Sizin reklam burada
Sizin reklam burada
  • Sözünün sahibi və yaxud Şuşa fatehinin Şərəf Yolu

    Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi minlərlə qəhrəman gəncin rəşadəti sayəsində Zəfərlə başa çatdı. Bu tarixin canlı şahidlərindən və bu tarixi yazanlardan biri də ürəyi vətən eşqilə döyünən, verdiyi sözü Şuşa zirvəsində tutan veteran Hüseynzadə İsmayıl Hüseyn oğludur.
    Haşiyə: İsmayıl Hüseynzadə 1993-cü ildə Bakı şəhərində ziyalı bir ailədə anadan olub. İlk təhsil illərindən intizamı və çalışqanlığı ilə seçilən İsmayıl orta məktəbi yaxşı qiymətlərlə bitirərək, qardaş Türkiyənin nüfuzlu Qaziantel Universitetinə daxil olur. Təhsilini uğurla başa vurduqdan sonra 2016-cı ildə doğma Bakıya qayıdır. Lakin onun üçün diplomdan daha önəmli bir vəzifə var idi – Vətənə olan oğulluq borcunu ödəmək. 2017-2018-ci illərdə Goranboy rayonundakı "N" saylı hərbi hissədə xidmət edən İsmayıl, burada hərbi işin sirlərini dərindən mənimsəyir. 2019-cu ildən etibarən isə öz ixtisası üzrə mülki fəaliyyətinə başlayır. Türkiyə də oxuduğu vaxt bir professorun kinayəli sözü İsmayılın xatirələrində bir məqam olaraq döyüş əzmini hələ illər öncə formalaşdırmışdı. Türkiyədə oxuduğu illərdə bir türk professorun ona verdiyi sual qəlbinə toxunmuşdu: "Hardansan?" Azərbaycanlı olduğunu öyrənən professor kinayə ilə: "Torpaqlarınız işğal altındadır, siz gənclər isə burada oxuyursunuz" - deyir. İsmayıl o an böyük bir qətiyyətlə cavab verir: "İnşallah, yaxın vaxtlarda torpaqlarımızı azad edəcəyik". Professorun o zamankı kinayəli gülüşü İsmayılın yaddaşına bir and kimi həkk olunur. Müqəddəs Yalan, "Ana, Təlimdəyəm..."27 sentyabr 2020-ci ildə mənfur düşmən təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatı İsmayıl üçün gözlənilən anın gəldiyini xəbər verir. O, tərəddüd etmədən könüllü olaraq hərbi komissarlığa üz tutur, lakin evdə onu çətin bir imtahan gözləyirdi. Anası uzun müddət idi ki, dializ xəstəsi idi və müalicə alırdı. Onu narahat etməmək üçün İsmayıl ömründə ilk dəfə valideynlərinə "yalan" deməli olur. Sumqayıt yaxınlığında təlimə getdiyini söyləyərək cəbhəyə yollanır. O, ön xətdə odun-alovun içində olanda belə, anası zəng edəndə başını dik tutub: "Ana, narahat olma, hələ ki təlimdəyik" - deyirdi.
    İsmayılın hələ orta məktəbdə oxuduğu illərdən sədaqətli dostları vardı. O, cəbhəyə getməmişdən bir neçə gün əvvəl onlara demişdi ki, anama bildirməyin ki, mən cəbhəyə getmişəm. Nə zaman soruşsa deyin ki, Sumqayıtda təlimdədir.
    Onlar tez-tez gəlib Bəstı xanıma baş çəkir, hal - əhvalını soruşurlar.
    İsmayılın yoxluğunda onun ailəsinə, xüsusilə də xəstə anasına bu cür sahib çıxan dostlar əslində qardaş deməkdir. Onun cəbhədə olduğu vaxtlarda dostlarının göstərdiyi bu vəfalılıq İsmayılın qazandığı ən böyük mənəvi qələbələrdən biridir. Bəsti xanımın "İsmayılın etibarlı qardaşları var" deməsi bir ana üçün ən böyük təsəlli və arxadır.
    "Komandiri baş leytenant Asəf Ağayev çox mehriban, istiqanlı bir zabit idi. Füzuli - Xocavənd istiqamətində döyüşürdük. O, əsgərlərdən bir neçəsini yanına çağırıb dedi ki, İsmayıl, Rza, Elvin, Kamal, Ayxan, Kamil, Samir,Anar hava hücumlarından müdafiə sistemlərini hazır vəziyyətə gətirin. Qəfildən ermənilər bizə atəş açdılar. Hərə bir yerə daldalanıb döyüş mövqeyi tutdu. Samir baş leytenant Asəfə dedi ki, İsmayıl nəsə etmək istəyir.
    -Komandir icazə verin onların atəş nöqtəsini susdurum. Artıq mən onların yerini müəyyən etmişəm. İsmayıl həmin yerə minaatanla atəş açır. İsmayılın göstərdiyi bu cəsarət və peşəkarlıq döyüşün taleyini dəyişir. Düşmən atəşi altında yerini müəyyən edib, qorxmadan irəli atılması onun həm mahir bir atıcı, həm də soyuqqanlı bir döyüşçü olduğunu göstərirdi. Komandiri Asəf Ağayevin ətrafındakı o mehriban mühit, əslində bu cür çətin anlarda bir-birinə güvənən vahid bir komandanlıq altında birləşməsi, İsmayılın "icazə verin komandir onları susdurum" deməsi, onun öz canından çox yoldaşlarını qorumaq istəyindən xəbər verir. Düşmən mövqeyi həmin atəşdən sonra tamamilə susdurulur. İsmayılın dəqiq və vaxtında açdığı o atəş, görünür, həmin ağır məqamda bütün bölüyün xilaskarı olub. Bir minaatan atəşi ilə düşmənin atəş nöqtəsini susdurmaq və onlara ağır itki vermək yüksək hərbi hazırlıq tələb edir. Onun bu qəhrəmanlığı yoldaşlarının döyüş ruhunu daha da yüksəltmişdir. Belə anlar əsgər yoldaşları arasında ömürlük unudulmayan xatirələrə çevrilir.
    İsmayılın döyüş yolu Suqovuşanın azad edilməsi ilə başlayır. Daha sonra Füzuli, Cəbrayıl, Hadrutun keçilməz meşələri və sıldırım qayalıqlarından keçərək Azərbaycanın döyünən ürəyi olan Şuşaya qədər ucalır. O, noyabrın 11-də – Zəfərdən dərhal sonra anasına zəng edərək ilk dəfə həqiqəti deyir: "Ana, mən Şuşadayam ! "Şuşa azad edildikdən sonra İsmayıl illər öncə ona kinayə ilə gülən professorunu unutmur. Şuşanın uca zirvəsindən ona zəng edərək qürurla deyir: "Mən sözümə əməl etdim, torpaqlarımızı azad etdik!"
    Noyabrın sonuna qədər Şuşada xidmət edən İsmayıl, daha sonra biriqadası ilə birlikdə Cəbrayıl rayonuna göndərilir. Ali Baş Komandanın əmri ilə ehtiyata buraxılan İsmayıl Hüseynzadənin göstərdiyi şücaətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
    İsmayıl Hüseynzadə kimi igid oğullar bir daha sübut etdilər ki, Azərbaycan gəncliyi təkcə elmdə deyil, döyüş meydanında sözünü deməyə qadirdi. Bu gün o, həm bir mütəxəssis, həm də qalib ordunun qalib əsgəri kimi Vətənə xidmət eləyir.

    Hüseyn İsaoğlu,
    yazıçı-publisist,
    AYB-nin və AJB-nin üzvü.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ