Sizin reklam burada
Sizin reklam burada
  • Fədakar tibb bacısı

    Baxşıyeva Yeganə İmaməli qızı əmək fəaliyyətinə 19 yaşından etibarən Xəzər Rayon Mərkəzi Xəstəxanasında başlamışdır. Peşə fəaliyyətinin ilk illərində sahə tibb bacısı, onkoloqun tibb bacısı, daha sonra isə manipulyasiya otağının tibb bacısı vəzifələrində çalışmışdır. Uzun illərin təcrübəsi, peşəkarlığı və məsuliyyətli fəaliyyəti nəticəsində hazırda poliklinikanın böyük tibb bacısı vəzifəsində çalışır.

    Yeganə xanım işinə hər zaman böyük sevgi və məsuliyyətlə yanaşmış, insanların sağlamlığının keşiyində dayanmışdır. Fəal və nümunəvi səhiyyə işçisi kimi Xəzər rayonunun sakinləri arasında böyük hörmət və nüfuz qazanmışdır. O, müraciət edən hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşaraq, əlindən gələn köməkliyi göstərməyə çalışır. Kənd mühitində böyüyüb boya-başa çatdığı üçün insanların problemlərini daha yaxşı anlayır və onların ehtiyaclarına həssaslıqla yanaşır. COVID-19 pandemiyasının ən ağır günlərində Yeganə xanım fədakarlıqla çalışaraq gecə-gündüz demədən xəstələrin xidmətində olmuş, onların sağlamlıqlarının qorunması üçün bütün bilik və bacarığını səfərbər etmişdir.

    Həmçinin 44 günlük Vətən müharibəsi dövründə də öz peşə borcunu yüksək səviyyədə yerinə yetirmişdir. Həmin çətin günlərdə o, böyük əzmkarlıq göstərərək yorulmadan çalışmış, səhiyyə xidmətinin fasiləsiz təşkilinə töhfə vermişdir. Elə günlər olmuşdur ki, gündüz saatlarında Xəzər Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərmiş, axşam və gecə növbələrində isə hava limanında xidmət etmişdir. Yeganə xanım uzunmüddətli fəaliyyəti ərzində Mərdəkan, Şağan, Qala və Şüvəlan qəsəbələrinin sakinləri arasında da böyük hörmət və rəğbət qazanmışdır. Onun insanlara olan qayğıkeş münasibəti, peşəkarlığı və fədakarlığı hər zaman yüksək qiymətləndirilmişdir.

    Bu gün də Baxşıyeva Yeganə İmaməli qızı səhiyyə sahəsində öz şərəfli fəaliyyətini davam etdirərək insanların sağlamlığı naminə yorulmadan çalışır və cəmiyyətə dəyərli xidmət göstərir. Yeganə xanıma fəaliyyətində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayıram. Uzun illər ərzində göstərdiyi fədakar xidmət, xüsusilə pandemiya və müharibə dövründəki əzmkarlığı böyük hörmətə layiqdir.

    Quliyev Əsgər Əli oğlu

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ