyyə sisteminin modernləşdirilməsi, tibbi təhsilin inkişafı, rəqəmsal həllərin tətbiqi və İcbari Tibbi Sığorta modelinin genişləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Bununla yanaşı, biz inanırıq ki, hər bir uğurlu milli model beynəlxalq əməkdaşlıqdan, qarşılıqlı öyrənmədən və elmi dialoqdan qidalanmalıdır.

    Bu gün burada dost və qardaş ölkələrdən, eləcə də dünyanın müxtəlif regionlarından gəlmiş dəyərli qonaqların iştirakı konqresimizin beynəlxalq nüfuzunun göstəricisidir. Xüsusilə konqresin beynəlxalq həmsədri, Şimali Kipr Türk Cümhuriyyətinin hörmətli səhiyyə nazirinə və bütün xarici nümayəndə heyətlərinə iştiraklarına görə xüsusi təşəkkürümü bildirirəm.

    Əminəm ki, qarşıdakı iki gün ərzində aparılacaq müzakirələr, təqdim olunacaq elmi məruzələr və bölüşüləcək təcrübələr səhiyyə menecmentinin daha müasir, daha səmərəli və daha insan mərkəzli modelinin formalaşmasına mühüm töhfə verəcəkdir."

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ