Sizin reklam burada
Sizin reklam burada
  • Uşaq bayramında özümə 11 yaşlı dost tapdım

    Bu, Yevlaxdan gəlmiş eşitmə əngəlli Ülvı Cabbarzadə idi
    Həmin gün mənim üçün sözün həqiqi mənasında unudulmaz anlarla yadda qaldı. Birinci ona görə ki, o gün – yəni 2026-cı il iyunun 1-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən tədbirin birinci hissəsində nəvəm Şəms Qaçaylı həm qiraətçi kimi iştirak edirdi, həm də təşkil olunmuş sərgidə onun da əl işi var idi. Şəmsin əsərinə diqqətlə baxdım və fantaziyasına sevindim.
    Tədbir unudulmaz sənətkarımız Yalçın Rzazadənin “Bənövşə” uşaq xorunun müşayiəti ilə oxuduğu “Xoşbəxt olsun uşaqlar” mahnısının sədaları ilə başlandı. Xatırladım ki, mərhum bəstəkar Emin Sabitoğlunun şair Şəkər Aslanın sözlərinə yazdığı həmin mahnı hər il iyunun 1-də ölkəmizin bütün məktəb və bağçalarında səsləndirilir.
    Qərəz, Şəms bayram münasibətiylə keçirilən musiqi və rəssamlıq müsabiqəsində fəal iştirakına görə Dğvlət Filarmoniyası rəhbərinin imzası ilə ( uşaq filarmoniyası Akademik Dövlət Filarmoniyasının strukturlarındandır) sertifikata layiq görülənlar arasında idi. Çox sevinirdi.
    Tədbirdə məni daha çox məmnun edən isə Yevlaxdan gəlmiş 11 yaşlı Ülvi Xaqani oğlu Cabbarzadənin açdığı satış-sərgi oldu. Daha doğrusu mən bir yazı masası boyda olan “sərgi”də nümayiş etdirilən və satılan əl işlərini onun özünün hazırladığına inana bilmədim. Özündən soruşmaq istəyəndə isə... Məlum oldu ki, Ülvi ən ağır dərəcəli eşitmə əngəli ilə dünyaya gəlibmiş. Ancaq onun hazırladığı əl işləri sözün həqiqi mənasında dəyərli sənət nümunələri idi.
    Həyatda nikbin yaşamağa ehtiyacı olan əngəlli cocuqlara nümunə kimi göstərilə biləcək Ülviyə “Sən artıq mənim dostumsan!” – dedim. Fikirlərimi atası ona öz dilində başa saldı. Sən demə, dost sözü onların ünsiyyətində hər iki əlin şəhadət barmağının bir-birinə qovuşmasını göstərməklə ifadə olunurmuş.
    Ülvinin hazırladığı bilərziklərdən birini ( üç manata satırdı) Şəms üçün aldım. Həmin an elə bildim ki, əngəlli uşaqların hamısını gələcək uğurlara ruhlandırmışam.
    Allah köməyin olsun, gənc və yeni dostum. Uşaq bayramın mübarək.
    Bu qəbildən olan tədbirləri təşkil edən bütün qurumlara, təbii ki, başda Uşaq Filarmoniyası olmaqla, təşəkkür edirəm. Var olun.

    İttifaq MİRZƏBƏYLİ,
    Əməkdar jurnalist


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ