Bu barədə “İşıqlı planetin sakinləri” sərgisinin müəllifi Zeynəb Babayeva AZƏRTAC-ın müxbirinə bildirib.
Gənc rəssamın sözlərinə görə, kolleksiya üzərində iş təxminən iki ay çəkib. O, parlaq rənglərdən, qeyri-adi obrazlardan və mehribanlıq, istilik və müsbət emosiyalarla dolu öz fantaziya dünyasını yaratmaq istəyindən ilhamlanıb.
“Bu layihə mənim üçün xüsusi təcrübəyə çevrildi. Əvvəllər heç vaxt belə qısa müddətdə bu qədər əsər yaratmamışdım. Cəmi bir ay ərzində iyirmidən çox oyuncaq düzəltdim. Bu, mənə həm bacarıqlarımı təkmilləşdirməyə, həm də öz gücümə inanmağa kömək etdi”, - deyə o qeyd edib.
Z.Babayeva, həmçinin sənətkar olmaq istəyənlərlə məsləhətlərini də bölüşüb. Onun fikrincə, daim öyrənmək, ilham mənbəyi axtarmaq və yaradıcı təcrübələrdən qorxmamaq vacibdir.
“Digər rəssamların və sənətkarların işlərini öyrənmək, müxtəlif texnikalarla tanış olmaq və yaradıcılıq prosesini müşahidə etmək çox faydalıdır. Başqalarının necə işlədiyini görəndə, yeni ideyalar və daha da inkişaf etmək istəyi yaranır. Əlbəttə, yüksəkkeyfiyyətli materiallar zəruri olsa da, təcrübə ən vacib amil olaraq qalır. Yalnız təcrübə, əzmkarlıq və daim öz üzərində işləmək sənəti təkmilləşdirməyə və öz yaradıcı üslubunu tapmağa kömək edir”, - deyə sərginin müəllifi vurğulayıb.
