Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin velosiped və skuter idarə edənlərə müraciətində bildirilir. “Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək də Qanunla qadağandır. Həmçinin yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Təhlükəsizliyin əsas şərti məsuliyyətdir. Yollarda qaydalara uyğun hərəkət etmək, məsələyə məsuliyyətlə yanaşmaq hər kəsin təhlükəsizliyi üçün vacibdir”, - deyə müraciətdə qeyd olunur.
