Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyinə görə, Ukraynada SOCAR-ın infrastrukturuna, eləcə də Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı həyata keçirilən hücumların ardıcıl xarakter alması onların təsadüfi olmadığını və müəyyən məqsədə xidmət etdiyini göstərən ciddi suallar doğurur. Rəsmi Bakı bu cür addımların beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu vurğulayaraq, mülki obyektlərin və diplomatik missiyaların toxunulmazlığının təmin edilməsinin dövlətlərin əsas öhdəliklərindən biri olduğunu xatırladıb.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynada SOCAR-a məxsus mülki obyektlərin Rusiya silahlı qüvvələri tərəfindən hədəfə alınması ilk növbədə beynəlxalq hüququn pozulmasıdır və Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya etiraz notası təqdim etməsi tamamilə doğru addımdır.
Deputatın sözlərinə görə, bu, ilk belə hadisə deyil:
"Qroznı üzərində AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasının yaratdığı fəsadlar hələ tam aradan qalxmamış, Ukraynada baş verən bu hadisə ölkələrimiz arasında etimadsızlıq mühitini daha da gücləndirir. Bu cür addımlar Rusiya ilə Azərbaycan arasında formalaşmış müttəfiqlik münasibətlərinə ciddi zərər vurur.
Rusiya səfirinə təqdim olunmuş etiraz notası xəbərdarlıq xarakteri daşıyır. Hesab edirəm ki, Rusiya tərəfi gələcək fəaliyyətində bu notada əks olunan tələbləri və iradları nəzərə alacaq.
Analoji insidentlərin təkrarlanması iki ölkə arasında gərginliyin daha da artmasına səbəb ola bilər. Belə bir vəziyyətdə Azərbaycanın müvafiq siyasi və iqtisadi tədbirlər görəcəyi şübhə doğurmur", – deyə deputat bildirib.
