Assosiasiyadan verilən məlumata görə, Mingəçevir şəhərində keçirilən düşərgənin ikinci tədris günündə iştirakçılar proqram üzrə formalaşdırılan “Blue Team” (Azərbaycan dilində tədris) və “Red Team” (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin əsas istiqamətlərini əhatə edən nəzəri və praktiki məşğələlərə qatılıblar.
İkinci günün proqramı çərçivəsində hər iki qrup üçün “Şəbəkə təhlükəsizliyi” (Network Security), “Veb tətbiqlərinin təhlükəsizliyi” (Web Application Security), “Kibertəhlükəsizlik məqsədli skript yazılması” (Scripting for Security) və “Əməliyyat sistemlərinin təhlükəsizliyi” (Operating System Security) mövzuları üzrə təlimlər davam etdirilib.
Təlimlər AKTA-nın platin üzvü olan “Azercell Telekom” MMC-nin kibertəhlükəsizlik mühəndisi Səfərəli Səfərli və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Təlimlər zamanı iştirakçılar şəbəkələrin təhlükəsizliyinin təmin olunması prinsipləri, veb tətbiqlərində rast gəlinən təhlükəsizlik boşluqları və onların aradan qaldırılması üsulları, kibertəhlükəsizlik məqsədli skriptlərin hazırlanması, eləcə də əməliyyat sistemlərinin təhlükəsizliyinin təmin edilməsinə dair nəzəri biliklər əldə edib, praktiki tapşırıqları yerinə yetirərək mövzular üzrə bacarıqlarını inkişaf etdiriblər.
Günün sonunda iştirakçıların təlim müddətində əldə etdikləri biliklərin qiymətləndirilməsi və möhkəmləndirilməsi məqsədilə interaktiv viktorina təşkil olunub.
Qeyd edək ki, iyulun 6-dan 11-dək keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir.
Düşərgə çərçivəsində növbəti günlərdə də kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlər, komanda tapşırıqları, kiber yarışlar və digər inkişafyönümlü fəaliyyətlər davam etdiriləcək.
