Sizin reklam burada
Sizin reklam burada
  • Fermerlər və aqronomlar maarifləndirilirlər

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ və Dağlıq Şirvan regional bölmələri tərəfindən bitki sağlamlığının qorunması, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi məqsədilə fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər təşkil olunub.

    Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Bildirilib ki, "Bitki mühafizə vasitələrindən və pestisidlərdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı" çərçivəsində Dağlıq Şirvan regional bölməsində keçirilən tədbirdə Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından ümumilikdə 52 fermer iştirak edib. Eyni zamanda, Tərtər rayonunda fəaliyyət göstərən meyvə bağlarında da aqronomların, bağ və təsərrüfat rəhbərlərinin, eləcə də mövsümi işçilərin iştirakı ilə görüşlər olub.

    Tədbirlər zamanı iştirakçılara pestisidlərin və digər aqrokimyəvi maddələrin düzgün seçilməsi və tətbiqi, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmasının vacibliyi, kimyəvi preparatların yalnız təyinatı üzrə və müəyyən edilmiş norma və qaydalara uyğun istifadəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Pestisidlərin normadan artıq tətbiqinin insan sağlamlığı, ətraf mühit, torpaq və su ehtiyatları, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi üçün ciddi risklər yarada biləcəyi diqqətə çatdırılıb.

    Mütəxəssislər tərəfindən kimyəvi maddələrdən istifadə edilərkən təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi, bioloji mübarizə üsullarının üstünlükləri və əhəmiyyəti izah edilib. Əkin sahələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi bildirilib. Bununla yanaşı, regionlarda yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən gavalının cibcibə virusu, qonur monilioz çürümə, qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, profilaktik və mübarizə tədbirləri barədə geniş məlumat verilib.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici çap materialları paylanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ